Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Sosial / Hökumətin daha çevik anti-böhran komandasına ehtiyacı varmı?

Hökumətin daha çevik anti-böhran komandasına ehtiyacı varmı?

Hazırki iqtisadi böhran şəraiti hökumətdən çevik qərarlar verməyi tələb edir. İndi hakimiyyətin onu bu böhrandan çıxaracaq operativ komandaya ehtiyacı var. Lakin Nazirlər Kabinetinin tərkibinə baxsaq, illərlə bu yükü öz çiyinlərində daşıyan və görünən odur ki, elə də uğura nail olmayan yaşlı komanda artıq fiziki olaraq, çevik qərarlar qəbul edəcək imkanda deyil. 
Musavat.com-a bu mövzuda açıqlama verən politoloq Natiq Miri hazırki komanda ilə lazımi islahatların mümkün olmadığını bildirdi: “Konkret ad üzərində dayanmaq istəməzdim. Ona görə ki, onlar hamısı eyni idarəetmə sisteminin təmsilçiləridir. Azərbaycandakı sistemi bu səviyyəyə gətirən məhz həmin komandadır. Bu gün iqtisadiyyatda islahatların bu komanda ilə aparılması mümkünsüzdür. Çünki Azərbaycanda ən böyük şirkətlərin arxasında dayananlar nazirlər, komitə sədrləri və bilavasitə Nazirlər Kabinetində olan şəxslərdir. Bu şəxslərin hər birisi konkret məhsulları ölkədə öz monopoliyasına alıb. Bu gün bu şəxslərin vasitəsi ilə iqtisadiyyatda və gömrükdə olan monopoliyanı aradan qaldırmaq mümkündürmü? Bu məmurlarla yenidən demokratik və liberal bir iqtisadiyyat qurmaq nə dərəcədə mümkün ola bilər? Bu məsələ absurddur. Ortada həqiqətən də ciddi bir niyyət varsa, həqiqətən də demokratik mühit, liberal iqtisadiyyat qurmaq lazımdırsa, bu, ilk növbədə insan faktorundan başlamalıdır. Çünki ən mükəmməl proqramları həyata keçirən amil insan amilidir. Bu amil olmadıqca, ən güclü konsepsiya belə, nəticə verməyəcək. Bu insanlar isə artıq son 20 il ərzində özlərini tamamilə xərcləyiblər. Bu insanlardan islahat adına nəsə bir davranış gözləmək özünü aldatmaqdan başqa bir şey deyil”.
Politoloq vurğuladı ki, liberal iqtisadi mühiti yaratmamışdan öncə mütləq buna paralel olaraq, siyasi islahatlar da aparılmalıdır: “Bu, həm strukturlarda, həm də kadr islahatlarında özünü göstərməlidir. Əgər bu olmasa, deyilən vədlər və islahatlar yalnız kağız üzərində söz olaraq, qalacaq. Ölkədə və dünyada gedən iqtisadi prosesləri ciddi analiz edəcək və qərar verə biləcək çevik hökumət modeli ortaya qoyulmadıqca, Azərbaycanda vəziyyət dəyişməyəcək”.
Natiq Miri siyasətdə gənclərin uğur qazanmaq şansının daha çox olduğunu və bunun Gürcüstan təcrübəsində təsdiq olunduğunu qeyd etdi: “Hər bir halda gənclər daha təşəbbüskar, dinamik və qlobal səviyyədə gedən yeniliklərə açıq olurlar. 81 yaşında bir insanla gənc, enerjili, təşəbbüskar və elmli bir şəxsi müqayisə etsək, hansı daha çox uğurlu olar? Gürcüstanda Saakaşvilinin qurduğu gənc hökumət modeli var ki, nazirləri 25-35 yaş arasındadır. Bu insanların Gürcüstanda korrupsiyanı yox etməsinin şahidiyik. Ona görə də, mütləq mənada ölkədə bütün kadrlar gəncləşdirilməlidir. Düzdür, elə insanlar var ki, onların təcrübəsindən istifadə etmək lazımdır. Ancaq onlar istisna hallar olmalıdır. Prezidentin özünün də təşəbbüskarlığın tərəfdarı olması, son iclasda da göstərdi ki, yerli icra hakimiyyətləri mərkəzdən göstəriş gözləməməlidir. Bəs, bu, nə üçün belədir? Çünki, Azərbaycanda idarəetmə mərkəzləşmiş formadadır. Heç bir kadr özbaşına təşəbbüs irəli sürmək cəsarətində deyil. Ona görə də, gənc kadrları irəli çəkərək, onlara səlahiyyət vermək lazımdır ki, təşəbbüslə çıxış etsinlər, yeni iş yerləri açsınlar. Yoxsa, köhnə kommunist təfəkkürlü insanlarla işləmək heç nəyi dəyişdirməyəcək”.
Deputat Aydın Mirzəzadə isə musavat.com-a danışarkən idarəetmədə yaş məsələsinin önəm kəsb etmədiyini vurğuladı: “Mən əksinə, arzu edərdim ki, digər ölkələrdə də Artur Rəsizadə kimi təcrübəli, siyasəti və iqtisadiyyatı dərindən bilən, idarəetmə məsələlərində səriştəli bir hökumət rəhbəri olardı. Bir neçə dəfə Mingəçevirlə bağlı məsələlərdə onun qəbulunda olmuşam. Nəinki Mingəçevirin problemləri, ümumən Azərbaycanın iqtisadiyyatı, təsərrüfatın ayrı-ayırı sahələri üzrə dərin məlumatlılığı məndə ona qarşı hörmət doğurdu. Söhbət yaşda deyil, işi düzgün qurmaqdadır, problemlərin həllinə düzgün yanaşmaqdadır”.
A.Mirzəzadənin sözlərinə görə, kadr dəyişikliyində əsas məqsəd gəncləşmə olmamalıdır: “Məqsəd ümumən iqtisadiyyatın səmərəli idarəetmə forması və bunu bacaran kadrların yerləşdirilməsidir. Bu zaman onun neçə yaşında olması əhəmiyyətli deyil. Azərbaycan praktikasında həmişə yaşlı nəslin təcrübəsi və gənc nəslin enerjisi hormoniya təşkil edir. Bu gün əsas məsələ hökumət rəhbərinin yaşı deyil, onun işi aparmasıdır. Manatın devalvasiyası heç də Azərbaycandakı böhranın deyil, dünyada gedən siyasi proseslərin nəticəsidir. Ancaq bununla belə, bu ilin optimal büdcə layihəsinin formalaşdırılması, əmək haqqı və pensiyaların artırılması üçün rezervlərin tapılaraq, təkliflərin hazırlanması, qiymətlərin maksimum qalxmasına yol verməmək üçün addımların atılması müsbət hallardır. Devalvasiyadan irəli gələn müəyyən çətinliklər oldu və hesab edirəm ki, bunlar da yaxın vaxtlarda aradan qaldırılacaq”.

Həmçinin oxuyun

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı – FOTO\VİDEO

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb.  Oxu.Az-ın bölgə müxbirinin əldə …

Bir cavab yazın