Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Fazil Mustafa: “Mənim adımı nədə hallandırmırlar ki?”

Fazil Mustafa: “Mənim adımı nədə hallandırmırlar ki?”

“Güman etmirəm ki, iqtidar dünyanın bu qarışıq vaxtında ciddi sistem islahatlarına getsin”
Gələn həftə Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum keçiriləcək. Ölkə üçün əsas siyasi hadisələrdən olan ümumxalq səsverməsi barədə qərara, referenduma çıxarılan məsələlərə münasibət birmənalı olmadığından son günlər müxalifətin davamlı etiraz aksiyalarının da şahidiyik.

Referendumdan sonrakı Azərbaycanla bağlı fərqli yanaşmalar var və budəfəki müsahibimizin də baxışları orijinallığı ilə seçilir. Böyük Quruluş Partiyasının (BQB) başqanı, deputat Fazil Mustafa ilə söhbətdə referendumla yanaşı, ölkə gündəmindəki bir çox məsələlər barədə danışdıq. Həmçinin ünvanına səsləndirilən ittihamlara da deputatın münasibətini öyrəndik.

– Fazil bəy, referendum əleyhinə aksiyaları izləyirsinizmi? Bir zaman təmsil olunduğunuz düşərgənin keçirdiyi mitinqlər barədə fikriniz necədir?

– Hüquqi aspektdən yanaşanda referendum ərəfəsində bu cür tədbirlərin keçirilməsi və hakimiyyət orqanları tərəfindən buna şərait yaradılması doğru addımdır və mitinqlərin keçirilməsinə demokratiyanın adi bir prosedurası kimi yanaşılmalıdır. Konstitusion hüquqlar da işlənmədikcə korroziyaya uğrayır, ona görə də müxtəlif partiya və siyasi qüvvələrin öz görüşlərini bu formada ifadə etməsi demokratiyanın təzahürüdür. Siyasi baxımdan isə, sosial şəbəkələrdə insanlarla daha uyğun mühitdə ünsiyyət imkanının mitinqlərdən səmərəli olduğu mübahisə olunmaz bir gerçəkdir.

Fikrimcə, sözü və qabiliyyəti olan insanlar öz düşüncələrini sosial şəbəkələr vasitəsilə daha rahat və aydın çatdırmaq imkanı əvəzinə, insanları daha məhdud sayda bu aksiyaya cəlb edərək say yarışı keçirməklə məşğul olurlarsa, bunun müsbət nəticəsi barədə danışmaq çətindir. Hər halda metod yeniliyi, fikir və yanaşma orijinallığı olmadığı müddətdə bu cür opponentliyin iqtidara hansısa narahatçılıq yaradacağını təsəvvür etmək mümkünsüzdür.

– YAP-çı deputat Siyavuş Novruzov hesab edir ki, AXCP rəhbərliyi xaricdən aldığı təlimat əsasında mitinqlər keçirir və məqsəd ölkədə sabitliyi pozmaqdır. Bu ittihamlarla razılaşırsınızmı?

– Kifayət qədər indormasiya resurslarına əli çatan hakim partiyanın təmsilçisinin bu kimi açıqlamalarına hər halda diqqətlə yanaşılmalıdır. Mümkündür ki, əllərində hansısa mənbələrdən alınan ciddi məlumatlar olsun və nəticədə də belə bir fikir səsləndirsinlər. Açığı, belə bir məlumata sahib deyiləm, ancaq ölkədə sabitliyin pozulmasına yönəlik bütün addımların qarşısının alınması indiki həssas dövrdə olduqca vacibdir.

– BQP-nin və şəxsən sizin referendumdan sonrakı dönəmlə bağlı gözləntiləriniz nədən ibarətdir? Bir sıra ekspertlər islahatları qaçılmaz sayır, ancaq belə yanaşma da var ki, ciddi islahatlara gedilməsi real görünmür. Siz necə düşünürsünüz?

– Bir neçə il öncə islahatlar barədə daha çox danışırdıq, indi isə mətnlərimizin içində daha çox ölkənin təhlükəsizliyi məsələsi yer alır. Bu səbəbsiz deyil, çünki islahatlar üçün iki şərt vacibdir. Birinci, cəmiyyətin israrlı tələbi, ikincisi isə dövrün şərtlərindən doğan zərurətlər. Cəmiyyətdən belə israrlı tələblər gəlmirsə, gözlər ikinci şərtə dikilir. Burada isə aydın olur ki, indiki şərtlərdə əsas hədəf hər bir ölkənin başını qorumasıdır. Yəni təhlüksizliyini riskə soxmamaqdır. Ciddi islahatlar isə həmişə risklərlə müşayiət olunur. Güman etmirəm ki, iqtidar dünyanın bu qarışıq vaxtında ciddi sistem islahatlarına getsin. Çünki referenduma çıxarılan məsələlərin də mahiyyətindən göründüyü kimi, əsas motiv ölkənin xarici təhlükələrdən qorunması üçün zəruri olan boşluqların doldurulmasıdır. Daha güclü icra hakimiyyətinin formalaşmasıdır. Fikrimcə, əhalinin sosial vəziyyətini yaxşılığa doğru dəyişəcək real islahatlar aparmaq vacibdir, əks halda, sosial narazılığın genişlənməsi ölkə üçün xarici təhdidlərdən daha ciddi təhlükəyə çevrilə bilər. Xüsusilə də son iki devalvasiyadan sonra gəlir səviyyəsi xeyli aşağı düşmüş insanların problemlərinin həllinə çevik müdaxilə olmalıdır.

– Fazil bəy, bir neçə gün öncə sizin Həcc və Kərbəla ziyarətləri barədə dedikləriniz birmənalı qarşılanmadı. Ancaq sonradan məlum oldu ki, əslində İran rəsmilərinə aid edilən açıqlama təhrif olunub. Sizin vaxtaşırı dini mövzularda səsləndirdiyiniz fikirlər xeyli müzakirələrə səbəb olur. Bu mövzuya həssas münasibətinizin səbəbi nədir?

– Hər dəfə bir açıqlama verirlər, reaksiyaları görən kimi, bunu söyləmədilərini bəyan edirlər. Halbuki, bu məsələ dəfələrlə ən yüksək dini məqamlarca diqqət mərkəzinə gətirilib və səmimi inanclı insanlara yanlış istiqamət verilib. Bizdən soruşanda ki, bunun adı nədir, demişik ki, hoqqabazlıqdır.

Çünki Quranda Kəbəyə alternativ ibadət yeri nəzərdə tutulmayıb. Digər tərəfdən isə hər hansı bir ad altında İran vətandaşlarının Həcc ziyarəti zamanı təhlükəsizliyinin təmin olunmamasının yanlışlığına da diqqət çəkmişik. Ümumilikdə isə bu cür açıqlamaların mübahisə doğurması təəccüblə qarşılanmamalıdır, çünki burada məqsədlər arasında ziddiyyətlər var. Biz İslam adı ilə cəhalətin, xurafatın, məzhəbçiliyin, camaatçılığın, təriqətçiliyin Azərbaycan üçün təhlükəsinə diqqət çəkirik və xalqımızın aydınlanması üçün doğruları söyləməyə çalışırıq. Onlar isə bu cəhalətin qalması üçün əllərindən gələni edirlər.

Bunu İranda, Səudiyyə Ərəbistanında, Türkiyədə özləri üçün edirlərsə, bizə elə bir dəxli yoxdur. O məqamlar ki, bizim dövlətə və millətə qarşı mənfi təsirləri əks etdirir, o zaman öz mövqeyimizi ortaya qoymaqdan çəkinmirik. Əgər deyirəmsə ki, İslam əxlaq dinidir, orada siğə yoxdur, siğə əxlaqsızlıqdır, yaxud deyirəm ki, zəncirlə başınızı yarmayın, ələm fırıldağına uymayın, Qarabağı qoyub yalançı çağırışlara Suriyaya cihada getməyin, bunlara bir vicdan borcunu yerinə yetirmək kimi baxıram, indi kimsə buna əsəbləşəcəksə, biz öz missiyamızdan əl çəkməməliyik ki?

– Azərbaycandakı nurçularla bağlı səslənən iddialara siz də adınızın hallandırılması səbəbindən reaksiya vermişdiniz. Bu mövzu bağlanmış sayıla bilərmi, yoxsa növbəti mərhələdə də sizə qarşı istifadə oluna bilər? Ümumiyyətlə, Azərbaycan bu təhlükə ilə üz-üzə qala bilərmi?

“Biz İslam adı ilə cəhalətin, xurafatın, məzhəbçiliyin, camaatçılığın, təriqətçiliyin Azərbaycan üçün təhlükəsinə diqqət çəkirik və xalqımızın aydınlanması üçün doğruları söyləməyə çalışırıq”

– İndiyə qədər mənim adımı nədə hallandırmırlar ki? Sonda bu cür böhtanların və böhtançıların fiaskoya uğradığını məgər görmürsünüz? Hələ də anlamaq iqtidarında deyillər ki, hər bir məsələyə, problemə, predmetə öz orijinal baxışı olan bir insanı heç bir qəlibin içinə soxmaq, sığışdırmaq mümkün deyil. Uzun illərdir siyasətlə məşğul oluram, düşündüklərimi açıq söyləyirəm, inandıqlarımı israrla müdafiə edirəm, hətta topluma, cəmiyyətə tərs düşən görüşlərimi belə çəkinmədən ortaya qoyuram, indi bu nadanların yerinə kim olsa, oturub düşünər ki, bu adam necə rahatlıqla bu cür addımları ata bilir? Bu cəmiyyətin dürüst, səmimi insanları bizim kimliyimizi yaxşı bilir, bilir ki, biz siyasətdə də, elmdə də, inancda da, idmanda da, insan münasibətlərində də heç vaxt əxlaqdan kənara çıxmırıq.

Mən söyləyəndə ki, Türkiyədə kim çevriliş edibsə, bu qardaş ölkəmizə xəyanətdir, onları sərt cəzalandırmaq lazımdır, ancaq bu dalğada Türkiyə adına açılan hansısa məktəbi Azərbaycanda, Qırğızıstanda, Qazaxıstanda bağlamaq strateji baxımdan yanlışdır, çünki türk məktəblərinin bağlanmasından yaranan boşluğu Qum düşüncəsi ilə yaşayanlar dolduracaqlar, qoy Türkiyə hökuməti bu məktəblərə etibarlı adamlarını təyin edib, onları sıradan çıxarmağa qoymasın, o zaman bütün İranyönlü saytlar başlayırlar məni nurçu elan etməyə.

Bizdəki türk vücudu ilə düşünən farslar da bunu tirajlamaqla belə bir imic yaratmağa çalışırlar. O zaman meydana çıxıb söyləyirəm ki, ləyaqətiniz varsa bir fakt ortaya qoyun, bu cür böhtanlar bizə keçməz, deyirlər ki, çox sərt reaksiya verirsən. Azərbaycanda Turan Yazqanın açdığı məktəbləri, Anadolu, Atatürk litseylərini, Dəyanət Vaqfının, o cümlədən keçmiş “Çağ” öyrətimin yaratdığı məktəbləri qorumaq strateji cəhətdən vacibdir, bizə Türkiyə tərəfdən hansısa təhlükə ola bilməz, bunun tirajlanması qardaş ölkə ilə bağlı həmişə şübhəli yanaşmalara rəvac verə bilər və əsil real təhlükələrdən diqqətimizi yayındırar. Açıq mətnlə söylədiyimiz budur, əsas odur ki, səmimiyyətlə söylədiklərimiz diqqətə alınsın və yanlış qərarlar verilməsin.

– Son zamanlar Azərbaycan yenə də bütün cinahlardan təzyiqlərlə üz-üzədir. Şimalda, Rusiyada separatçıları bir araya gətirməyə hazırlaşırlar, cənubda, İranda separatçılara öz bayrağı ilə idman yarışına qatılmaq şansı tanınır. Erməni təcavüzünə qarşı açıq mövqe əvəzinə, işğalçıya stimul verilir. Nə baş verir? Bizi növbəti təhdidlərmi gözləyir?

– İstər Rusiya, istər də İran bizim güclü qonşularımızdır və onlarla dostluq münasibətlərinin qorunmasına hər zaman maraq göstərməliyik. Bununla belə, oradan gələn müəyyən sürprizlərə də immunitetimizi itirməməliyik. Hər kəs bizi öz nəzarəti altında görmək istəyir, biz isə mümkün olduğu qədər müstəqil siyasət yürütməkdən çəkinmirik, o zaman bizim barəmizdə mütləq buxovlayıcı bir şeylər düşünəcəklər. Xüsusilə İranda erməni separatçılarının bu kimi addımlarına imkan tanınması bu ölkənin bizə qarşı dostluq mesajlarının heç də səmimi olmadığını ortaya qoyur. Bu barədə Böyük Quruluş Partiyası olaraq öz sərt mövqeyimizi bildirmişik, ümid edirəm ki, İran rəsmiləri bu kimi yanlış addımlarla münasibətlərimizin korlanmasına rəvac verməyəcəklər.

– Milli Məclisin payız sessiyasının ilk iclasında hansı aktual məsələləri qaldıracaqsınız?

– İlk olaraq devalvasiyanın yaratdığı problemlərdən danışmağı düşünürəm. Həqiqətən əhalinin yoxsullaşmasının ciddi fəsadlar yarada biləcəyini hökumət ciddi müzakirə edib, çıxış yollarını tapmalıdır. Ardınca məşğulluq məsələsinin həllində konkret işlər görülməsini aktual məsələ olaraq gündəmə gətirəcəyəm. Qarabala bağlı Rusiyanın təklif etdiyi variantların Milli Məclisdə qapalı müzakirəsinin aparılması təklifi ilə çıxış etmək niyyətindəyəm. Digər vacib məsələləri də həmişəki kimi səsləndirməyi düşünürəm.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın