Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / İkimərtəbəli binaların söküntüsü niyə yubanır? – FOTOLAR

İkimərtəbəli binaların söküntüsü niyə yubanır? – FOTOLAR

Bakıda bir zamanlar sürətli şəkildə həyata keçirilən tikinti sektorundakı pilot layihələrdə fasilələr yaranıb.

Ötən illərdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən 2-3 mərtəbəli binaların bir qismi sökülsə də, əksəriyyəti yerində qalır. Öyrəndik ki, bütün binaların ətrafında geoloji nümunələr götürülüb, harada çoxmərtəbəli binanın tikilməsinin mümkün olduğu öyrənilib. Lakin tikilən mənzillər satılmadığı üçün yeni binaların söküntüsünə başlanılmayıb. 

Əvvəlcə məlumat üçün bildirək ki, 2018-ci ildə məlumat yayıldı ki, “Qara Qarayev” metrostansiyasının yaxınlığında olan ikimərtəbəli binaların yaxın beş il ərzində tam sökülməsi nəzərdə tutulub. Ümumilikdə isə bu illər ərzində Bakıda 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılması və 49614 sakinə daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti təklif etməklə onların yeni inşa ediləcək binalara köçürülməsi nəzərdə tutulur. 

İkimərtəbəli mənzillər sökülən zaman onların sakinləri söküntü işlərini aparan şirkət tərəfindən kirayə mənzillərə çıxarılır. Şirkət yeni bina hazır olana qədər kirayə pulunu ödəyir. Bina hazır olduqdan sonra isə ikimərtəbəlidə yaşayan sakinə əvvəlki mənzilinin sahəsindən 10 faiz artıq olmaqla yeni ev verir. Yerdə qalan mənzillər isə satışa çıxarılır. Şərtlər əlverişli olduğu üçün sakinlər şirkətlə razılaşıb, mənzillərini tərk edirlər. Daha ucuz yer əldə edən şirkət də razı qalır, daha geniş ərazili mənzil əldə edən vətəndaş da…

Öyrəndik ki, hazırda ərazidə 6 bina tam hazır haldadır və sakinlərə buradan evlər paylanıb. Digər bir neçə binanın isə tikintisi başlayıb. Koronavirus dönəmi olduğu üçün işlər demək olar ki, dayandırılıb. 

Əlif Hacıyev, Məhsəti və Şirin Mirzəyev küçələrində yaşayan sakinlər köçürüləcəkləri günü gözləyirlər. Sakinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki,  evlərini təmir də etdirə bilmirlər: “Təmir işləri də görə bilmirik ki, bəlkə evləri yaxın günlərdə sökəcəklər. Çünki bütün binaların ətrafında nümunələr götürülüb. Əsasən metro çıxışına yaxın olan ərazidə evlər sökülüb. İçəri tərəflərdə tikilən binalarda satış zəif getdiyi üçün söküntü işlərinə başlanılmır. Ancaq bizə deyiblər ki, yaxın iki-üç ildə söküntü olacaq”. 

Onu da bildirək ki, Şirin Mirzəyev küçəsində bir binanın yarımçıq söküldüyünün şahidi olduq. Yarıuçuq binada yaşayan sakinlər bildirdilər ki, onlar şərtlərlə razılaşmadıqları üçün evlərini tərk etməyiblər…

Bəs yeni binadakı mənzillər neçəyədir?

Əlaqə saxladığımız şirkətlər bildirdilər ki, ərazidəki işlərinin dayanmasının səbəbi koronavirus infeksiyasıdır. Şirkətlərdən bildirildi ki, metro çıxışına yaxın yerlərdə hazır binalardakı mənzillərin hamısı satılıb: “Hazırda yeni tikilməkdə olan binanın mənzilləri satışdadır. Metronun yaxınlığında yerləşən binalardakı mənzillərin kvadratı 1250 manata satılır. Metrodan bir qədər uzaq ərazilərdə isə hər kvadrat 1000 manatadır. Söhbət təmirsiz evlərdən gedir”.

Ekspertlər hesab edirlər ki, koronavirus infeksiyası ilə bağlı mövcud karantin rejimi bir qədər də davam edərsə, xüsusilə də lüks mənzillərin qiymətində kəskin azalma olacaq. 1 və ya iki otaqlı mənzillərin qiymətində hələ ki azalma olmasa da, bu gedişat davam edərsə, onların da qiymətinin ucuzlaşacağı proqnozlaşdırılır. Musavat.com

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …