Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Gecikmiş vacib məsələ: Tədris müəssisələrində dini maarifləndirmə işi

Gecikmiş vacib məsələ: Tədris müəssisələrində dini maarifləndirmə işi

Nardaranda baş verən son hadisələr sözsüz ki, dövlətçiliyimizə, dinimizə qarşı bir təxribatdır. Bu təxribatdan danışmazdan qabaq yaxın keçmişdə baş verən buna bənzər hadisələrə qısaca ekskurs etmək çox vacibdir. Belə ki, dini maariflənmənin boşluğundan sui-istifadə edən bir sıra xarici təşkilatlar məsələn, Səudiyyə Ərəbistanının “İslami-Nicat” qrumu 1993-cü ildə Sumqayıtda “Əbu-Bəkr” məscidi inşa etdi. Maraqlıdır ki, bu məscidin ilk imamı milliyyətcə ərəb olan Əmir Fəhmi idi. Sonradan məlum oldu ki, burada İkinci Çeçen Müharibəsi üçün mücahidlər hazırlanıb. Həmin səbəbdən Azərbaycan hökuməti bu məscidi bağlatdı. Lakin 1998-ci ildə həmin təşkilat Bakının Nərimanov rayonunda eyniadlı ikinci məscidi inşa etdi. 2008-ci ildə isə burada terror hadisəsi baş verdi: iki ölü, 18 yaralı. Suriyada öldürülən gənclərimiz də dinimizə yalançı və yabançı olan emissarların təxribatı nəticəsində baş verdi. Digər bölgələrdə də dini zəmində baş verən epizodik toqquşmalar şiə və sünni radikal xarici təşkilatların bilavasitə maddi və ideoloji dəstəyi ilə həyata keçirilib. Maraqlıdır ki, “Dini etiqad haqqında” qanunun əksinə olaraq, hələ də bəzi bölgələrdə xaricdə təhsil alan mollalar axundluq edir. Və nəhayət, Nardaranda baş verən son hadisələr. Bütün bunlar müstəqil Azərbaycanda həm də dini maarifləndirmə işinin yetərincə olmamasından xəbər verir. Halbuki, hələ 1996-cı ildə Azərbaycan Respublikasının prezidenti mərhum heydər Əliyev bu məsələnin həlli üçün siyasi iradəni ortaya qoymuşdu.

O deyib: “İslam dininin məktəblərdə tədris olunması günün tələblərindən biridir və bu barədə Təhsil Nazirliyi, müvafiq təşkilatlar düşünməli, lazimi tədbirlər görməlidirlər”. Ulu öndərin bu çıxışından 20 il keçməsinə baxmayaraq, müvafiq qurumların laqeydliyi ucbatından bu tapşırıq hələ də kağız üzərində qalmaqdadır.
Göründüyü kimi, gənc və yeniyetmələri yalançı və yabançı dini ideoloji təsirdən qorumaq üçün dini bilgilərin maarifləndirilməsinə xüsusi yer verilməlidir. Maariflənmənin isə ən təsirli və yeganə mümkün yolu təhsil sistemi vasitəsilə dinin əsaslarının tədrisidir. Bütün modern demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da dünyəvi təhsil sistemində dini təhsil iki əsas səbəbə görə vacib sayılır:
1) Vicdan və təhsil azadlığından; 2) Vətəndaşların yanlış məlumatlandırılmasına qarşı dövlətin tədbirgörmə ehtiyacından.

Dünyəvi təhsil sistemində dini bilgilərin verilməsi:
1) Gələcək nəsli xaricdən nüfuz edən dağıdıcı ideologiyadan qoruyar, onların dini emissarların vasitəsilə hansısa xarici siyasi qüvvələrin əlində təsir vasitəsinə çevrilməsinə imkan verməz. Buna beynəlxalq təcrübədə “ideoloji immunitet” də deyilir.
2) Dini məlumatlara olan maraq və ruhi axtarış təlabatını təmin etmək məqsədi ilə məktəbdənkənar yerlərə üz tutaraq bəzən cahil din xadimlərinin təsirinə düşən, nəticədə cəmiyyətdən təcrid olunaraq fanatiklik həddinə çatan gəncləri xurafatçılıq və möhvumatçılıqdan qurtarar. Xüsusi olaraq qeyd etmək lazımdır ki, məktəblərdə dünyəvi tədris dövlətin inhisarında olduğu üçün, burada İslam və digər dinlərin xurafat və mövhumatdan uzaq olmasına zəmanət daha güclüdür.
3) Milli idelogiyanın məhz milli-mənəvi dəyərlər əsasında formalaşmasında daha stabil, zəmanətli mənəvi dəyər və kriteriyaların yaranmasına xidmət edər.
4) Mənəviyyatımıza qəsd edən korrupsiya, rüşvətxorluq, narkomaniya, cinayətkarlıq, əyyaşlıq, mənəvi düşgünlük və s. bəlalara qarşı ən etibarlı vasitə olar.

Dini tədris bəzi məmurların düşündükləri kimi, dinin dövlət və təhsildən ayrılması prinsipinə zidd deyil. Dünya hüquq təcrübəsində dinin təhsildən ayrı olması o deməkdir ki, dini təhsil sistemi dünyəvi təhsil sistemindən ayrılır. Əks halda dini təhsil ocaqlarının mövcudluğunun özü hüququ nonsens olardı. Deməli, məsələ dünyəvi təhsil sisteminə cəlb olunan və tələbə və şagirdlərə müəyyən həcmdə “İslam tarixi”, “Dinin əsasları”, “Din mədəniyyəti və əxlaqi biliklər”in tədrisi ilə bağlıdır ki, bu da demokratik dövlət prinsipinə, ölkə konstitusiyası və təhsil qanununa tam uyğundur.
Qeyd edək ki, bizim dünyəvi adlandırdığımız dünyanın inkişaf etmiş bütün demokratik ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Almaniya, Belçika, Türkiyə və digərlərində dünyəvi təhsil müəssisələrində dini biliglər geniş təbliğ olunur.
Əslində, Nardaranda baş verən hadisə Azərbaycanın konstitusiya hakimiyyətinə qarşıdır və bu təxribatın qarşısı birmənalı alınmalıdır. Burada dövlət qurumlarının səmərəli fəaliyyəti üçün tam şərait yaradılmalı, təxribatçılar Qanun qarşısında cavab verməli, dini maarifləndirmə işi gücləndirilməli və  səbəblər tarixən yüksək dəyərlərə malik Nardaran camaatı ilə birlikdə araşdırılmalıdır.

P.S. Biz bu məsələnin həllində 20-25 ildir gecikirik. Lakin həm qütbləşən, həm də qloballaşan dünya əvvəl axır bizi məcbur edəcək ki, dini maarifləndirmə işini dünyəvi tədris müəssisələrində aparaq. Nə qədər tez olsa bir o qədər yaxşıdır.
Vaqif Cəliloğlu, tex.e.üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın