Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / İlham Əliyev: “Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”

İlham Əliyev: “Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”

“Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib”.

Virtualaz.org-un məlumatına görə, bunu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

Dövlət başçısı deyib ki, təmas xəttində yerləşən mövqelərimizə hücum olub, yaxınlıqdakı yaşayış məntəqələri atəşə tutulub: “Bu silahlı təxribat nəticəsində itkilərimiz olub, hərbçilərimiz və mülki şəxslərimiz həlak olub”.

Prezident həlak olanların qohumlarına səbr arzulayıb, yaralananlara şəfa diləyib:“Nazirlər Kabinetinə həlak olanların ailələrinə maddi yardımlar göstərmək üçün təkliflər hazırlamağı tapşırıram, Müdafiə Nazirliyi isə döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş hərbçiləri təltif etmək üçün mənə təkliflər təqdim etsin”.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın bu cür təxribatlara əl atması ilk dəfə deyil:“Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində Qazax istiqamətində oxşar təxribat törədilib. Mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkib və bu hücum nəticəsində 2 hərbçimiz həlak olmuşdu. Düşmənə layiqli cavab verilib, düşmən yerinə oturdulub”.

Prezident bildirib ki, bu təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür: “Bu təxribat ordumuz tərəfindən layiqincə cavablandırıldı”.

Dövlət başçısı deyib ki, düşmənə böyük zərbələr vurulub, düşmən böyük itkilər verib: “Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu. Bununla bərabər, qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi.

Bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq, düşmənə layiqli cavab veriləcək. Azərbaycan ordusu buna qadirdir, Azərbaycan övladları öz doğma torpaqlarını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi ürəyimizdə əbədi yaşayacaq”.

İ.Əliyev bildirib ki, bu təxribatın səbəbləri ona məlumdur: “Ermənistanın bu hərəkətlərinin səbəbi mənim üçün sirr deyil. Dəfələrlə həm Azərbaycan ictimaiytəinə, həm bu məsələlərlə bağlı vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim”.

Dövlət başçısı deyib ki, Ermənistan sülh, işğal etdiyi torpaqlardan çəkilmək istəmir: “Ermənistan bütün səylərini ona yönəldib ki, maksimum status-kvonu saxlaya bilsin. Bunun kifayət qədər çox sübutları var. Danışıqlar prosesi 20 ildən çoxdur ki, aparılır.

Bu 20 il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atır, daim təmas xəttində Ermənistan tərəfdən gərginlik yaradılır. Eyni zamanda keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan anlaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.

2014-cü ildə Fransa prezidenti Fransua Olland Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmişdi və görüş çox konstruktiv şəraitdə keçmişdi. Görüşün nəticəsi ümidverici idi. Görüşdə eyni zamanda təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi barədə danışırdıq. Ancaq o görüşdən 2 həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda, Ağdam rayonunun ərazisində özlərinin dediyi kimi, 48 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməyə başlamışdı. Bu, sırf təxribat xarakterli bir addım idi. Xüsusilə Parisdə uğurlu sayılan görüşdən sonra bunun nə mənası vardı?! Bir neçə gün Azərbaycan özünü çox təmkinli apardı, mən də göstəriş vermişdim ki, təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmış, mövqelərimizə hücum çəkmişdi, hərbi helikopterləri işə salmışdı.

Azərbaycan ordusu da hərbi helikopterlərdən birini məhv etmişdi. Bu, Ermənistana lazım idi. Ermənistana lazım idi ki, desinlər, Azərbaycan atəşkəsi pozur, özünü aqressiv aparır. Son təxribat da eyni məzmunludur. Yenə də mövqelərimizə hücum çəkirlər, əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra da Azərbaycan ordusu onların başını əzir. İndi isə dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, sadəcə, təxribata layiqli cavab vermişik”.

Prezident İlham Əliyev bildirib ki, nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan ordusu bundan sonra da onları cəzalandıracaq.

Prezident daha sonra deyib: “Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Əfsuslar olsun ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir. Bu bəyanatlar ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa dövlətlərinin başçıları dəfələrlə bildirmişlər: status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır.

Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin. Onlar özlərini danışıqlar masası arxasında qeyri-səmimi aparırlar. Bu yaxınlarda Rusiya pezidenti və Rusiyanın xarici işlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürmüşlər. Biz bunu alqışlayırıq. Həm görüş əsnasında və rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz fikirlərini bildirmişlər.

Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilmişdir. Görüşlər onu göstərir ki, Amerika tərəfi münaqişənin tezliklə həll olunması üçün çox maraqlıdır. Bilirəm ki, Ermənistan rəhbərinə də müəyyən siqnallar, mesajlar verilmişdir. Yəni, son vaxtlar həmsədrlər, onların dövlətlərinin başçıları çalışırlar ki, məsələ həll olunsun. Nüvə Sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur. Bundan istifadə etməyə çalışır ki, Azərbaycanı günahlandırsın.

Onların sərəncamında olan satqın kütləvi informasiya vasitələri, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. Əgər indi bəzi ölkələrin mətbuatına nəzər salsanız, görərsiniz ki, birtərəfli məlumat gedir. Azərbaycan ittiham olunur. Döyüşlərlə bağlı təhrif edilmiş məlumatlar verilir.

Ermənistan ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdiyimə görə, Ermənistan rəhbəri ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın onu göstərir ki, bunlar sadəcə olaraq öz xalqını aldatmaq istəyirlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan – diaspor təşkilatlarından, müxtəlif ölkələrdə onların agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün günahı Azərbaycanın boynuna qoysun”.

İlham Əliyev bildirib ki, bizim heç bir günahımız yoxdur: “Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.

Ermənistan bütün beynəlxalq normaları pozubdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi vəhşi kimi dağıdıb. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş torpaqlarda iki dəfə olmuşdur. Onların məlumatları bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb. Bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!”.

Prezident bir daha vurğulayıb ki, biz öz haqqımızı tələb edirik: “Biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik”

 

Həmçinin oxuyun

Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək …

Bir cavab yazın