Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Günay Bank” bağlandı – Vətəndaşların əmanətlərinin aqibəti necə olacaq?

“Günay Bank” bağlandı – Vətəndaşların əmanətlərinin aqibəti necə olacaq?

“Günay Bank”ın lisenziyası ləğv edilib.
Bununla bağlı Mərkəzi Bank tərəfindən qərar verilib.

Məlumatda qeyd olunub ki, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” qanunun müvafiq maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası mayın 17-dən ləğv edilib. Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Mövzu ilə bağlı danışan iqtisadçı – ekspert Pünhan Musayevin sözlərinə görə, sığortalanmış əmanətlər sığorta edən tərəfindən vətəndaşlara geri qaytarılacaq.

Ekspert sığortalanmamış əmanətlərin vətəndaşlara necə qaytarılacağına da aydınlıq gətirib. Onun sözlərinə görə, bu məsələdə problem yaranacağı təqdirdə bankın aktivləri ləğvetmə komissiyası tərəfindən idarə olunaraq digər banklara satılacaq. Əldə olunan gəlirlə bankın borcları ödəniləcək.

Pünhan Musayev əlavə edib ki, vətəndaşların bankdan götürdükləri kreditlər üzrə ödənişlər əvvəlki şərtlərlə təyin olunan banka ediləcək.

Mərkəzi Bankdan bildirilib ki, lisenziyası ləğv edilən “Günay Bank”da 38,5 milyon manat sığortalanmış əmanət var. Bank Əmanətlərin Sığortalanması Fonduna üzvdür və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

Millət vəkili Vuqar Bayramov isə sosial şəbəkə hesabında yazıb ki, sözügedən bankda 70 milyona manata yaxın əmanət sığortalanmayıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …