Ana səhifə / Sosial / Fuad Qəhrəmanlının qardaşı: “Həbs bizim üçün sürpriz oldu”

Fuad Qəhrəmanlının qardaşı: “Həbs bizim üçün sürpriz oldu”

Nəsimi rayon Məhkəməsinin qərarı ilə çərşənbə axşamı günü həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müvəqqəti saxlama təcridxanasından Kürdəxanıya köçürülüb, BBC Azərbaycancaya onun qardaşı Vüsal Qəhrəmanov məlumat verib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaqına şahid qismində dəvət olunan Fuad Qəhrəmanlı barəsində Nəsimi rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin dövlət əleyhinə yönələn açıq çağırışları və zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını nəzərdə tutan maddələrlə ittiham irəli sürülüb.

Prokurorluğun məlumatına görə, Fuad Qəhrəmanlı Nardaran hadisələri zamanı Facebook şəbəkəsində “itaətsizliyə çağırışlar” edib.

Fuad Qəhrəmanlının tərəfdarları bu iddiaları rədd edir və onun həbsini siyasi fəaliyyətilə əlaqələndirir.

“Siyasi xarakterli”

“Qardaşımın saxlanılma xəbərini mediadan oxudum. Onun nə işlə məşğul olduğunu bilirdik və buna görə də saxlanılacağını heç gözləmirdik. Bu xəbər bizim üçün sürpriz oldu”, Vüsal Qəhrəmanov deyir.

Fuad Qəhrəmanlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçiləndən sonra gecə ikən onun Mehdiabadda yerləşən evində axtarış aparılıb və evdən yalnız Fuada məxsus stolüstü kompüterin bütün hissələri ilə birlikdə (monitor, prosessor və maus) götürülüb.

Bu gün günorta ona paltar və qida aparmaq üçün Nəsimi rayon müvəqqəti saxlama təcridxanasına gedəndə qardaşının bir neçə saat əvvəl Kürdəxanaya göndərildiyini öyrənib: “Biz qardaşımızın günahsız olduğunu bilirik. İndi ibtidai istintaq araşdırmalarının nəticəsini gözləyirik.”

AXCP sədrinin müavini Gözəl Bayramlı həmkarının ilk əvvəl istintaqa şahid ifadəsinin alınması üçün dəvət olunduğunu deyir.

Onun sözlərinə görə, Fuad Qəhrəmanlı hakimiyyətdən hansı iş üzrə istintaqa dəvət olunduğunu dəqiqləşdirərək rəsmi qaydada çağırış vərəqi göndərilməsini xahiş edib.

Aradan bir neçə saat keçdikdən sonra istintaq idarəsinin əməkdaşları gələrək onu evindən məcburi aparıblar, Gözəl Bayramlı deyir.

Həmin vaxt evdə yalnız iki yeniyetmə qızı olub. Həyat yoldaşı Zümrüd Yaqublu isə xaricdə konfransa qatıldığına görə evdə olmayıb. Bir neçə saatdan sonra ona qarşı cinayət işinin başladılması xəbəri gəlib.

Gözəl Bayramlı hesab edir ki, Fuad Qəhrəmanlının həbsinə səbəb onun yazılarıdır.

“Fuadın analitik və tənqidi yazıları həmişə böyük marağa səbəb olur və cəmiyyət tərəfindən rəğbətlə qarşılanırdı. Sonuncu yazısı da “Günəşli” neft platformasında baş verən hadisədə həlak olanların ailələrinə maddi yardımla bağlı idi. Bu tipli yazılar isə ilk dəfə deyil, o hər zaman belə yazılar yazır. Onun saxlanılması sırf onun siyasi fəaliyyəti ilə bağlıdır.”

Fuad Qəhrəmanlının hakimiyyətdə korrupsiya hallarından yazdığını önə çəkən Gözəl Bayramlı həbs qərarının AXCP-ə təzyiq göstərmək, partiyanı çökdürmək məqsədi daşıdığını vurğulayır.

Nardaran

Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev Nəsimi rayon Məhkəməsinin çıxardığı 3 ay müddətinə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı bu gün Bakı Apellyasiya Məhkəməsinə ərizə təqdim etdiyini açıqlayıb.

“Fuad Qəhrəmanlıya qarşı iki maddə ilə 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) ittiham irəli sürülüb. Onun sosial şəbəkələrdə bu maddələrə uyğun çağırışlar etdiyini iddia edirlər, amma Fuad Qəhrəmanlı sosial şəbəkələrdə yalnız tənqidi fikirlər səsləndirdiyini deyir və bu ittihamlarla razılaşmır”, vəkil deyir.

Baş Prokurorluq məlumat yayıb ki, Nardaran hadisələri barədə istintaq araşdırması zamanı Qəhməranlının “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində bu ilin sentyabrından başlayaraq vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, İslam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair sübutlar toplanıb.

Sübutlar onun çağırışlarının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr yaradıb, Baş Prokurorluğun məlumatında deyilir.

26 noyabrda Nardaranda polislə yerli sakinlər arasında toqquşma baş verib və hadisə nəticəsində ikisi polis olmaqla 6 nəfər həyatını itirib və bir neçə şəxs həbs edilib. Saxlanılmış 14 nəfər barəsində hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb, Baş Prokurorluq açıqlayıb.

Bu, Fuad Qəhrəmanlının sayca 3-cü həbsidir.

AXCP üzvü Fuad Qəhrəmanlı ilk dəfə 1998-ci ildə, yazdığı “Müxalifətin mitinq taktikası” başlıqlı yazısına görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb.

İkinci dəfə isə onu 2011-ci ilin aprel ayında, Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə saxlanılmış, sonradan 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın