Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / İki deputat arasında qarşıdurma

İki deputat arasında qarşıdurma

Prezident İlham Əliyevin fərmanı ilə məcburi köçkünlərə 36 manat vahid aylıq müavinətin təyin edilməsinə deputat Çingiz Qənizadənin mövqeyi digər deputat həmkarının narazılığına səbəb olub. Hüquqşünas fərmanın verilməsinə səbəb kimi, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsini (“Qaçqınkom”) göstərib.

“ Azinforum.az ” xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, deputat açıq şəkildə bildirib ki, “Qaçqınkom”da olan korrupsiya hallarının qarşısını almaq üçün belə bir fərman verilib. Onun fikirləri həmkarı, zəngilanlı deputat İmamverdi İsmayılovun etirazına səbəb olub. O, hüquqşünas barədə sərt danışaraq, bunları deyib: “Sadəcə, həmin vəsait onda dövlətin büdcəsindən müvafiq qurumlara ayrılıb, indi isə onun forması dəyişib. Müvafiq qurumlar əvəzinə vətəndaşın özünə verilir və onu xərcləmək istiqaməti də vətəndaşın öz seçimindən asılı olacaq. Sosial müdafiənin bu şəkildə təmin olunması ünvanlılıq prinsipinə də uyğundur.

Ancaq deputat Çingiz Qənizadə yenə də öz əvvəlki çıxışlarında olduğu kimi, ölkə prezidentinin bu sahədə verdiyi fərmanı öz düşüncə tərzinə uyğun olaraq, komitədə olmayan korrupsiya hallarının qarşısının alınması kimi izah edir. Görünür, Çingiz Qənizadə özünəməxsus xüsusiyyətlərindən əl çəkmək istəmir. Hesablama Palatası tərəfindən komitədə aparılan yoxlamalarda hər hansı bir qanun pozuntusu aşkar olunmayıb. Deputat Qənizadəyə tövsiyə edərdim ki, yaxşı olardı ki, o öz seçildiyi rayonun seçicilərinin problemləri ilə məşğul olsun.

Bu cür fikirlər səsləndirməklə ölkəmizdə olan məcburi köçkünlər arasında çaşqınlıq yaratmaq və onlar üçün atılmış mühüm addımlara kölgə salmaq kimi əməllərindən əl çəksin”.

Ç.Qənizadənin həmkarına cavabı gecikməyib. Ünvanına səslənən tənqidlərə cavab olaraq Modern.az saytına danışan deputat həmkarının çıxışından təəssüfləndiyini deyib: “Həmkarım İmamverdi İsmayılovun barəmdə etdiyi qərəzli çıxışdan təəssüflənirəm. Onunla bir məqsədə xidmət etdiyimizi düşünürdüm. Milli Məclisdə qaçqın və məcburi köçkünlərlə bağlı qaldırdığım məsələlər deputat həmkarlarımın bir hissəsinin də dəstəyini qazanmışdı. Zaman mənim haqlı olduğumu sübut etdi. Cənab prezidentin son fərmanı qaldırdığım məsələlərə də toxunur. Mən məsələ qaldırmışdım ki, qaçqın və məcburi köçkünlərə ayrılan müavinətlər onların özlərinə verilsin və ödəmələr də onlar tərəfindən həyata keçirilsin. Belə olduqda, büdcə vəsaitinin mənimsənilməsi hallarının qarşısı alınır, dövlət tərəfindən ayrılan ünvanlı vəsaitlər sahiblərinə çatdırılır”.

Çingiz Qənizadə İmamverdi İsmayılova Hesablama Palatasının saytına daxil olaraq “Qaçqınkom”la bağlı sənədləri oxumağı tövsiyə edib. O həmin sənədlərin tapılmasında həmkarına yardım etməyə hazır olduğunu da vurğulayıb: “İmamverdi İsmayılov qeyd edir ki, Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində heç bir neqativ hal aşkar etməyib. Mən fikirlərimdə hüquqşünas olaraq yalnız faktlara söykənmişəm. Həmkarıma tövsiyə edərdim ki, Hesablama Palatasının saytına daxil olmaqla, son illərdə komitədə aparılmış yoxlamalar və büdcə vəsaitinin mənimsənilməsi ilə bağlı rəsmi açıqlamaları oradan oxusun. Ehtiyac varsa, ona bu qərarları tapmaqda kömək edə bilərəm. Bir sözlə, mənim qaldırdığım məsələlər dövlətə xidmətdir, onun mənim barədə dediyi fikirlər isə ayrı-ayrı şəxslərə xidmət edir”.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …

Bir cavab yazın