Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Gəncənin deputatı AZAL-a etiraz etdi

Gəncənin deputatı AZAL-a etiraz etdi

“Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2017-ci il yanvar ayının 12-dən etibarən Gəncəyə təyyarə reyslərinin ləğv edilməsi Gəncə və ətraf rayon sakinlərinin haqlı narazılığına səbəb olub”.

Bunu Lent.az-a Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, Bakıdan sonra Azərbaycanın ən çox diqqət mərkəzində olan ikinci şəhəri Gəncədir və son illərdə bir çox beynəlxalq səviyyəli dövlət əhəmiyyətli siyasi-ictimai tədbirlər məhz burada keçirilir: “Gəncə həm coğrafi mövqeyinə, həm əhalisinin sayına, həm strukturlaşma resurslarına və digər önəmli faktorlara görə Bakıdan sonra Azərbaycanın ikinci mərkəzi rolunu oynamaq imkanlarına sahib olan nəhəng mərkəzdir, sənaye şəhəridir.

2016-cı ildə Gəncənin “Avropa Gənclər Paytaxtı” kimi fəaliyyəti olduqca təqdirəlayiqdir. Layihə ilə bağlı şəhərə minlərlə xarici qonaqlar gəlib, tədbirlərdə iştirak edib. 2017-ci ildə Nizami yurdu MDB-nin Mədəniyyət Paytaxtı seçilib. Bu il də şəhər mötəbər tədbirlərə ev sahibliyi edəcək, minlərlə xarici qonaqlar Gəncəyə gələcək. Onların Bakıdan Gəncəyə rahat gəlmələri üçün təyyarədən istifadə etmələri lazımdır. AZAl Bakı-Gəncə reyslərini təxirə salmaqla ölkəmizin beynəlxalq imicinə böyük xələl gətirdiyini düşünməlidir. Mən tez-tez Bakı-Gəncə reysindən istifadə edirdim. Hər dəfə də təyyarənin 60-70 faiz sərnişinlə dolu olduğunun şahidi olmuşam. AZAL-ın Bakı-Gəncə təyyarə reyslərinin təxirə salmasını iqtisadi cəhətdən əlverişli olmaması ilə əlaqələndirməsi həqiqətdən uzaqdır. Sovetlər dönəmindən gün ərzində 3 dəfə Gəncə-Bakı təyyarə reysləri həyata keçirilib. Hazırda 1 uçuşun həyata keçirilməsi ölkənin Qərb bölgəsinin vətəndaşları üçün olduqca vacibdir. Vətəndaşların haqlı şikayətini nəzərə alaraq, Gəncədən seçilən deputatlar Bakı-Gəncə reysinin qısa müddətdə bərpa edilməsi üçün aidiyyatı qurumlara müraciət etməyi qərara alıblar.

Həmçinin Gəncə Naxçıvan reysinin də bağlanması Naxçıvanla Bakıdan sonra yeganə hava əlaqəsinin kəsilməsidir. Naxçıvanlılar üçün çox böyük problem yaratmış olur. Naxçıvandan Gəncəyə gəlməli olan sərnişinlər yalnız Bakı uçuşundan istifadə etməli olurlar. Baxmayaraq ki, Türk Hava Yolları Gəncə – İstanbul reysini sərnişinlər az olduğu halda ləğv etmir, AZAL-ın bu addımı anlaşılan deyil”.

Deputat onu da bildirib ki, AZAL bu problemi aradan qaldırmayacağı təqdirdə bununla bağlı ölkə rəhbərliyinə müraciət edəcəklər.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın