Məlum olduğu kimi, MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.
Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Prezident İlham Əliyev Belarus prezidentindən xahiş edib ki, ona danışmaq üçün imkan versin. Belarus prezidentinin razılığından sonra çıxış edən İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verib: “Ermənistan prezidentinin sözlərinə şərh verməyi özümə borc bildim. Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə, bunu şərh etməyi özümə borc saydım.
Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, – bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, – sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu.
Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayır. Ali beynəlxalq struktur var – BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir.
Biz sülh prosesinə sadiqik. Biz konstruktiv işləyirik. Minsk Qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərərçəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən, Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim”.
Qeyd edək ki, İlham Əliyevin Serj Sarkisyanı susdurması erməni mediasında rezonansa səbəb olub. Məsələ ilə bağlı “armenianreport” sayında Qraçya Qalustyan imzası ilə yayılan məqalədə Sarkisyanın qorxaq olduğu qeyd olunur: “Kədərli paralellik aparmaq istəyirəm. BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısında Rusiyanın Suriyadakı addımları tənqid olunur. ABŞ nümayəndəsi Samanta Pauer Rusiyanı ikiüzlülükdə və həyasızlıqda ittiham edir. Rusiya nümayəndəsi Çurkin etiraz əlaməti olaraq iclası tərk etdi. Yəni rusiyalı diplomat amerikalı rəqibi ilə mübahisə etmək gücündə olmadığını göstərərək fərarilik etdi. Lakin burada heç olmasa demarşın əlaməti var. Əfsuslar olsun ki, İlham Əliyevin qarşısında alçalan Sarkisyan bu bayağı vasitəyə – fərariliyə belə layiq görülmədi”. Bununla yanaşı, müəllif yazır ki, Serj Sarkisyan Bişkek iclasında aprel hadisələrinə toxunaraq Azərbaycanın ünvanına tənqidlər səsləndirdi: “O, yavaş-yavaş, yeknəsək, darıxdırıcı səslə və bəzən səhvlər buraxaraq kağızdan oxuyurdu. Onun nitqi hamının əsnəməsinə səbəb oldu. Artıq bu birinci biabırçı fakt idi. Çünki bizim ölkəni savadsız təqdim edir, onun çıxışı ilə kolleqalarının heç biri ona hörmət etmir. Həm də bunu gizlətmirlər belə. Axı birinci dəfə deyil. Hətta Vladimir Putin belə Sarkisyana hörmət etmədiyini nümayiş etdirdi. Ermənistan prezidentinə hörmət qoyulmadığı daha sonra açıq şəkildə ortaya çıxdı. Belə ki, əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Lakin İlham Əliyev Lukaşenkodan çıxış üçün icazə istədi. O rədd edə bilərdi, amma kimə görə, Serj Sarkisyana görəmi? Lukaşenko Əliyevə Sarkisyanı alçaltmağa şərait yaratdı”.
Müəllif daha sonra Serj Sarkisyanın İlham Əliyev qarşısında necə əzildiyini qeyd edir: “İlham Əliyev “Ermənistan tərəfi şikayətləri ilə artıq bütün beynəlxalq təşkilatları bezdirib” deyə bildirdi. Bu, açıq şəkildə Sarkisyanı, ümumiyyətlə Ermənistanı şillələmək idi. Özü də bu şillə medianın və prezidentlərin önündə gəldi. Hər kəs Əliyevə hörmətlə qulaq asdı. Sarkisyan isə canını yazıq fraza ilə qurtarmağa çalışdı: “Yalana cavab vermək mənasızdır”. Dərhal Əliyevdən növbəti zərbə gəldi: “Mən artıq yalana cavab verdim”. Bu nədir? Alçalmaq deyilmi? Biz nə qədər alçalmağa dözəcəyik? Diplomatiyanı və mübahisə etməyi bacarmayan, müzakirələrdən qaçan bu adama niyə dözməliyik?”.
Nahid SALAYEV
Ana səhifə / Sosial / İlham Əliyevin “Bişkek demarşı” Ermənistanda Sarkisyanı hörmətdən saldı
Həmçinin oxuyun
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …