Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Harda siqaret çəkmək olar? – Deputat narazılıq etdi

Harda siqaret çəkmək olar? – Deputat narazılıq etdi

“Açıq yer anlayışı o demək deyil ki, çıxart  siqareti istənilən yerdə çək. Məktəbin, bağçanın yaxınlığı da açıq yerdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

O qeyd edib ki,  qanun layihəsi üçüncü oxunuşda müzakirə olunsa da, burada tam həllini tapmayan məsələlər çoxdur: “Çünki indiyə qədər  qapalı və ya açıq yerlərdə tütün məmulatlarından necə istifadə olunması məsələsinə aydınlıq gətirilməyib. Əgər restoranın içərisində siqaret çəkmək qadağan olunubsa kimsə çıxıb restoranın qabağında açıq yerdə  siqaret çəkir. Dünyanın müəyyən yerlərində açıq yerlər üçün kamera var.  Orada müəyyənləşdirilir ki, hansı açıq hissədə siqaret çəkmək olar. Biz ölkədə  tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik. Digər tərəfdən də tütün məmulatlarının çəkilməsi qadağan edilir. Təbii ki, vətəndaşın sağlamlığı birincidir. Amma bunu elə tənzimləməliyik ki, büdcəmizə zərər vurmasın”.

Spiker Oqtay Əsədov isə deputata belə cavab verib.

“ Sən, yəqin, ikinci oxunuşu yaddan çıxartmısan. Siz deyən məsələlər qanunda əksini tapıb. Ölkədə tütünçülüyün inkişafına gəlincə isə cənab prezident də Balakəndə öz çıxışında qeyd etdi ki, biz tütünü ixrac etmək üçün artırıq”.

***

Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu layihəsi müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, layihə haqqında deputatlara Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Komitə sədri deyib ki, qanun üçüncü oxunuşda müzakirəyə təqdim edilir və indiyə qədər bu haqda bir sıra deputatlar çıxış edib:

“Qanunun 1.0.9-cu maddəsinə dəyişiklik ediləcək. Əvvəl tələb qoyulurdu ki, bütün sahibkarlar, işə götürənlər qapalı məkanlarda siqaretdən istifadə edənlər üçün xüsusi qapalı məkanlar ayırsınlar. Lakin müəyyən edildi ki, sahibkarların hamısının heç də belə məkan yaratmasına şəraiti yoxdur. Ona görə də, qanundan bu hissə tələb kimi qoyulmur, lakin həmin məkanlarda tütün məmulatlarından istifadə də qadağan edilir. Bu tələb təkcə siqaretlə bağlı deyil, bütün tütün məmulatları və qəlyandan istifadə hallarına aid olunur”.

Komitə sədri əlavə edib ki, ölkədə 20-44 yaş arası kişilərin 30 faizi, 44-65 yaş kişilərin isə 51 faizi tütün məmulatlarından istifadə edirlər: “Onlar gün ərzində 16 ədəd siqaret çəkirlər. Aparılan statistikaya əsasən deyə bilərik ki, qadınların 52,3, kişilərin 67,5 faizi siqaret çəkməyən, amma tütünün zərərlərindən əziyyət çəkən şəxslərdir”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, qanunun işləkliyini təmin etmək son dərəcə vacibdir: “Sulu qəlyanda olan bəzi komponentlərin tərkibindəki konsorogen maddələr siqaretdən daha çox olur. Yaxşı haldı ki, bu qanun həm də sulu qəlyana aid edilir”.

Deputat Siyavuş Novruzov isə bildirib ki, siqaret çəkmək üçün “açıq məkan” ifadəsi işlədilərkən, bu son dərəcə konkret yerləri əhatə etməlidir: “Bəzən açıq yerlər dayanacaq, uşaq bağçasının qarşısı da hesab olunur. Bu zaman ətrafdakı şəxslərin hüququ pozulur. Dünyanın əksər ölkələrində açıq məkan deyilərkən restoranların xüsusi açıq yerləri seçilir”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …