Ana səhifə / Sosial / Hava məkanının “KOR XƏLİFƏSİ”… – Ondan narazılıqlar artır…

Hava məkanının “KOR XƏLİFƏSİ”… – Ondan narazılıqlar artır…

Türkiyədə yaşayan həmyerlilərimiz AZAL-ın satdığı biletlərin bahalığından şikayət edirlər.

Hazırda AZAL-ın uçuşlarına pandemiya dövründən öncəki vaxtlardan heç də fərqli olmayan bir ehtiyac var. Eləcə də çarter reyslərinə tələbat yüksəkdir. Buna rəğmən, qiymətlər “əl yandırır”.

Bu səbədən də Türkiyədə yaşayan vətəndaşlarımız mövcud qiymətlərdən ciddi narazılıq edirlər. Onlar bildirirlər ki, Bakıya gəlmək üçün 800 manatdan ucuz bilet tapmaq mümkün deyil. Bu səbəbdən də Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin vətənə gəlib-getmələri mümkünsüz hala gəlib. Hələ Türkiyədəki həkimlərə üz tutan vətəndaşlarımızın durumunu demirik. Müalicə üçün qardaş ölkəyə getmək istəyən bəzi insanlar AZAL-ın bilet qiymətləri üzündən fikirlərindən vaz keçirlər. Bundan əlavə, qardaş ölkəyə iş üçün üz tutub, işini itirdiyi üçün geri qayıda bilməyən azərbaycanlılar da az deyil.

News24.az-a daxil olan səsli mesajlarda vətəndaşlarımız qiymətlərin Avropa ilə müqayisədə çox baha olduğunu dilə gətiriblər:

“Pandemiya səbəbindən ölkəyə quru yolu ilə getmək mümkün deyil. Məcbur hava yolundan istifadə etməliyəm. Ailədə 5 nəfər olduğumuza görə bilet qiymətləri bizə çox baha başa gəlir. Mən özüm və 3 uşağımın biletinin qiyməti 5600-6000 türk lirəsi edir. Gediş-gəliş isə ümumən 12 min türk lirəsi edir. 4 nəfərin test pulunu heç demirəm. Qiymətlər bu qədər baha olduğu üçün vətənimizə dönmək bizə xəyal olub. Hazırda Bakıda cənazəm var, ancaq maddi imkanmsızlıqdan gedə bilmirəm. AZAL-ın monopoliyasına son qoyulmalıdır”.

Həmyerlilərimizin sözlərinə görə, Azərbaycanın Türkiyədəki səfirliyi pandemiya ilə əlaqədar orda olan vətəndaşlarımıza cəmi iki ay 40 dollar maddi yardım ediblər.

Buna görə də Türkiyədən Azərbaycana dönmək istəyən, amma maddi durumu imkan verməyən insanlar ciddi çətinlik qarşısında qalıblar: “Düzdür, burada yaşayan azərbaycanlılar öz aralarında yardımlaşıb bir-birinə əl uzadırlar, amma bununla məsələ həll edilə bilməz. AZAL bu durumdan sui-istifadə edir. Yollar bağlı olduğu üçün avtobuslardan da əlimiz üzülüb. Bu üzdən də mövcud vəziyyətimizin düzəlməsi üçün yalnız dövlətimizdən dəstək gözləyirik”.

Qeyd edək ki, məsələ ilə bağlı AZAL-a 3 gün öncə sorğu göndərsək də, hələ cavab ala bilməmişik. İstənilən halda qurumun mövqeyini obyektiv şəkildə işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Azərbaycanda benzinin qiyməti BAHALAŞDI

Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib. “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli …