Yoluxma sayının artması insanlarda müəyyən narahatlıq yaradıb. Çox adam yenidən sərt karantin dönəminə qayıda biləcəyimizi düşünür.
Sərt karantin rejimi yenidən tətbiq oluna bilərmi? Ümumiyyətlə, yoluxmanın artmasının səbəbi nədir?
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında qaydalara daha fərqli riayət etməli olduğumuzu qeyd edib:
“Hazırki vəziyyətdə karantin qaydalarına fərqli riayət etməliyik. Çünki ilk dəfə virus yayılan zaman biz xəstəliyi tanımırdıq. Virusa yoluxanlar içərisində 20% ağır xəstə var idi. İndi isə vaksinasiya olunanlar və yoluxub sağalanların sayı çoxdur. Hazırda koronavirusu ağır keçirən xəstələrin sayı açıqlanmır. Nəyə görə açıqlanmadığı da çox müəmmalıdır. Bu say 3% civarındadırsa, o zaman heç bir qapanmaya ehtiyac olmayacaq. Yoluxan şəxslərin ən az 10%-də ağırlaşma olduğu zaman sərt karantin tətbiq oluna bilər. Alimlərin apardığı araşdırmalara əsasən qeyd edə bilərik ki, virus mutasiyaya uğradıqca zəifləyir. Mənim müşahidələrimə görə hazırda virusa yoluxanlar xəstəliyi daha yüngül keçirirlər”.
Aydın Əliyev bu günə qədər Azərbaycanda sadəcə bir koronavirus dalğası yayıldığını bildirib:
“Azərbaycanda sadəcə bir dalğa olub. Nəyə görə? Çünki nə vaxt karantin sərtləşdirilibsə, yoluxma azalıb, nə vaxt yumşalmalara gedilibsə yoluxma artıb. Bu dalğa hesab olunmur. Dalğa virusun eyni karantin vəziyyətində artıb, azalmasıdır.
Hazırki durumda insanları qorxuya salmaq lazım deyil”.
