Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Heydər Əliyevə səs verməmək üçün söyüş qoymuşdular”

“Heydər Əliyevə səs verməmək üçün söyüş qoymuşdular”

Tarixin də “qara qutuları” var. Vaxt axıb gedir, “qara qutular” isə bizə yaşanmışlardan xəbər verir. Zəmanənin sirdaşı olan bu “qara qutuları” vaxtında danışdırmaq lazımdır. Əks halda, bir çox müəmmalar işıq üzü görməz, tarixin “qaranlıq səhifələri” meydana gələr. “Qaranlıq səhifələrə” işıq salmaq adına “qara qutuları” açmağa qərar verdik.
Kimlərinsə bizi nədəsə günahlandırmasından asılı olmayaraq, yeganə məqsədimiz var: Bir vaxtlar gözüyumulu keçdiyimiz yolların, ayağımıza dəyən daş-kəsəklərin mahiyyətini anlamaq. 
Budəfəki “qara qutu”muzla tanış olun:
Oqtay İsmayıl oğlu Baxşəliyev. 1960-cı ildə Naxçıvanda anadan olub. 1989-cu ildən 1993-cü ilə qədər AXC Naxçıvan MR Müdafiə Komitəsinə rəhbərlik edib. Başqa “komandırlərdən” fərqli olaraq, “kiçik torpağın” qorunmasında uzaqdan komanda ilə kifayətlənməyib, hər zaman ön cəbhədə dayanıb.
Məhrum prezident Heydər Əliyevin ilk mühafizəsini təşkil edən də odur. Vəfa borcu olaraq təklif edilən heç bir vəzifə və mükafatı qəbul etməyib. Hazırda  qardaşına məxsus olan və monopoliyaların işləməyə imkan vermədiyi müəssisədə gün keçirməklə məşğuldur.
AXC-nin Muxtar Respublika şöbəsinin ən qüdrətli rəhbərlərindən olan bu şəxsin Heydər Əliyevin mühafizəsini təşkil etməsi, yəqin ki, bir çoxlarınıza qəribə gəldi.
“Qara qutu”muzla söhbətimizə də elə bu müəmmadan başladıq. Söhbətimizə Heydər Əliyevin ilk mühafizəçisi Əmir Hüseynov da şahidlik edirdi.
– Oqtay bəy, Abdulla bəyə gəlmədən öncə bir məsələni soruşum. Bayaq Heydər Əliyevin ilk mühafizəsinin təşkilində Əbil Babayev və Fərəc Quliyevin adını çəkdiniz. Sonradan bu iki nəfər Heydər Əliyevə sui-qəsddə iştirakda günahlandırılaraq həbs olundular. Və xeyli də yatdılar. Bu müəmmanı necə izah edərsiniz? Ən çətin anında, necə deyərlər, müdafiəsiz vaxtında bir adamı qoruyanlar daha sonra ona sui-qəsd törətmək istəyəcək qədər düşmənə çevrilirlər…
– Bu suala mən cavab verə bilmərəm. Açığı, Azərbaycan məhkəmələrinin ədalətinə inanmıram. Fərəc bəylə Ədil Babayevin, DSK Bayramın, xüsusilə də Aydın Mədətovun həqiqətən də belə bir təşəbbüslərinin olduğu mənə inandırıcı gəlmir. Onu bilirəm ki, Fərəc Quliyevlə Heydər Əliyevin bir zamanlar çox səmimi münasibətləri var idi. O da ola bilər ki, AXC hakimiyyətə gələndən sonra bu münasibətlərdə müəyyən soyuqluq yaranıb. O dövrdə mən AXC-nin üzvü deyildim. Təşkilatdan istefa vermişdim deyə, bu hadisələrin təfsilatını bilmirəm.
 
– Niyə istefa vermişdiniz?
– Heydər Əliyev hələ Naxçıvanda olanda AXC-nin ona qarşı müəmmalı oyunlar oynadığını görüb təşkilatdan ayrılmışdım.
– Heydər Əliyevin sizin bu addımınızdan xəbəri var idimi?
– Var idi, təbii. O zaman Heydər Əliyevin yanına gedib onunla da xüdahafizləşmişdim.
 
– Bəs, nə yaxşı sizin bu addımınız mükafatlandırılmadı? Axı adətən Heydər Əliyev hamıya vəfa borcunu ödəməyi bacaran adam idi…
– Əslində Heydər Əliyev mənə yaxşı vəzifələr təklif etmişdi. İlk əvvəl məni Naxçıvan MTN-də sədr müavini görmək istəyirdi. Bundan imtina etdim. Daha sonra ondan bir neçə dəfə Ali Sovetdə bir yerdə işləmək təklifi aldım. Rəhmətliyin bütün təkliflərinə “yox” cavabı verdim. Sonra Bakıya köçdüm. Odur ki, Naxçıvanda baş verən hadisələr, o cümlədən Fərəc bəygilin olub-olmadığını bilmədiyim planları barədə xəbərdar deyildim. Xəbərim olsaydı belə, buna özüm imkan verməzdim. Çünki iddia olunan həmin terror hadisəsi baş versəydi, Heydər Əliyevin yerində Surət Hüseynov oturacaqdı. Azərbaycan faciəli vəziyyətlə qarşılaşacaqdı.
– Olduqca maraqlı məqama toxundunuz. O vaxt Türkiyədə olduğumdan mənim də bu hadisələr barədə təfsilatlı informasiyam yoxdur. İndi sizin verdiyiniz məlumatdan belə anlaşılır ki, həmin terror hadisəsi Surət Hüseynovun hakimiyyətə gətirilməsi üçün planlaşdırılıbmış. Halbuki, cəmiyyətdə Naxçıvan hərəkatçılarının regionçu olduqları barədə düşüncə var. Sizin dedikləriniz isə bu qənaəti alt-üst edir…
– Ataların bir misalı var: Adın çıxınca, canın çıxsın. Mənim tanıdığım Naxçıvan hərəkatçılarının və ziyalılarının heç birində regionçuluq şüuru olmayıb. Bir çoxlarının Heydər Əliyevi və ya Elçibəyi dəstəkləməsinin səbəbi də regionçuluq hisslərindən irəli gəlmirdi. Sadəcə, Azərbaycanın düşdüyü vəziyyət bu şəxsiyyətləri ön plana çıxarıb. Hər kəs kimi naxçıvanlı ziyalılar da onların arxasınca gedib. Heydər Əliyevi o zaman müdafiə edənlər təkcə naxçıvanlılar da deyildi. Azərbaycanın müxtəlif yerlərindən Heydər Əliyevə dəstək məktubları gəlirdi. Heydər Əliyevə rəğbət və inam bütün respublika əhalisində mövcud idi. O ki qaldı Fərəc bəygilin həqiqətən də bu hadisəni planlaşdırmasına, yenə israrla bildirirəm, bu haqda məlumatım olmadığından konkret fikir deyə bilmərəm. Allaha çox şükür, özün Fərəc bəyi də, Əbil bəyi də, Bayram bəyi də, Aydın müəllimi də yaxşı tanıyırsan. İşin mahiyyətini onlardan soruşa bilərsən. Mən bildiyim bəzi arqumentlər bu faktın həqiqətən planlaşdırılmasını təkzib edir. Əbil o zaman siyasətdən ayrılmışdı, Rusiyadan ölkəyə taxta gətirib satırdı. Heydər Əliyevə də xüsusi bir nifrəti, kini yox idi. Odur ki, bu hadisənin həqiqətən də planlaşdırıldığından əmin deyiləm. Digər tərəfdən, ittiham olunanlar arasında bir türkiyəli də vardı – Hasan Tok. Onu heç vaxt cəbhədə görməmişdim. Bu adam necə gəlib Əbilgili tapmışdı? Hər halda xeyli müəmmalı məsələlər var.
– Yaxşı, sizə məlumatınız olan suallardan verim. Deyirsiniz ki, Heydər Əliyev sizə yaxşı vəzifələr təklif etmişdi. Siz niyə bu təkliflərlə razılaşmadınız?
– Mənim ali təhsilim yoxdur. Heydər Əliyev bu təklifləri mənə verəndə məhz bunu əsas gətirib imtina etmişdim. Rəhmətlik də çox təəccüblənmişdi. Demişdi ki, Oqtay, axı o cəbhədə bir çoxlarından ən sağlam düşüncəyə sahib olan birisən. Necə olub ki, ali təhsil almayıbsan? Sən müəyyən yerlərdə işləyə-işləyə də oxuya bilərsən. Mən isə yerimi bilən adam idim. Layiq olmadığım postu tutmaq istəmirdim.
– Bayaq Abdulladan danışdınız. Maraqlıdır ki, Heydər Əliyevin ilk mühafizəçiləri içərisində həbsə məruz qalan tək Əbil deyil. Abdulla bəy də indi içəridədir. Özü də çox ağır cəzaya layiq görülüb: 13 il. Hətta qatilə belə bu qədər ağır iş vermirlər…
– Heydər bəy, ölkə rəhbərinin mühafizəsində olmaq heç də insanı hər məsuliyyətdən aza edə bilməz. Sizin bir ziyalı kimi sualı bu şəkildə qoymağınız bir az düzgün deyil. O başqa məsələdir ki, Abdulla bəy əslində ittiham olunduğu maddəyə uyğun cəzalandırılmayıb. Hətta onun əməlinin belə cinayət sayılıb-sayılmayacağı müzakirəyə açıqdır. Amma mən hüquqşunas olmadığımdan buna hüquqi qiymət vermək istəmirəm. Sizə sadəcə Abdulla bəyin bəzi xidmətlərindən danışa bilərəm.
– Təbii, buyurun.
– Heydər Əliyevin mühafizəsində ən çox təzyiqə məruz qalan Abdulla idi. O, əsasən Bakıda mühafizəni təşkil edirdi. Yeri gələndə Əmir Heydər Əliyevlə bərabər Naxçıvana qayıdırdı və burada nəinki problemlə üzləşmir, əksinə hər kəs tərəfindən hörmətlə qarşılanırdı. Abdulla isə Bakıda yaşayır və polisdə işləyirdi. Mərkəzi hakimiyyət də Heydər Əliyevə düşmən kimi baxırdı. Rejimə düşmən bir adamın mühafizəsini təşkil etmək, əlbəttə, polis işçısi üçün asan deyildi. Digər tərəfdən, Əmiri Bakıda çox adam tanımırdı. Abdulla isə həmişə diqqət mərkəzində idi. Üstəlik, Abdullanın bu işə cəlb olunmasından sonra maliyyə problemi də xeyli yüngülləşmişdi. Abdulla o zaman da imkanlı idi.
– Abdullanı Heydər Əliyevə bağlayan nə idi?
– Onun Heydər Əliyevə həqiqətən də böyük simpatiyası var idi. Hərdən dostlar arasında söhbət edəndə açıq şəkildə etiraf edirdi ki, “mən bu adamı dədəm Fərəcdən çox istəyirəm”. Sözsüz ki, bu məhəbbətin arxasında Heydər Əliyevin böyük siyasi xadim olduğuna və Azərbaycanı çətin vəziyyətdən qurtaracağına inam var idi. Əmir də, Abdulla da Heydər Əliyevə təmənnasız bağlı idilər. Nə Əmirin, nə də Abdullanın nazir olmaq, vəzifə tutmaq fikri var idi.
– Müsahibəmizin başlanğıcında Heydər Əliyevin mühafizəsinin 4 mərhələdən ibarət olduğunu demişdiniz. Belə başa düşdüm ki, ilk mərhələnin qohumları, ikinci mərhələnin Naxçıvan Xalq Cəbhəsi, üçüncü mərhələnin isə Bakıdakı AXC üzvləri tərəfindən təşkil olunmasını nəzərdə tutursunuz. Dördüncü mərhələ hansı idi?
– İlk 2 mərhələni düzgün təsbit etdin. 3-cü mərhələ Naxçıvan Ali Məclisinə sədr seçiləndən sonra yerli hakimiyyət tərəfindən mühafizə olunması idi. O zaman artıq Heydər Əliyevlə Xalq Cəbhəsi arasında ziddiyyət yaranmışdı və cəbhəçilərin əksəriyyəti geri qayıtmışdılar. Təkcə Əmir qalmışdı. Bir də Vasif Talıbov… Dördüncü mərhələ isə mərkəzi hakimiyyətə yüksələndən sonrakı dövrü əhatə edir.
– Niyə Vasif Talıbov da cəbhəçi idi?
– Xeyr, deyildi. Sadəcə Heydər Əliyevin özü o zaman Cəbhənin bütün tədbirlərində yaxından iştirak edirdi. Biz də onu cəbhəçi kimi qəbul edirdik. Vasif Talıbov da buna görə bizimlə eyni mövqedə idi. O, əslində Heydər Əliyevə mühafizəçidən çox, köməkçi kimi xidmət edirdi. Təəssüf ki, indi cəbhəçi olmağı şantaj formasına çeviriblər. Halbuki o vaxt Azərbaycanda bir siyasi təşkilat var idi və hər kəs də onun üzvüydü. O dövrdə AXC-də olmayanlar, mən deyərdim ki, heç yaxşı vətəndaş da deyildilər. Mən hakimiyyətin yerinə olsam, həmin dövrdə AXC sıralarında olanları nəinki cəzalandırar, əksinə, vəzifəyə çəkərdim. Çünki bu adamlar Azərbaycan xalqının taleyinə biganə qalmayanlar idi, müstəqillik, torpaq bütünlüyü uğrunda mübarizə aparırdılar. Hazırda hakimiyyətdə olanların korrupsiya, iqtisadi cinayətlər və s. məsələlərdə günahlandırıldıqlarını, həbs olunduqlarını müşahidə edirik. Zənnimcə, bu, səbəbsiz deyil. İndiyə qədər idarəetmə orqanlarına kadrların vaxtilə cəbhəçi olmayanlar arasından seçilməsi ölkəni indiki hala gətirib. Kadrlar yaxşı vətəndaş olmayanlar arasından seçiləndə bu cür nəticələnməliydi. Ölkənin ən ağır vəziyyətində problemlərdən çıxış yolu axtaran insanlar oyundankənar vəziyyətə salınırsa, istər-istəməz, hakimiyyətə vicdani özəllikləri şübhəli olanlar yüksəlməli idilər. Bunun da ağır nəticələrini istər MTN işində, istərsə də bank talanı hadisələrində görürük.
– Maraqlı bir məqama barmaq basdınız. O zaman Heydər Əliyevin özü belə AXC-nin nümayəndəsi kimi Naxçıvan Muxtar Respublikası hakimiyyətinə yüksəlmişdi. Amma nədənsə, hərəkatçılar sonra kənarda qaldı, Heydər Əliyevə qarşı çıxanlar isə onun əsas kadrlarına çevrildi…
– Elədir. O zamankı Muxtar Respublika rəhbərliyinin tərkibinə nəzər salanda da bu aydın görünür. Rəhmətliyin 4 müavinindən 3-ü cəbhəçi idi – Asif Kələntərli, Qafar Məmmədov, Anar. Təkcə Rəşid Həsənov “Kombloku” təmsil edirdi. Heydər Əliyevin bu seçimi əslində onun mövqeyinin ən bariz sübutudur. Hətta o zaman məlumatımız var idi ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinə sədr seçilməmişdən əvvəl “Komblok” üzvləri öz aralarında ona səs verməmək üçün söyüş qoymuşdular. Heydər Əliyevin namizədliyi irəli sürüləndə isə hamısı ictimai qınaqdan çəkinib onun lehinə səs verdilər. Bircə, səhv etmirəmsə Namiq Həsənov bitərəf qaldı. Çünki o, ləyaqətli adam idi. Baxmayaraq ki, Heydər Əliyevə simpatiyası bəlkə digər “komblok”çulardan çox idi, amma ortaya qoyulan söyüşü qəbul edə bilmədiyindən bu addımı atdı. Nə onun lehinə, nə də əleyhinə səs verdi.
 
– Belə bir iddia var ki, Namid Həsənovun özü iddialı idi. Ona görə səs vermədi…
– İnanmıram bu iddianın doğruluğuna. Namiq Həsənov yerini bilən adamdır. O, Heydər Əliyev olan yerdə vəzifə eşqinə düşməzdi. Ola bilər ki, “Komblok”da kimlərsə Namiq Həsənovu həmin postda görmək istəyirdi. Amma onun özünün bu iddiaya düşməsi siyasi uzaqgörənlikdən uzaq olardı. Namiq Həsənov isə kifayət qədər uzaqgörən adamdır. O dövrün siyasi hakimiyyət təmsilçiləri arasında ən qabiliyyətli və gözəl insan kimi cəbhəçilərin də Namiq müəllimə xüsusi hörmətləri var idi. Sadəcə, ləyaqət hissi, ortaya qoyulan söyüşü yeməməyi onu bu addımı atmağa məcbur etmişdi.
– Yadıma bir hadisə düşdü. O zaman “Komblok” üzvləri Naxçıvan Ali Sovetinin həmin sessiyasında iştirak etmək istəmirdilər. Cəbhə üzvləri onları zorla sessiyaya gətirməyə qərar vermişdilər. Hətta kəndlərin birindən Naxçıvan Ali Sovetinə seçilən deputatı gətirməyə gedən dəstənin arasında mən də var idim. Binəva deputat qaçıb gizlənmişdi. Kənd əhalisinin yardımıyla onu tapıb Ali Sovetə gətirdik. AXC-nin bu barədə qərarı vardımı?
– Hansısa qərar yox idi. Sadəcə, Beycan Fərzəliyev Bakıdan xəbər gətirmişdi ki, Heydər Əliyevi Naxçıvan Ali Sovetinə sədr, özünü isə Nazirlər Kabinetinin sədri seçmək lazımdır. Cəbhəçilər də Ali Sovetin sessiyasının keçirilməsini tələb edirdilər. Bilirsənmi, indi bu hadisələr bir az başqa cür başa düşülür. Bütün Naxçıvan əhalisi, hətta deyərdim ki, Azərbaycan xalqının əksəriyyəti o zaman Heydər Əliyevin seçilməsini tələb edirdi. Biz müxtəlif rayonlardan bu istiqamətdə mesajlar alırdıq. Naxçıvan əhalisinin təmsilçisi kimi görünən “Komblok” isə aralarında söyüş qoyub bu iradə ilə razılaşmırdılar. Təbii ki, bu da ictimai iradənin bu cür addım atmasına gətirib çıxarırdı. O zaman cəbhəçilər yox, xalqın iradəsinə qarşı getmək istəyənlər günahkar idilər.
 
– Deyirsiniz ki, bu mesajlar Bakıdan göndərilmişdi? Konkret kimdən?
– Bəli, mesajı Beycan bəy gətirmişdi. Dediyinə görə, ona bu tapşırığı Elçibəy vermişdi. Düzdür, daha sonra Arif Rəhimov tamamilə başqa xəbər gətirdi. Amma artıq Heydər Əliyev bütün cəbhəçilərin təşkilatçılığı və xalqın iştirakı ilə sədr seçilmişdi. Açığı, o vaxt Arif Rəhimovun gətirdiyi mesajın siyasi manevr xarakterli olduğunu düşünürdüm. Fikirləşirdim ki, hədəfə çatdıqdan sonra bunun məsuliyyəti AXC-nin üzərindən atmaq, Heydər Əliyevin seçilməsinin bizim iradəmizdən kənarda reallaşdığını göstərmək üçün bir-birinə zidd iki mesaj gətirilib. Amma o zamana qədər bütün işlər görülmüş, Heydər Əliyevlə danışıqlar aparılmış və qarşılıqlı razılıq əldə olunmuşdu. Geri çəkilmək bizim özümüzə zərər verərdi. Açığı, mən o zaman Heydər Əliyevdən daha çox, rəhmətlik Afiyyəddin Cəlilovun seçilməsini istəyirdim. Çünki Heydər Əliyevin xəstə və yaşlı olduğunu, ağır bir məsuliyyət altına girməyin onun səhhətinə zərər vuracağını düşünür, blokada şəraitində yaşayan Muxtar Respublikanın mərkəzi hakimiyyətlə ziddiyyətə getməsinin daha ağır nəticələr verəcəyindən ehtiyatlanırdım. Hətta bu barədə mərhum Asif Kələntərliylə söhbətlərimiz olmuşdu. Ondan soruşmuşdum ki, kimin Ali Sovetin sədri seçilməsini istəyirsiniz? O da cavab vermək əvəzinə, mənim fikrimi soruşmuşdu. Mən də fikrimi izah etdikdən sonra o, Heydər Əliyevin namizədliyini müdafiə etmişdi. Mənə demişdi ki, artıq Heydər Əliyevlə görüşüb müəyyən razılığa da gəlib. Asif bəylə bərabər danışıqlarda Naxçıvan Muxtar Respubliksının o zamankı Daxili İşlər naziri Məmməd müəllim də iştirak edibmiş. Bunu eşidəndə çox təəccübləndim.
– Məni bir şey maraqlandırır. Necə deyərlər, bərabər əkib, bərabər biçmişdiniz. Nə oldu ki, böləndə aranıza dava düşdü. Bir az bədii çıxdı, deyəsən. Yəni demək istəyirəm ki, hər şey AXC ilə Heydər Əliyevin iradəsindən asılı idi. Sonra aranız niyə pozuldu? Cəbhə niyə Heydər Əliyevə qarşı çıxdı?
– Düşünürəm ki, bunun əsas səbəbi situasiyaların tez bir zamanda dəyişilməsi ilə əlaqədar idi. Heydər Əliyevin ilk əvvəl müdafiə olunması Elçibəyin hakimiyyətə gəlməsindən öncəyə təsadüf edirdi. AXC mərkəzi hakimiyyətə qarşı mübarizəyə Heydər Əliyevi də cəlb etmək istədiyindən bu addımı atırdı. Daha sonra Cəbhə hakimiyyətə gəldi və Heydər Əliyev müttəfiqdən rəqibə çevrildi. Bir çox adamların mövqeyi də dərhal dəyişildi.
– Kim idi dərhal dəyişilənlər?
– Onu hamı bilir. Heydər Əliyevlə işləyənlərin çoxu ondan imtina edib Bakıya gəldilər və mərkəzi hakimiyyətdə təmsil olundular. Bir çoxu da ən xırda şeylərə görə Heydər Əliyevlə qarşıdurmaya getdilər. Məsələn, Siyavuş Mustafayevi Bakıdan Naxçıvanın Daxili İşlər naziri təyin etdilər, Heydər Əliyev bunu təsdiq etməyəndə cəbhəçilər gedib bəzi dövlət orqanlarını ələ keçirdilər. Mən bu ziddiyyətlərin səbəbini anlamaqda çətinlik çəkirdim. Bir dəfə Arif Rəhimovdan bunun səbəbini soruşdum. O vaxt Arif Rəhimov Asəf Quliyevi Naxçıvan Xalq Cəbhəsinə sədr seçdirmək istəyirdi. Mən isə bununla razı deyildim. Asəf bəyə hörmətim olsa da, bu qədər çətin dövrdə onun AXC Naxçıvan Muxtar Respublika şöbəsinə rəhbərlik edə biləcəyinə inanmırdım. Bu inancım müəyyən təcrübələrimdən qaynaqlanırdı ki, bu haqda danışmaq istəmirəm. Fikirimi Arif bəyə açıq etiraf edəndən sonra Heydər Əliyevlə bu ziddiyyətə niyə getdiklərinin səbəbini soruşdum. Onun bəzi nöqsanlarıyla Arif bəy də razılaşdı, amma əhəmiyyətli olmadığını dedi. Bildirdi ki, Asəf bəyin bu işi bacarıb-bacarmayacağı əsas deyil. Bizim üçün əsas meyar Heydər Əliyevlə icəşməkdir. Asəf də bu işin öhdəsindən hamıdan yaxşı gələ bilər. Arif bəy şükür Allaha, sağdır. İstəsəniz, onun fikrini də öyrənə bilərsiniz.
– Maraqlıdır, niyə məhz icəşmək? Bərabər oturub ölkəni idarə edə bilmək varkən, icəşmək nəyə lazım idi?(Strateq.az)
(ardı var)

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın