Azinforum.az Apa-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif, sual və iradlara cavab verərkən deyib. O bildirib ki, mənzillərin 4757-si 2013-cü ilin sonuna qədər verilən mənzillərdir: “Ondan sonra verilən 1349 mənzil var. Gördüyünüz kimi, son illərdə mənzillərin alınıb verilməsi və fərdi evlərin tikilməsi yolu ilə bu kateqoriyadan olan şəxslərə təqdim edilməsi əvvəlki illərə nisbətən xeyli sürətlənib. Əgər əvvəlki 17 il ərzində ortalama hər il 280 mənzil verilirdisə, son 4 ildə hər il 335 mənzil bu kateqoriyadan olan şəxslərə mənzillər təqdim edilib. 2014-cü ildə prezident tərəfindən bu problemin həlli üçün xüsusi sərəncam imzalanıb. Bu zaman nəzərdə tutulurdu ki, hər il təqribən 50 milyon manata yaxın vəsaitin ayrılması nəticəsində bu prosesin 2014-cü ilin 1 yanvar tarixinə qədər növbədə olan şəxslərin 5 il ərzində problemləri həll ediləcək. 2014-cü ilin ikinci yarısında buna uyğun olaraq 30 milyon manat bu məqsəd üçün vəsait ayrıldı. 2015-2016-cı illərdə bizim nisbətən maliyyə vəziyyətimizin pisləşməsi, gəlirlərimizin azalması bu prosesin nəzərdə tutulduğu kimi həyata keçirilməsi imkanlarını azaltdı. Sonrakı illərdə hər il 10-15 milyon manat vəsait ayrıldı. Bu müddətdə bu proses üçün təqribən 60 milyon manata yaxın vəsait ayrılıb. Bunun hesabına 1349 mənzil öz sahiblərinə təhvil verilib”.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı üçün vəsait artırılacaq: “Biz bu prosesi təqribən hər il 500- 600 mənzil səviyyəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verməklə bu problemi həll edə biləcəyik. Bu məsələ hökumətin diqqətindədir və mümkün olan vəsaitlər çərçivəsində bu məsələni həll edəcəyik”.