Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Hökumət istehlak qiymətlərinə istehlakçı gözü ilə baxacaqmı?

Hökumət istehlak qiymətlərinə istehlakçı gözü ilə baxacaqmı?

Azərbaycanın istehlak bazarında qiymət artımı davam etməkdədir. Rəsmi statistikanın elan etdiyi səviyyədən daha yüksək həddə olan inflyasiya ölkə əhalisini narahat edir. Bu narahatlığı Milli Məclis üzvləri Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinin müzakirəsi zamanı baş nazir Əli Əsədova çatdırıblar.

Baş nazir isə bildirib ki, Azərbaycan hökuməti də bu məsələni daim diqqətdə saxlayır: “Deputatlar təbii olaraq, düzgün olaraq bu məsələni qaldırıblar. Azərbaycan hökuməti də bunu daim nəzarətdə saxlayır. Öz imkanlarından, vəzifə borcundan istifadə edərək ciddi şəkildə məşğul olacaq. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar xidməti tərəfindən gündəlik monitorinqlər aparılır. Təbii, bir çox hallar bizdən asılı deyil. Ticarət partnyorları ölkələrdə qiymətlər, idxal məsələsi ilə bağlı biz buna təsir edə bilmirik. Qiymət artımını yanacağın qiymətinin artırılmasıyla da əlaqələndirirlər. Təbii olaraq təsiri var. Ancaq fermerlərə subsidiyalar verilib”.

Vəziyyətin analizi göstərir ki, Azərbaycandakı qiymət bahalaşmasının subyektiv tərəfi obyektiv tərəfindən qat-qat ağırdır. Bir sıra ərzaq məhsullarının qiyməti qlobal səviyyədə yüksəlir – bu başadüşüləndir. Digər ərzaq məhsulları, eyni zamanda qeyri-ərzaq məhsullarındakı bahalaşmada isə yanacağın qiymət artımından daha çox inhisarçıların sui-istifadəsi həlledici rol oynayır. Məsələn, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin başlanmasına tikinti məhsulları istehsalçısı və idxalçısı olan monopolistlər indidən “hazırlaşırlar”. Tikinti məhsullarının satış mərkəzlərində bahalaşma birmənalı olaraq bu amillə izah edilir. İnhisarçılar indidən tikinti materiallarının qiymətini qaldırırlar ki, bərpa-tikinti işləri başlayanda diqqəti cəlb etməsinlər. Hökumətin antiinhisar orqanı bazarda süni qiymət artımı qeydə almadığını elan edir. Baş nazir isə bahalaşmanın qarşısının alınmasına ümid yeri qoymayan açıqlama verir.

İstehlak bazarında bir istehlakçı orta hesabla ayda 373,5 manat xәrclәyib

Normal bazar münasibətlərinin, sağlam rəqabətin olduğu ölkələrdə qiymət tənzimlənməsi dedikdə, birmənalı şəkildə inhisarçı razılaşmalarının qarşısının alınması, istehlakçı maraqlarının qorunması başa düşülür. Bunu ayrı-ayrı ölkələrin təcrübəsindən də aydın görmək olur. Məsələn, inkişaf etmiş ölkələr arasında ən uzunmüddətli sərt qiymət tənzimlənməsi həyata keçirən ölkələrdən biri olan Fransada hazırda qiymətlərin 20 faizə yaxını dövlət tərəfindən tənzimlənir: bütün enerjidaşıyıcılarının, ictimai nəqliyyat, telefon tarifləri, eyni zamanda inhisarçılar  tərəfindən istehsal və təqdim olunan, yaxud istehlakçıların onları almağa seçimi olmayan məhsul və xidmətlərin qiymətini də dövlət tənzimləyir. Bundan əlavə, kənd təsərrüfatı istehsalçılarını dəstəkləmək üçün dövlət aqrar məhsulların qiymətini də tənzimləyir ki, bu da son nəticədə daxili bazarda ərzaq qiymətlərini stabil saxlamağa imkan verir.

Qiymətlər Fransa Maliyyə İdarəsi ilə biznes konfederasiyaları arasında bağlanan müqavilələr əsasında tənzimlənir. Bu müqavilələrdə konkret məhsul növləri üzrə qiymətlərin dinamikası və indeksi əksini tapır. Məsələn, kənd təsərrüfatı təyinatlı maşınların və yük avtomobillərinin qiyməti 5 il ərzində 15 faizdən çox artmamalıdır. Yaxud hansısa məhsulun artım limiti, bahalaşma üçün əsas ola biləcək amillər və sair dəqiq əksini tapır. Bu razılaşmalar mütləq və mütləq istehsalçı müəssisələrin gəlirliliyinin təmin olunması, daxili və xarici bazarda rəqabətədavamlılığı amilləri nəzərə alınmaqla imzalanır. Razılaşma öhdəlikləri pozulduqda Maliyyə İdarəsi ya qiymətləri bloklayır, ya da məhkəmə yolu ilə müəssisələri cərimələtdirir.

Fransada dövlət sosial əhəmiyyətli xidmət və məhsulların qiymətinə xüsusilə həssas yanaşır. Məsələn, tibbi xidmət xərci qiymət rəqabətinə məruz qala bilməz. Dövlət əksər hallarda qiymətləri azad rəqabət mühitinin təmin olunmasl, vergitutma bazasının tənzimlənməsi kimi dolayı yollarla qiymətlərə təsir edir. Xüsusilə əhalinin məşğulluğunun təmnatında, istehsalda texnoloji yeniliklərin tətbiqində mühüm rol oynayan kiçik sahibkarlıq subyektlərini dövlət çoxsaylı alətlərlə dəstəkləyir. Yəni qiymətlərin tənzimlənməsində radikal addımlar atılmasına əksər hallarda ehtiyac qalmır.

Fransada dövlət həmçinin iri müəssisələr arasındakı razılaşmaları ciddi nəzarətdə saxlayır, onların antiinhisar qanunvericiliyinə uyğunluğu qiymətləndirilir. Belə pozuntu olanda dövlət razılaşmaya veto qoyur.

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi – Azlogos

“Qiymət tənzimlənməsi haqqında” qanunun olduğu İsveçdə də qiymətlərin dövlət tənzimlənməsi sahəsində böyük təcrübə var. Burada şərab-su istehsalında, bəzi telekommunikasiya xidmətləri və aptek ticarətində dövlət inhisarı var. Bundan əlavə, yerli idarəetmə orqanları – kommunalar su təchizatı, kanalizasiya xidməti, zibilin toplanması və sair sahələrdə inhisarçıdılar.

İsveçdə də dövlət aqrar məhsulların alıcı qiymətlərinə sərt nəzarət edir – fermerləri dəstəkləmək üçün. Hansısa məhsulun qiyməti maya dəyərindən aşağı düşdükdə, dövlət həmin məhsulu maya dəyəri+5 faiz qiymətlə fermerlərdən alır. Bu nəzarəti İsveçdə Qiymətlərin və rəqabətin tənzimlənməsi idarəsi həyata keçirir. İdarənin ölkədə olan 23 quberniyanın hər birində strukturları fəaliyyət göstərir.

Avstriyada dövlət qiymətlərin 10 faizini tənzimləyir. Bura  əczaçılıq üçün xammal və dərman preparatları, elektrik enerjisi, qaz və istilik qiymətlər aiddir. Bundan əlavə, tütün, duz, telefon, teleqraf və dəmiryol tariflərini parlament müəyyənləşdirir. Maliyyə Nazirliyi spirtli içkilərin qiymətini tənzimləyir. İqtisadiyyat Nazirliyinin isə 6 ay müddətində istənilən mal və xidmətin qiymətini tənzimləmək hüququ var.

Almaniyada tibbi sığorta sistemi vasitəsilə dərman preparatlarının qiyməti tənzimlənir. Daha dəqiqi desək, sığorta sistemi üzrə reseptlə buraxılan dərmanlara görə vətəndaş cüzi bir hissəni ödəyir, qalanı isə resept əsasında sığorta şirkəti tərəfindən ödənilir.

Bundan başqa, Almaniya da kənd təsərrüfatı qiymətlərini fermerlərin dəstəklənməsi baxımından tənzimləyir. İxrac olunan məhsulun dünya bazar qiymətindən aşağı olan hissəsini dövlət ödəyir, yaxud hansısa məhsulun çox istehsal olunub qiymətinin ucuzlaşmaması üçün fermerlərə əvvəlcədən xəbərdarlıq edilir, istehsal həcmləri onlar arasında bərabər bölüşdürülür. Bununla yanaşı, xaricə ixrac olunan məhsullar dövlət hesabına sığorta olunur.

ABŞ-da dövlət 5-10 faiz arası qiymətləri tənzimləyir. Bura ilk növbədə energetika və rabitə sahəsindəki məhsul və xidmətlər aiddir. Bir sıra ştatların hökuməti elektrik enerjisi, şəhərlərarası avtomobil və dəmiryol tariflərini tənzimləmək hüququna malikdirlər.

ABŞ-da da fermerləri dəstəkləmək üçün minimum qiymətlər sistemi tətbiq olunur. Qiyməti bu sistemdə müəyyən olunandan aşağı düşən məhsulları dövlət fermerdən özü alır.

İnkişaf etmiş ölkələrdən biri olan Yaponiyada kənd təsərrüfatı məhsullarının 80 faizə yaxınının qiymətini dövlət onları almaqla dəstəkləyir. Məsələn, düyünün 50 faizini, buğdanın 90 faizini, arpanın 100 faizini dövlət alır. 22 növ aqrar məhsulun ixracı qadağan edilib. Bəzi məhsulların aşağı və yuxarı həddini dövlət müəyyənləşdirir – məsələn, ət, ipək və sair. Kartof, yerkökü, şəkər çuğunduru, soya, süd, meyvələr və sair məhsulların minimal qiymətinə dövlət zəmanəti verilir: bu məhsulların qiyməti kəskin ucuzlaşanda yaranan fərqi dövlət ödəyir.

Yaponiyada həmçinin dövlət kənd təsərrüfatının kreditləşməsinə ciddi güzəştlər tətbiq etməklə daxildə ərzaq qiymətlərini stabil saxlamağa çalışır.

MDB məkanında da qiymətlərin dövlət tənzimlənməsi təcrübəsi var. Məsələn, Rusiyada kəskin bahalaşan məhsullar üçün 3-6 ay müddətində dövlət tərəfindən qiymət limiti tətbiq olunur. Eyni zamanda aqrar məhsulların daxili qiymətlərini stabil saxlamaq üçün ixraca kvota, əlavə rüsumlar tətbiq edilir.

Göründüyü kimi, dünya təcrübəsində dövlətin qiymət tənzimləməsi dedikdə, qiymətlərin əhalini narahat edəcək səviyyədə artmasının qarşısını almaq başa düşülür. Bütün fəaliyyətlər də buna yönəlib. Azərbaycanda isə qiymətlərin bir çox hallarda 1-2 dəfə artırılması adi hala çevrilib. Düzdür, zərurət yarandıqda bir sıra aqrar məhsulların idxal-ixracına məhdudiyyət tətbiq edilir – daxildə qiymətləri qorumaq üçün. Lakin aqrar istehsalçıları qorumaq üçün məhsulların dövlət tərəfindən alınması kimi təsirli alətdən istifadə olunmur. Nəticədə bir il bol olan məhsulun qiyməti maya dəyərindən kəskin aşağı düşür, istehsalçılar böyük zərərə uğrayırlar.

Rövşən Ağayev: "Yardım alanların siyahısı açıqlanmalıdır" - AzToday

Rövşən Ağayev 

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, qiymətlərin dövlət tərəfindən tənzimlənməsi dünya təcrübəsində çox rast gəlinən haldır: “Qiymət tənzimlənməsi çox mürəkkəb məsələdir. Bazar iqtisadiyyatının yüksək təşəkkül tapdığı ABŞ-dan tutmuş, Şərqi Avropanın son 30 ildə bazar prinsiplərini tətbiq etməyə başlamış ölkələrinə qədər, çoxsaylı dövlətlərdə tənzimlənən qiymətlər və onları tənzimləyən müvafiq strukturlar var. Bu qurumların fəaliyyəti ilə Azərbaycan Tarif Şurasının fəaliyyəti arasında çox böyük fərqlər var. Məsələn, Gürcüstanda Su və Enerji Məsələləri üzrə Milli Komissiya var. Bu komissiya nəinki kommunal sektorda olan tariflərin tənzimlənməsi ilə məşğul olur, bütövlükdə bu sektorda iqtisadi münasibətlərin, istehlakçılarla operatorlar arasında müqavilə münasibətlərinin tənzimlənməsini həyata keçirir. Ən vacibi budur ki, komissiya demək olar ki, heç bir icra strukturuna tabe olmadan tam müstəqil bir qurum kimi fəaliyyət göstərir. Gürcüstan təcrübəsi ilə bağlı bir detalı da qeyd edim ki, bu qurumun missiyası olaraq istehlakçılarla operatorlar arasında maraqlar balansını – tarazlığını təmin etmək göstərilir. Amma bizim Tarif Şurasının fəaliyyətini tənzimləyən əsas hüquqi sənəd olan əsasnaməsində bu haqda bir kəlmə belə yoxdur. Ümumiyyətlə, istehlakçının, operatorun maraqlarının balanslaşdırılması anlayışı bu sənəddə mövcud deyil”.

Dünya təcrübəsi bir daha göstərir ki, hökumətlər istədikləri vaxt qiymət artımına istehsalçı və idxalçının deyil, istehlakçının maliyyə vəziyyəti prizmasından baxmaqla, prosesin subyektiv səbəblərini aradan qaldırmağı bacarırlar. Azərbaycanda isə qiymət artımı birmənalı olaraq istehsalçı və ya idxalçının maraqlarından çıxış edilməklə tənzimlənir. Problemə bu cür yanaşmanın qaldığı müddətdə bahalaşma qaçılmaz olacaq. Musavat.com

Həmçinin oxuyun

Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir – FOTO

Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri …