Ana səhifə / Sosial / “Hərəkat dövründə Eldar Namazov kim idi?” – Sabir Rüstəmxanlıdan sərt mövqe

“Hərəkat dövründə Eldar Namazov kim idi?” – Sabir Rüstəmxanlıdan sərt mövqe

“O dövrdə meydana çıxan insanlara bu cür qara yaxmaq, hökumət, ”KQB agenti” adlandırmaq yalnız aşağı səviyyəli insanların fikri ola bilər. O yolu gedənlər belə ittihamlar daha çox işlədirlər. Konkret Eldar Namazovu nəzərdə tutmuram, bu cür iddiada olan hər kəsə ümumi şəkildə cavab verirəm”.

Strateq.az bildirir ki, bu sözləri VHP sədri Sabir Rüstəmxanlı 1988-ci il Meydan hərəkatının rəhbərlərinin DTK ilə əlaqləli olması barədə dediklərini şərh edrəkən bildirib.

S.Rüstəmxanlının sözlərinə görə, o zaman xalq KQB agentlərinin kim olduğunu bilirdi: “Guya KQB kimisə göndərən kimi millət qəbul edəcəkdi? Millət kimin KQB agenti olduğunu o zamanlar çox gözəl bilirdi və həmin şəxsləri fitə basırdı. KQB adamlarından heç biri meydanda özünə yer tapa bilmir, çıxış da etmək imkanı olmurdu. Amma bəzən olurdu ki, 20-30 adam çıxış edirdi. Nemət Pənahlı və mən aparıcı idim. Həmin şəxslərin içərisində KQB agenti də ola bilərdi. Onların hamısına cavabdeh olmaq olmaz ki. Millət məni daha çox o zaman “Ömür kitabı”ına görə qəbul edirdi. O kitabı əllərində bayraq kimi gətirirdilər. Ondan əvvəl də “Qan yaddaşı” kitabım var idi. Millət bu kitablara görə məni qəbul edirdi. Bu kitabları KQB mənə yazdırmışdı? Təəssüflər olsun ki, bizim içərimizdəki liderlər bir-birilərinə daha çox ləkə atmaqla məşğuldurlar. Bununla milli hərəkatı da gözdən salırlar. Eldar Namazov həmin siyahını gətirib qabağımıza qoysun, görək KQB adamları kimdir?”

VHP sədri vurğulayıb ki, o iddiada olan kəslərin çoxu hərəkatdan sonra hakimiyyətə gəldilər, hakimiyyətdən getdilər: “Bütün arxivlər əllərində idi. Arxivləri açdılar və kimin-kim olduğunu gözəl bildilər. Əgər bizim haqqımızda əllərində bir fakt olsaydı, düşmənlərimiz çox idi, dərhal ortaya qoyardılar. Amma bunu edə bilmədilər. Yalnız özlərinin arxivlərini təmizləməklə məşğul oldular. Bizim heç nədən qorxumuz olmayıb. O zaman Milli Məclisdə KQB arxivlərinin açılması ilə bağlı məsələ müzakirə ediləndə dedim ki, onsuz da bu arxivlər paramparçadır, əgər açılarsa, hər kəs bir-biri ilə düşmən olacaq. İstənilən halda arxivlərin açılmasını vacib saydım. Səmimi deyək ki, hərəkat dövründə Eldar Namazov kim idi? İnciməsin məndən, məcbur olub deyirəm. Ona o zaman desəydilər ki, siyahını götür meydana çıx, meydan onu qəbul edərdi? Meydan onun adında bir şəxsin varlığı ilə yoxluğunu bilirdi ki? Millət əvvəl kimin kim olduğunu saf-çürük etdi, sonra inandığı şəxslərin arxasınca getdi”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın