Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / İçdiyimiz suyun tərkibi – krantlarda toplanan zibillər…

İçdiyimiz suyun tərkibi – krantlarda toplanan zibillər…

Anar Cəbrayıllı: “Əhaliyə verilən suyun keyfiyyətində heç bir problem ola bilməz”

Bakıda əhaliyə verilən içməli suyun tərkibi məsələsi tez-tez müzakirələrə səbəb olur. Redaksiyamıza şikayət edən sakinlər bildirirlər ki, evlərində su krantını açdıqları zaman bəzən pas, palçıq gəlir, süzgəclərdə zibil toplanır. Sakinlər bildirirlər ki, bu suyu qaynanılan zaman da xeyli ərp yığılır. Bəzi ekoloqlar hesab edirlər ki, suyun çirkli olmasının səbəbi Kür çayıdır. Hətta ekoloqlar tərəfindən Kür çayının suyundan imtina təklifləri də səslənib. Bildirilir ki, Kür çayı ona görə çirklənir ki, Ermənistan öz mis mədənlərinin tullantılarını çayın mənbəyinə tökür,  Gürcüstanda isə Tiflis şəhərinin kanalizasiyası təmizlənmədən çaya axıdılır.

Bu səbəbdən Bakıda əhaliyə verilən suyun anbarlarda filtrasiyadan normal keçirilmədiyi üçün orqanizmə zərərli olduğu iddiası var.

2017-ci ilin dekabr ayında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən açıqlama verilib ki, 11 ay ərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki-kimyəvi göstəcilərinə görə normaya uyğun olub. Mərkəzdən bildirilib ki, nümunələr nəticəsində bakterioloji göstəricilərinə görə standartların tələblərindən kənara çıxma 3,7% qeydə alınıb…

Anar Cəbrayıllı ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, əhaliyə verilən su bütün mənbələrdə keyfiyyət standartlarına tam şəkildə uyğundur:

“Yəni biz daim həm mənbələrdə emal zamanı, həm magistral xətlərdə, anbarlarda, məhəllədaxili anbarlarda, nasos stansiyalarında, ictimai-iaşə, sosial obyektlərdə nümunələr götürüb, suyun tərkibini yoxlayırıq. ”Azərsu” il ərzində 15 mindən çox su nümunəsi yoxlayır. Bizdən də başqa suyun keyfiyyətinə nəzarəti Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir. Onlar da ürəkləri istədikləri yerdən nümunələr götürüb, özlərinə aid laboratoriyada yoxlayırlar. Onların da yoxlamalarından heç bir problem çıxmayıb. Bu ilin 9 ayı ərzində bu qurum təxminən 800-dən çox nümunə götürüb. Həmçinin biz də bu aylar ərzində 10 mindən yuxarı nümunə götürüb, yoxlamışıq, müxtəlif parametrləri öyrənmişik. Kimsə deyirsə ki, suyu paslı gəlir, bu, konkret ünvanla bağlı ola bilər. Bununla əlaqədar da bizə müraciət etsinlər və nümunələr götürək. Bu gün Bakı ətrafında elə qəsəbələr var ki, orada xətti borularla, yerin üstündən çəkiblər. Yaxud da keyfiyyətsiz borulardan istifadə edilib. Mümkündür ki, həmin borularda cürümə var və bu səbəbdən də suyu açan zaman pas gəlir. Belə hallar zamanı insanlar bizə müraciət edirlər. Bizdə isə suyun keyfiyyəti ilə bağlı hər bir məsələ xüsusi diqqətdə saxlanılır. Vətəndaş müraciət edən kimi həmin əraziyə hökmən nümayəndə göndərilir və yerindəcə suya baxış keçirilir. Əgər ehtiyac olarsa, bizim səyyar laboratoriya maşını ora gedib, yerində nümunələr götürüb, təhlil edilir və bununla bağlı da vətəndaşa məlumat verilir.  Eyni zamanda ola bilər ki, hansısa ərazidə qəza baş verib və daxili kommunikasiya xətlərindəki problem səbəbindən belə bir hal yaranıb. Eyni zamanda uzun istifadə edilən xətlərdə korroziya səbəbindən su gələn zaman ilk bir neçə dəqiqə ərzində rəngi dəyişik olar. Ancaq bir neçə dəqiqə ərzində bu, aradan qalxar. Bu baxımdan problem olan zaman vətəndaş bizə müraciət etsin, gedib yoxlayaq”.

A.Cəbrayıllı söyləyib ki, “Azərsu” ASC bəyan edir ki, əhaliyə verilən suyun keyfiyyətində heç bir problem ola bilməz:

“Bakıda və eləcə də regionlara əhaliyə verdiyimiz suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur. Bütün parametrlər standart çərçivəsindədir. Eləcə də deyim ki, suyun keyfiyyətinə 24 saat nəzarət edirik. ”Azərsu” ASC qarşısına məqsəd qoyub ki, gələcəkdə regional laboratoriya yaratsın. Bu gün də həmin layihə üzərində işlər gedir. Artıq Ucar və Masallıda regional laboratoriyaya  kimyaçı, bioloq olmaqla mütəxəssis axtarırıq ki, həmin bölgələrdə də mənbələrimiz, əhalinin istifadə etdikləri bulaqların və digər bu kimi suların keyfiyyətini yoxlayaq, nəzarətdə saxlayaq. Suyun keyfiyyəti kifayət qədər ciddi məsələdir və biz də bu səbəbdən daim məsələni nəzarətdə saxlayırıq”.

Mütəxəssislər bildirirlər ki,  Kalsium, maqnezium, natrium mineralları içməli suyun tərkibində mütləq olmalıdır. Suya vurulan xlor  isə mikrobları öldürür. Lakin ərpin yaranmasının səbəbi xlor və ya palçıq deyil. Mütəxəssislər bildirirlər ki, tərkibində mineralların miqdarı çox olan suyu qaynatmaq mənasızdır. Çünki bütün minerallar çaydanda ərpə çevrilir. Əgər çaydanda ərp əmələ gəlirsə, deməli, siz tərkibində kalsium və ya başqa bir mineral çox olan sudan istifadə edirsiniz. Belə suyu qaynatmadan içmək lazımdır. Əgər onun tərkibinə bakteriya, virus düşmədiyinə əminsinizsə…

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …