Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / İçməli sudan istifadə edən avtoyuma məntəqələri bağlanacaq? – AÇIQLAMA

İçməli sudan istifadə edən avtoyuma məntəqələri bağlanacaq? – AÇIQLAMA

Avtoyuma məntəqələrində maşın yumaq üçün içməli sudan istifadə edilməsinə məhdudiyyət qoyulması tələb edilir. Hətta təklif var ki, içməli sudan istifadə edən “moyka”lar bağlansın.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Pravda.az-a açıqlamasında deyib ki, avtoyuma məntəqələrinin bağlanmasına ehtiyac yoxdur.

Deputat bildirib ki, sadəcə, həmin məntəqələrin birbaşa texniki sulardan istifadəsini təmin etmək lazımdır: “Məncə, bunu etmək o qədər də çətin məsələ deyil. Belə olan halda, avtoyuma məntəqələri həm də daha az vəsait xərcləyəcəklər, çünki texniki su ilə içməli suyun qiyməti fərqlidir. Eyni zamanda alternativ variantları da düşünüb, tapa bilərlər. Avtoyuma məntəqələri yağış sularından da istifadə edə bilərlər. Texniki sudan istifadə üçün avtoyuma məntəqələri aidiyyatı qurumlara müraciət edərək problemi asanlıqla həll edə bilərlər. Dünyada təmiz içməli su probleminin olduğu heç kimə sirr deyil. Təəssüf ki, Azərbaycanda da bu problem var. Əslində, bizim təbii su ehtiyatlarımız o qədər də çox deyil. Bu baxımdan, bacardığımız qədər çalışmalıyıq ki, içməli suyu qənaətlə və düzgün formada istifadə edək. Ən əsas amillərdən biri budur ki, çox vaxt texniki su ilə içməli suyu qarışdırır, texniki su yerinə içməli su istifadə edirik. Düşünürəm, bacardığımız qədər bunu ayırd etməliyik”.

N.Həmzəyev vurğulayıb ki, avtoyuma məntəqələri ilə yanaşı, fabrik və zavodlarda, texniki suların istifadəsi mümkün olan digər yerlərdə içməli sulardan istifadə edilməməlidir: “İndiyədək aidiyyatı qurumlar bunu o qədər də ciddiyə almayıb. Ancaq mövcud problemin böyüklüyünü nəzərə alsaq, indi və gələcək üçün bu məsələlərə çox həssas yanaşmalıyıq. Böyük ehtimal yaxın onilliklərdə içməli suyun qiyməti, hətta neft və digər enerji resurslarının qiymətindən baha olacaq. Bu gün bacardığımız qədər çalışmalıyıq ki, içməli sudan qənaətlə, düzgün və lazımi yerlərdə istifadə edək, yağış sularının toplanması və onların texniki su kimi istifadəsinə şərait yaratmalıyıq. Xüsusilə müasir dövrdə “ağıllı evlər” hazılanır, belə evlərdə enerjiyə maksimum qənaət olunur, yağış sularının toplanmasına imkan verilir. Düşünürəm, bu yanaşmalar bizdə tətbiq edilərsə, həm xərclərimiz azalar, eyni zamanda vətəndaşlarımızın növbəti onilliklərdə içməli su problemlərini həll etmiş olarıq. Vətəndaşlar arasında ictimai nəzarət olar, anlayarlar ki, biz təkcə indi yox, gələcək nəsillər üçün də su ehtiyatlarını qoruyub-saxlamalıyıq”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …