Ana səhifə / Sosial / Hər başçısının öz sədri: Bələdiyyələr müstəqil quruma çevrilə bilmir

Hər başçısının öz sədri: Bələdiyyələr müstəqil quruma çevrilə bilmir

Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradılıb.

İlk dəfə həmin ilin dekabrında bu quruma seçkilər keçirilib.Konstitusiyada bələdiyyələrin kifayət qədər səlahiyyətləri olsa da, yerli özünüidarəetmə orqanları bu səlahiyyətlərdən istifadə edə bilmir.Neçə ildir bələdiyyələr icra hakimiyyətlərinin əlavəsi kimi fəaliyyət göstərir.Hər hansı rayon və şəhərdəki bələdiyyələr müstəqil fəaliyyət göstərə bilmir, icra başçılarından asılı vəziyyət düşürlər. Hətta iş o yerə çatıb ki, seçkili orqan olan bələdiyyələrin rəhbərlərini icra başçıları müəyyən edir. 

Bir neçə icra hakimiyyəti başçısı işdən çıxarılan kimi həmin ərazinin bələdiyyə sədri də dəyişir.Yeni başçı bələdiyyəyə də öz adamını rəhbər qoyur.

Məsələn, 2015-ci ilin sentyabr ayında Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu təyinatdan qısa zaman sonra, 2015-ci il 11 dekabr tarixində Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev istefaya gedib. Sədr vəzifəsinə isə Sultan Əsədov seçilib.

Bugünlərdə isə daha iki bələdiyyə sədri istefa verib.Belə ki, Səbail rayon Bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov və Badamdar Bələdiyyəsinin sədri Həbib Əsədov öz ərizəsi ilə tutduqları postdan istefa veriblər.Qeyd edək ki, Firdovsi Cəbrayılovu sədr postunda Səmədağa Aslanov, Həbib Əsədovu isə Təzəxan Astanov əvəzləyib.

Maraqlı məqam odur ki, hər iki şəxs Səbail rayon İcra Hakimiyyətinin keçmiş başçısı Asif Əsgərovun zamanında bələdiyyə sədri seçilib.Görünən odur ki, Asif Əsgərov vəzifədən gedəndən sonra sözügedən bələdiyyə sədrləri də işlərini itirib.

Bu siyahını kifayət qədər uzatmaq mümkündür.

Maraqlıdır, icra başçıları dəyişən zaman bələdiyyə sədrləri niyə istefaya gedirlər?

Yeni icra başçıları bələdiyyə sədrlərini istefaya getməyə məcbur edir, yoxsa başqa səbəb var?

Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə şərhində Azərbaycanda bələdiyyə institutunun hələ də formalaşmadığını, bələdiyyə sədrlərinin icra başçılarının razılığı ilə seçildiyini deyib: 

“Əslində, bələdiyyələr 1994-95-ci illərdə tam formalaşmalı və birbaşa xalqın səsi ilə seçilməli idi. Tədricən icra hakimiyyətinin nəzarət funksiyasından başqa bütün səlahiyyətlər bələdiyyələrə keçməli idi.Təəssüf ki, bu islahatlar baş tutmadı.İdarəetmə köhnə Sovetlər Birliyində olduğu kimi, hətta daha eybəcər formaya keçdi.Hazırda bələdiyyələr formal olaraq mövcuddur, mahiyyət etibarı ilə formalaşmayıb.Təbii ki, icra başçılarının təyin olunması prezidentin səlahiyyətində olan məsələdir.Bələdiyyələr isə yerli icra hakimiyyətlərinin və mərkəzi hakimiyyətin razılığı ilə “məndən olsun, betər olsun” prinsipi ilə seçilir.Xalq bu prosesdə iştirak etmədiyi üçün bələdiyyələr seçilmir, təyin olunur.Ona görə də onlarla istədikləri kimi davranırlar, tapşırıq da verirlər, buyururlar da, “gözüm-çıxdı”ya salırlar da, hətta lazım olanda cəzalandırırlar da.Bu da idarəetmənin islahatdan kənar eybəcərləşməsinin təzahürüdür ki, hər rayonun özündən asılı bələdiyyəsi olur.Bu isə ciddi qüsurdur.İslahatların birinci fəlsəfəsində vətəndaşın hakimiyyətin formalaşmasında iştirakını təmin edəcək bələdiyyə institutu yaradılmalıdır.Azad, ədalətli seçkilərlə xalq öz bələdiyyəsini seçib, ondan da gündəlik həyatla bağlı olan məsələlərin həllini tələb etməlidir. İcra hakimiyyəti isə ali hakimiyət orqanın yerli səlahiyyətli nümayəndəsi olaraq mərkəzi qərarların icrasına nəzarət etməlidir. Bu model reallaşmalıdır.Azərbaycanda praktik olaraq bələdiyyələrin formalaşmasında yerli ərazi idarəetmələrinin modeli bu olmalıdır.Təəssüf ki, bu, hələ də yoxdur.Sadalanan qüsurlar da məhz bunun təzahürüdür”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …