Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Sosial / “Hazırki sistem necə var, elə də qalacaq”

“Hazırki sistem necə var, elə də qalacaq”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişikliklər təklif edib və Milli Məclisin növbədənkənar ssesiyasında bu dəyişikliklər ikinci oxunuşdan keçib.

Bəzi deputatlar təkliflərin əlillərin vəziyyətini daha da çətinləşdirəcəyini bildiriblər,13 deputat layihənin əleyhinə səs verib.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Təklifləri “AzPolitika.info”-ya şərh edən iqtisadçı ekspert Toğrul Maşallı bildirib ki, qanunun dəyişməsi problem deyil, amma əsas məsələ odur ki, meyarlar da dəyişir: “Təkliflərdə yeganə müsbət cəhət ondan ibarətdir ki, hər şey sadələşdirilir və unfikasiya edilir. Əsas istiqamətlər göstərilib və insanlar üçün daha rahat olub. Bu zaman avtomatik təyinetmə prosesindən daha asan istifadə oluna bilər”.

Ekspert qeyd edir ki, təklif olunan 7 kateqoriya əlillərin böyük qrupunu əhatə edir: “Həmin vətəndaşların gözlə görünən problemi yoxdur. Məsələn, ünsiyyət bacarığı normaldır, hərəkəti sərbəstidr, amma daxili xəstəlikləri var. Amma təklif olunan dəyişiklikdə göstərilir ki, yalnız gəzmək, istiqamət götürmək, fiziki hərəkətləri yerinə yetirə bilməmək əlillik üçün əsas götürülür. Bu isə çoxlu sayda əlili hüquqlarından məhrum edir. Əlilliyin sosial müdafiəsinin mahiyyəti ondan ibarətdir ki, vətəndaşın xəstəlikləri varsa, dövlət onları vaxtında himayəsinə götürsün, insan əlil olmasın və s. Məsələn, bir sıra xəstəliklər var ki, onlar bu fəsadları yarada bilər. Yeni təkliflərdən elə çıxır ki, əgər fəsad yoxdursa, sən artıq əlil deyilsən. Əgər gələcəkdə bu xəstəliklər səndə fəsad yaradarsa, o zaman səni əlil kimi tanıya bilərik. Bu, tamamilə məntiqsiz yanaşmadır.”

Ekspert xatırladır ki, ƏƏSMN tibbi qurum deyil və onun əsas vəzifəsi sosial müdafiədir: “Sosial müdafiə isə tibb sahəsi deyil, o sadəcə səhiyyənin verdiyi diaqnoza əsaslanır. Nəticədə yeni meyara görə əgər xəstəlik müvafiq istiqamətə aiddirsə, deməli insan avtomatik əlil olmalıdır”.

Toğrul Maşallı təəssüflə bildirir ki, dəyişikliklərdən sonra formalaşacaq sistem normal işləməyəcək. Çünki ƏƏSMN və Tibbi Sosial Ekspert Komissiyasında (TSEK) ciddi problemlər var: “Maraqlıdır, onların fəaliyyətində niyə heç bir dəyişiklik nəzərdə tutulmayıb? Ümumiyyətlə məntiqlə indiki əlilliyin müəyyən edilmə sistemi ləğv olunmalıdır”.

Ekspertə görə, sosial qurumlar əlillərin sayının həddindən artıq şişirdildiyini hesab edərək, onların sayının azaldılmasına çalışır: “Amma əlilliyin səbəblərinə qarşı mübarizə aparılmır. Ancaq nəticəyə qarşı mübarizə var. Başqa bir tərəfdən, burada heç bir islahatdan da söhbət gedə bilməz, müvafiq qurumlar, necə var idi, elə də qalır. Fikrimcə, birinci əlilliyi yaradan səbəblərə qarşı mübarizə olmalıdır, ikincisi, müvafiq qurumlar tamamilə ləğv edilib, yenidən strukturlaşma aparılmalıdır”.

Həmçinin oxuyun

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu

Milli Məclisin daha bir  deputatı  – Novruzəli Aslanov qızına  karantin qaydalarına zidd toy məclisi keçirib.Belə …