Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Hafiz Hacıyev yenə prezident seçkilərinə hazırlaşır

Hafiz Hacıyev yenə prezident seçkilərinə hazırlaşır

 

“Hakimiyyət daxilində prezidentə xəyanət edən qüvvələri ifşa edəcəyik”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”a açıqlamasında 2018-ci il prezident seçkilərinə hazırlığı barəsində danışıb. H. Hacıyev bildirib ki, seçkilərlə bağlı artıq partiya öz qərarını verib.

“Partiyanın Siyasi Şurasında da bu məsələyə geniş şəkildə baxılıb. Artıq qurultayımızın keçirilməsi ilə də bağlı addımlar atmağı düşünürük. Seçkilərdə yenidən mənim namizədliyimin verilməsi ilə əlaqədar şura öz tövsiyələrini verib. Tam əminliklə deyə bilərəm ki, bu dəfə yenə də prezident seçkilərində iştirak edəcəyəm”, – deyə o bildirib.

H.Hacıyev rəsmi qaydada seçkilərin keçiriləcəyi bəlli olmasa da seçkilərə ciddi şəkildə hazırlığa başladıqlarını deyir: “Təbliğat işlərimiz gedir, saytlar, internet televiziyaları vasitəsilə də bu istiqamət üzrə addımlarımızı atırıq. Bu yaxınlarda Milli Şuranın da üzvü olmuş Rahim Bağırov partiyamıza üzv oldu. Yaxınlarda o, partiyamızda müavin kimi təmsil olunacaq. Onunla da birlikdə təbliğat-təşviqat işlərimizi aparıb, 2018-ci ilin prezident seçkilərinə var gücümüzlə, qalib gəlmək əzmi ilə qatılacağıq. Hesab edirəm ki, seçkilərdə öz sözümüzü layiqincə deyib, xalqımızın xeyrinə addımlar atacağıq”.

H.Hacıyevin sözlərinə görə, bu işlər üçün maliyyə qaynaqlarını da düşünüblər: “Hər halda, seçkiyə qədər tam da olmasa da, maliyyə məsələlərimizi həll edəcəyik. Biz digər əksər partiyalardan fərqli olaraq xarici kəşfiyyata işləmədiyimiz üçün maliyyəmiz də xaricdən deyil. Bəzi partiya rəhbərləri var ki, onların Avropa banklarında hesabları, müxtəlif ölkələrdə biznesləri var. Biz isə millətimizə işlədiyimiz üçün dəstəyi də onlardan gözləyirik. Millətimiz bizi dar gündə qoymayacaq. Səfirlərlə görüşdüyümüz zaman bəziləri təklif edirlər ki, bizimlə işləyin, nə lazımdırsa, yardım edək. Ancaq bütün bunların hamısından imtina edib, onlara öz sözümüzü demişik. Çalışırıq ki, maliyyə məsələsini partiyamızın imkanlı şəxsləri ilə həll edək”.

H.Hacıyev yaxın zamanlarda mitinq keçirməyi də planlaşdırdıqlarını dedi: “Biz dinamik fəaliyyətdə olan partiyayıq və mitinq komitəmiz mövcuddur. Hər həftə keçirilən İdarə Heyətinin iclasında komitənin üzvlərini də dəvət edirik. Biz mitinqə tam hazır vəziyyətdəyik. Sadəcə olaraq, Azərbaycanın ətrafında gedən geosiyasi vəziyyətə uyğun addımlar atmağı düşünürük. Düşünürük ki, yaxın bir ay ərzində mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edək. Ancaq Azərbaycanın ətrafında gedən proseslərə nəzər salanda dövlətimizin suverenliyinə zərbə vurmamaq üçün mitinq etmirik. Yəni ola bilər ki, biz mitinq keçirək, digər qüvvələr də bundan istifadə edib qarışıqlıq salsınlar. Lakin buna baxmayaraq, mitinq planımız qüvvədədir. Zamanı çatanda çox böyük və möhtəşəm mitinq keçirəcəyik. Həmin mitinqdə ölkə prezidentinə xəyanət edən qüvvələri ifşa edəcəyik. Biz necə dözə bilərik ki, şəhid ailələrinə həmin sahəyə baxan nazirlik tərəfindən ögey münasibət var – baxmayaraq ki, dəfələrlə prezidentimiz bu istiqamət üzrə addımlar atıb, şəhid ailələri ilə görüşüb. Məmurlar isə belə deyillər. Mitinqimizdə hakimiyyət daxilində olan, korrupsiyaya bulaşmış nümayəndələri ifşa olunacaqlar. Birmənalı şəkildə imkan vermərik ki, həmin mitinqdə kimlərsə durub, başqa adamın ünvanına nə isə söyləsin. Məqsədimiz dövlətçiliyin, xalqın dayağında durmaqdır. Orada konkret adlar da çəkəcəyik. Zamanında Ziya Məmmədovun adını çəkdik, indi aqibəti bəllidir. Ancaq hesab edirəm ki, Ziya Məmmədov həbs olunmalıdır. Belə bir adamı azadlıqda saxlamaq olmaz. Eyni zamanda onun əmlakının da hamısı əlindən alınmalıdır. Onun oğlu Anar Məmmədov da bu gün xaricdə dövlət başçısının əleyhinə çox böyük siyasi kampaniyaya başlayıb. O da İnterpol vasitəsilə təcili olaraq geri çağırılmalıdır. Ziya Məmmədov ona görə həbs edilməlidir ki, əlindəki milyardları ortada oynadır. Bu gün Rusiya və Qərb dövlətləri özlərinin milyarder qruplarını Azərbaycanda yenidən cəmləşdirir. Ziya Məmmədov da onların arasında oyunçu kimi oynayır. Ona görə də bu adam ən azından nəzarətdə saxlanılmalıdır. Ziya Məmmədov Milli Şurada təmsil olunan adamdır. Onun qohumlarının əksəriyyəti Milli Şuranın koordinasiya mərkəzinin üzvləridir. Şərt o deyil ki, Ziya Məmmədov gəlib, Cəmil Həsənli ilə yan-yana otursun. Bu adam gecələr görüşüb, onlara maliyyə yardımı göstərir. Cənab Zakir Qaralova deyirəm ki, ölkədə qarışıqlıq salmaq istəyən qüvvələri bu kimi nazirlər maliyyələşdirirlər. Mitinqlərimizdə bütün bunları qabardacağıq”.

Hafiz Hacıyev ölkə müxalifətinin vəziyyəti barəsində də fikir bildirib: “Azərbaycanda müxalifət ancaq bizik. Bir də var, xaricin Azərbaycandakı müxalifət adlandırılan qüvvələri. Onların da vəziyyəti çox pisdir. Bu adamlar xarici də aldadıb, aldıqları pulu batırırlar. Məqsədləri də Azərbaycanda qardaş qırğını salmaqdır. Bu adamların məlumatları hesabına ABŞ Dövlət Departamenti, Avropa Parlamenti Azərbaycan əleyhinə bəyanatlar verir. İndi yenə də bəziləri Vaşinqtona üz tutub. Məsələn, Kərimov Əlidən müxalifətmi olar? Sadəcə olaraq, orada beş-on nəfər yığışıb ki, onlar da xaricdən aldıqları pulu bölə bilmədikdə öz içlərindəki adamdan da donos yazıb, onu tutdururlar. AXCP-də son həbsləri də Kərimov Əli təşkil edib ki, xaricdən gələn pulların hamısı onun özünə çatsın, kimləsə bölməsin. Ona görə də bu adamlardan müxalifət olmaz”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın