Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Fəzail Ağamalıdan “MTN işi” ilə bağlı yeni açıqlamalar

Fəzail Ağamalıdan “MTN işi” ilə bağlı yeni açıqlamalar

Millli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Gün.Az-a müsahibə verərək “MTN işi” ilə bağlı danışıb. Deputatın müsahibəsinin mövzuya aid hissəsini təqdim edirik:
– Fəzail müəllim, artıq başa vurmaqda olduğumuz 2015-ci il bir sıra hadisələrlə yadda qaldı və onların da içərisində ən neqativlərindən biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ətrafında cərəyan edən hadisələr oldu. Bu hadisələr nəticəsində qanunsuzluqlara yol vermiş bir sıra şəxslər həbs olundu, işdən çıxarılanlar oldu. İndiki dövrdən baxıb həmin hadisələr haqqında nə demək olar? Bu nə idi?
– Bu, əvvəla,  Azərbaycan dövlətinə, Azərbaycan xalqına və Eldar Mahmudova etimad göstərən ölkə Prezidentinə xəyanətdir. Bunun ayrı adı yoxdur. Kütləvi informasiya vasitələrinin vermiş olduğu çox məhdud informasiya, məlumatlardan da çıxarılan nəticə tükürpədicidir. Çünki dövlətin bel sütunu sayılan, cəmiyyətin, xalqın təhlükəsizliyində müstəsna rol oynayan bir qurumun rəhbəri, onun ətrafındakı bandanın törətmiş olduğu cinayətlərin izahını tapmaq mümkün deyil.
Buradan çıxarılan ən mühüm və əhəmiyyətli nəticə bundan ibarət oldu ki, ölkə Prezidenti bir daha özünün Azərbaycan dövlətinə, onun müstəqilliyinə və Azərbaycan xalqına sədaqətini ortaya qoydu, o dəyərlərə, o istiqamətlərə bundan sonra da sədaqətlə xidmət edəcəyini bütün mənalarda nümayiş etdirdi.
Həmçinin, nümayiş etdirdi ki, qanunsuzluğa yol verən hər bir kəs də Azərbaycan qanunları qarşısında hökmən cavab verməlidir. Kimsə  qanunsuzluğa yol veribsə, ondan hansısa bir formada kənarda dura, kənara çəkilə, özünü qanundan kənar fövqəl bir insan kimi, fövqəl bir məmur kimi  apara bilməz.
Əlbəttə, bu xoşagəlməz, neqativ hadisə hər birimizdə də narahatçılıq, böyük təəssüf hissi doğurdu. Ancaq mən bundan öncəki açıqlamlarımda da həmin  bandanın “anatomiyasının” mahiyyətinə uyğun olaraq onlara etik çərçivələrdə bütün ifadələri, bütün ittihamları söyləmişdim, onları ictimai rəyə gətirmişdim.
Ancaq bununla bərabər biz keçmiş Milli Təhlükəsizlik Nazirlyində Azərbaycan dövlətinə, Azərbaycan xalqına  sədəqətlə xidmət edən çoxsaylı insanların olduğunu da etiraf etməliyik. Buradakı çoxminli şəbəkənin heç də hamısı bu bandanın təsiri altında olmayıb, bu bandanın cinayətləri içərisində fəaliyyət göstərməyiblər. Bu baxımdan, tamamilə əminəm ki, artıq yaranmış olan yeni strukturlar səlahiyyətləri çərçivəsində öz üzərlərinə düşən vəzifəni  layiqincə yerinə yetirəcəklər.
Çıxarılan ən mühüm nəticələrdən biri də ondan ibarət oldu ki, hər bir məmur, yəni, ən yüksək səviyyədə prezidentin təyin etmiş olduğu dövlət xadimi Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında məsuliyyətini dərk etməlidir və Azərbaycan prezidentinə, onun etimadına xəyanət etməli deyil. Odur ki, baş vermiş neqativ, o xoşagəlməz hadisə Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti üçün, bütün məmurlar üçün çox ciddi bir örnək oldu.
– Bu kontekstdə başqa bir məsələyə – hazırda həbsdə olan, Eldar Mahmudovun cinayətlərində faktiki şərik oşmuş Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin birbaşa olmasa da, dolayısı ilə bəzi KİV-lərdə müdafiəsinin təşkil olunmasına münasibətiniz necədir?
– Əlbəttə, mənə elə gəlir ki, Cahangir Hacıyevi müdafiə edənlər elə Cahangir Hacıyevlə bərabər tutulmalıdır və bərabər də tutulanlardır.
Yəni, onlar  vaxtilə ya Cahangir Hacıyevin əməllərinin ört-basdır edilməsində iştirak ediblər və yaxud, zamanında Cahangir Hacıyevin parasıyla, köməyi ilə ərsəyə gələn o  “müdafiəçilər” bu gün də o “missiyanı” yerinə yetirməkdədirlər.
Heç bir halda da unutmaq olmaz ki, Cahangir Hacıyev haqqında həbs qətimkan tədbirinin seçilməsinə baxmayaraq,  milyardlarla vəsaiti hələ də onun əlindən alınmayıb. O milyardlarla vəsait bu gün faktiki olaraq onun əməllərinin də, cinayətlərinin də ört-basdır edilməsinə yönəlməkdədir. Mən də qəzetlərin bəzilərindən oxuyuram və məni təəccüb bürüyür ki, Cahangir Hacıyev bütün günahları özündən kənara, daha doğrusu, maliyyə nazirinin üzərinə atır.
Halbuki hamımız maliyyə naziri  Samir Şərifovun  nə dərəcədə  ciddi, nəcib və təmiz bir insan olduğunu şahidiyik. Həmçinin, onun birinci müavini İlqar Fətizadənin adı heç zaman heç yerdə xoşagəlməz məqamlarda hallanmayıb.
Yaxşı onda sual olunur: sən o layihəni qəbul eləmisən, o layihənin bütün detallarını müzakirədən keçirmisən, ekspertlərin səviyyəsində o layihəyə pul ayırma haqqını daha müsbət fikir üzərində cəmləmisən, sonra Müşahidə Şurasına müraciət etmisən ki, bu layihəyə filan qədər pul ayırmaq olar. İndi nəyə görə məsuliyyəti başqasının üzərinə atırsan?
Axı, Cahangir Hacıyevin qərarı olmadan Müşahidə Şurasının heç bir halda Beynəlxalq Bankdan hətta 100 manat, 1000 manat dəyərində kredit ayırmaq hüququ yoxdur. Yəni, Cahangir Hacıyevin öz cinayətini İlqar Fətizadənin üzərinə atması, ondan sonra Samir Şərifovun üzərinə yönəltməsi özü heç bir ədalətə söykənmir.
Bu bir daha cəmiyyəti aldatmaq və Cahangir Hacıyevin Azərbaycan dövlətinə qeyri-səmimi münasibətinin birbaşa göstəricisidir. Mən tamamilə əminəm ki, istintaqın gedişində onun bütün cinayət əməlləri təsdiq olunacaq, Cahangir Hacıyevin Eldar Mahmudovla bərabər Azərbaycan dövlətinə, onun iqtisadiyyatına, maliyyə sisteminə vurmuş olduğu zərbələr tamamilə üzə çıxacaq və Azərbaycan qanunları çərçivəsində o, öz cəzasını alacaq. Buna mənim qətiyyəm şübhəm yoxdur.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın