Ana səhifə / Sosial / Hüquq müdafiəçisindən “həbsxanalarda nə baş verir” sualına cavab

Hüquq müdafiəçisindən “həbsxanalarda nə baş verir” sualına cavab

Bir neçə gündür ki, sosial şəbəkələrdə həbsxanalarda “kütləvi itaətsizlik”, aclıq aksiyaları keçirildiyi barədə xəbərlər yayılır. 

“Turan” yazır ki,  “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin elan etdiyi aclıq aksiyasına daha bir məhbus, bu təşkilatın üzvü Seyfəddin Şirvanov da qoşulub.

T.Bağırzadənin iyunun 3-də başlatdığı aclıq aksiyasına daha əvvəl onun həbsxanalarda olan yoldaşları Abbas Hüseyn və Cabbar Cabbarov, jurnalist Polad Aslanov və “Gəncə işi” üzrə həbs edilmiş Firudin Zeynalov qoşulmuşdu. Onlar polis bölməsində işgəncələrə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının Allahı təhqir etməsinə etiraz edirlər. Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında saxlanılan iki dini fəal mayın 23-də keçirdikləri mətbuat konfransında hüquq-mühafizə orqanlarının əməkdaşlarının onlara işgəncə verdiyini və Allahı təhqir etdiyini bildirmişdi. DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qeyd edilən iddialara münasibət bildirib. O deyib ki, bunlar tamamilə əsassız və yalandır:  “Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla Süleyman Əkəbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər. Dünyanın ən inkişaf etmiş, ən demokratik ölkəsində polis belə halda mütləq silaha əl atır, müqavimət göstərən şəxsi sərt qaydada zərərsizləşdirərək barəsində ağır cəza tətbiq edir. Lakin bizim polis əməkdaşları hər iki şəxsi ərazi üzrə olan polis bölməsinə gətiriblər. Orada onlarla profilaktik söhbətlər aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Lakin onlar polis bölməsindən çıxdıqdan sonra guya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldıqlarını, orada döyüldüklərini tirajlayıblar. Adi inzibati qayda pozan şəxs nəinki həmin gün, ümumiyyətlə, qeyd olunan baş idarəyə aparılmır. Çünki adından göründüyü kimi, qurum hansısa inzibati xəta törədənlərlə deyil, mütəşəkkil cinayətkarlıqla mübarizə ilə məşğuldur. O ki qaldı guya onların polis əməkdaşları tərəfindən döyülmələrinə, təhqir edilmələrinə, tamamilə yalan və uydurma iddialardır. Çox təəssüflə qeyd edirəm ki, Mail Kərimovun və Süleyman Ələkbərovun yalanlarına, polisə şər-böhtan atmalarına özlərini hüquq müdafiəçiləri adlandıran bəzi ”hüquqşünas”lar da ortaq olublar və mətbuat konfransı keçirərək media təmsilçilərini də öz cəfəng iddialarına inandırmağa cəhd ediblər. Amma unudurlar ki, belə məqsədli şəkildə, qəsdən uydurulan əsassız iddiaları yaymaq hüquqi məsuliyyət yaradır”. 

Qeyd edək ki, Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində insident baş verməsi ilə bağlı da iddialar yayılıb. İddialara görə, baş verən insident zamanı yaralananlar da olub. Pentensiar Xidmət isə bu informasiyaların əsassız olduğunu bəyan edib. Maraqlıdır ki, bütün bu xəbərlər Prezidentin 27 may əfv sərəncamından sonra  və Avropa Şurası Nazirlər Komitəsi 8-10 iyun tarixlərində keçirilən iclaslarında Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra durumunu müzakirə edəcəyi ərəfəyə təsadüf edir.

Bu, xərçəng deyil, adi bir qripdir” – Novella Cəfəroğlu

Novella Cəfəroğlu 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, aclıq keçirən məhbuslarla görüş planlaşdırılıb. Yaxın günlərdə onların saxlanıldığı müəssisələrdə olaraq aclıq edən məhbuslarla görüşəcəklər: “Bizdə bir çox məhbusların ərizələri var. Bir çoxlarının cəzasının yarısı keçib. Biz onlarla bağlı müraciətləri komissiyaya təqdim edirik. Monitorinq qrupu fasiləsiz olaraq bu işlərlə məşğul olur. Azərbaycan cəzaçəkmə müəssisələri və həbsxanalarda olanlardan məlumatlıyıq. Ombudsman da yaxşı işləyir. Bu gün Prezident Administrasiyası, Ədliyyə Nazirliyi ilə əlaqələr yüksək səviyyədədir. Məhbusların tələbləri diqqətimizdədir. Təkcə aclıq edən məhbusların deyil, narazılığı olan digər məhbusların da ərizə və şikayətlərini diqqətlə öyrənib müvafiq olaraq müraciətlər ünvanlayırıq. Bu gün bir çox məhbuslar əfv olunmamalarından narazılıqlarını ifadə edirlər. Üçdəbirlə azad edilə biləcək məhbuslar da az deyil. Yəni onların əfvlə azadlığa çıxmasını gözləməyə gərək yoxdur”.

Novella Cəfəroğlu deyib ki, məhkumların aclıq aksiyası keçirməsi, onların tələbləri ilə bağlı müvafiq qurumlar məlumatlıdır: “Aclıq keçirən məhbusların işi Monitorinq Qrupunun nəzarətindədir. Biz onlara baş çəkəcəyik, dinləyəcəyik. Onların da azad edilmələri üçün müraciətlər edəcəyik”.

Həmçinin oxuyun

Azərbaycanda qurbanlıq qoyunlar BAHALAŞDI

Bay Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə bağlı əlaqədar satışa çıxarılan heyvanların qiymətləri ötən illə …