Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Sosial / Firdovsi Şahbazov: “Pandemiyanın davamlılığı artdıqca, onun mənfi təsirlərinin əhatə dairəsi də genişlənir”

Firdovsi Şahbazov: “Pandemiyanın davamlılığı artdıqca, onun mənfi təsirlərinin əhatə dairəsi də genişlənir”

“Həyata keçirilən proqramlar dövlət dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır”.

Bu fikri Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev şəxsi təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, onun təşəbbüsü ilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib: “Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir.

Sirr deyil ki, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurmuşdur. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılmışdır. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlamış və təsdiq etmişdir”.

Prezident qəbul olunan proqramlar və bunların məqsədi barədə bir sıra məqamlara toxunub: “Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi artmışdır. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilmişdir. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır”.

Bəlli oldu ki, koronavirusla mübarizədə digər dövlət dəstəyi mexanizmləri hazırlanacaq. Nəticədə dövlət dəstəyinin əhatə dairəsi daha da genişlənəcək.

Ümumilikdə, bütün bunları ekspertlər necə dəyərləndirirlər? Digər dövlət dəstəyi mexanizmlərində nələr ola bilər?

Məsələyə münasibət bildirən sosial sahə üzrə ekspert Firdovsi Şahbazov buna bir neçə aspektdən yanaşdı: “Pandemiyanın davamlılığı artdıqca, onun mənfi təsirlərinin əhatə dairəsi də genişlənir. Bu da iqtisadiyyatda və əhalinin rifah səviyyəsinin təmin olunmasında əlavə problemlər yaradır. Həmin problemlərin həlli dövlətin dəstək proqramlarının davamlı olmasını və pandemiyadan zərər görən bütün sahələrin bu dəstək proqramları ilə əhatə olunmasını tələb edir. Bunu nəzərə alaraq ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə bütün mümkün inkişaf ssenarilərinin nəzərə alınması ilə aidiyyəti orqanlar tərəfindən yeni dəstək proqramlarının hazırlanmasına başlanıb. Həmin proqramların əhatə dairəsi və maliyyə tutumu isə qarşıdakı dövrdə iqtisadiyyatda baş verəcək proseslərdən asılı olacaq. Dövlətin bu sahədə həyata keçirdiyi ardıcıl, məqsədyönlü qabaqlayıcı tədbirlər sayəsində, bütövlükdə, baş verə biləcək hər hansı gözlənilməz mənfi proseslərin qarşısını vaxtında almaq mümkün olacaq. Eyni zamanda, postpandemiya dövründə iqtisadi artımı təmin etmək mümkün olacaq. Həyata keçirilən tədbirlər, həmçinin, pandemiyanın mənfi təsirlərinə qarşı mübarizədə ölkə əhalisinin göstərdiyi həmrəyliyin daha da güclənməsinə xidmət edəcək”. (Bakixeber.com)

Həmçinin oxuyun

Bu şəxslər 3 min manat cərimələnəcək: Qanun təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanunla …