Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Sosial / İcra başçısı Qobunu zibillikdə boğur-Video

İcra başçısı Qobunu zibillikdə boğur-Video

Qobu qəsəbəsində sakinlər qəsəbə bələdiyyəsi və icra nümayəndəliyinin yerli əhəmiyyətli sosial problemlərinin həllinə səy göstərməməsindən şikayətlənir.
Abşeron rayonunun Qobu kəndinin tarixi, təxminən, 700 il əvvələ gedib-çıxır. Bu yaşayış məskəninin adı “çökəklik, müvəqqəti su axarı olan dərə, düzən” mənalarını daşıyır. Hazırda 10 min nəfərə yaxın əhalisi olan Qobuda əsas məşğuliyyət əkinçilik və maldarlıqdır. İndi Azərbaycanda ən böyük dəvəçilik təsərrüfatı da məhz Qobuda yerləşir.
Amma nədənsə, Qobu qəsəbəsinin sosial problemləri hələ də tam şəkildə öz həllini tapmayıb.
Aktualxeber.az olaraq bunun səbəblərini öyrənmək, həmçinin əhalinin üzləşdiyi problemlərlə yaxından tanış olmaq üçün həmin qəsəbəyə yollandıq. Elə ilk təəssüratlar deyilənlərin doğru olduğunu göstərirdi. Ucu-bucağı görünməyən böyük bir yaşayış sahəsinə çevrilən Qobuda abadlığa fikir verən yoxdur. Elə sakinlərin də əsas şikayəti Qobu bələdiyyəsinin və qəsəbə icra nümayəndəliyinin yerli əhəmiyyətli sosial problemlərin həllinə səy göstərməməsindəndir.
Qəsəbənin hər addımbaşı qazılaraq yararsız vəziyyətə salınmış məhəllədaxili yolları da xarabalığı xatırladır. Üstəlik, indiyədək qəsəbənin kanalizasiya xətti olmadığından, çirkab sular açıq havada arx şəklində axıdılır. Arxların içərisi və ətrafı isə məişət tullantıları ilə dolu idi. Qəsəbənin heç bir yerində zibil qurusuna rast gəlmədik. Zibillər torpaq, çala-çuxur olan məhlədaxili yolların qırağına atılır. Əksər yerlərdə məişət tullantıları yenicə çəkilmiş qaz borularının altında, elektrik naqillərinin bağlandığı ağac dirəklərin dibində yandırılır. Bu isə insan həyatı üçün olduqca təhlükəlidir.
Ramiz adlı sakin isə zibilin daşınmamasından şikayətlənir. Onun sözlərinə görə, məişət tullantılarını qəsəbə sakinlərinin özləri daşıyırlar: ”Hər tərəf natəmizlik, üfunət içindədir. Qəsəbəmiz öz ağır günlərini yaşayır. Adam əraziyə baxanda qonaq-qara yanında da xəcalət çəkir. Biz hansı dövrdə, hansı əsrdə yaşayırıq? Bu qəsəbə ölkənin hər yerində aparılan abadlıq işlərindən çox-çox uzaqdır. Adicə bir zibil qutusunu lazım olan yerlərə qoymurlar ki, sakinlər məişət tullantılarını aparıb onun içinə atsınlar. Əgər zibil qutuları olsaydı, sakinlər məişət tullantılarını qaz xəttinin üstündə və ya altında yandırmazdılar. Yayda, küləkli havada qəsəbəni toz bürüyür. Külək torpaq yolların tozunu və zibili evlərimizə doldurur. İndi regionlarda, şəhər və qəsəbələrdə park salınır, yolun kənarlarında və istirahət parklarında güllər və çiçəklər əkildiyi halda, bizim qəsəbənin küçələrində məişət tullantıları “çiçək açır”. Yağışlı havalarda qara günlərimiz başlayır. Elektrik xətləri təzə çəkilsə də, dirəklər hələ də ağacdandır. Bu dirəklərin bəziləri yanıüstə dayanıb, güclü külək olsa, yıxıla bilər”.
Təqdim etdiyimiz videoda zibillik Qobu Polis Şöbəsinin və “Şəhidlər bulağı” yaxınlığındadır.
Abşeronda şəhidlərə beləmi hörmət qoyulur? İradə Gülməmmədovanın xaraba qoyduğu Abşeronda ümumi görüntü budur.

Həmçinin oxuyun

Əlilliyi olan şəxslərin metroda qarşılaşdıqları problemlər nə vaxt həll ediləcək? — VİDEO

Günümüzdə əlil arabasına təhkim edilmiş şəxslər ictimai nəqliyyatdan istifadə edən zaman xeyli problemlərlə üzləşir.  Baku …