Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Fəzail Ağamalı deputatların sayının 200-ə qədər artırılmasını təklif edir

Fəzail Ağamalı deputatların sayının 200-ə qədər artırılmasını təklif edir

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı 8 cildlik kitab üzərində işləyir. Bu barədə məlumatı o, ilk dəfə bizimlə söhbətində açıqladı. Dediyinə görə, 1990-2015-ci illəri əhatə edəcək kitabda 25 il ərzində mətbuata verdiyi açıqlamalar, müsahibələr, yazdığı müəllif yazıları, parlamentdəki çıxışları toplanacaq.  Hər cild təqribən 400 səhifədən ibarət olacaq. İlin sonunadək tərtibatını qurtarmağa çalışdığı üçün hazırkı yay tətilində də ciddi işləyir.
“Bu, gələcək nəsillər üçün mənbədir. Araşdırmaçılar qoysun qabağına, daha qəzetləri axtarmağa ehtiyac olmasın” – deyir AVP sədri. Sözarası dedi ki, “Yeni Müsavat”da dərc olunan çoxsaylı materiallar da kitaba salınacaq. Kitab anonsunun ardınca konstitusiya dəyişiklikləri barədə 26 sentyabr referendumundan başlayıb digər mövzularla davam etdik.  
 
– Fəzail bəy, konstitusiya dəyişiklikləri ilə bağlı referendumun tarixi artıq dəqiqləşdi. Bir sıra ekspertlər referenduma gedilməsini bölgədə baş verən hadisələrlə əlaqələndirir. Sizin təxminləriniz nədən ibarətdir? 
– Mən dediyimin üstündə bir daha dayanıram ki, mahiyyət etibarilə bu dəyişikliklər Azərbaycanda dövlətçilik və idarəetmə sisteminin güclənməsinə, təkmilləşməsinə və ölkəmizdə insan haqlarının, demokratiyanın daha sürətli tətbiqinə, inkişafına xidmət edəcək. Təklif edilən maddələri oxuyanda və üzərində təhlil aparanda dediklərimə birmənalı olaraq inanmaq mümkündür. Siz yəqin ki, bölgədə baş verənlər deyərkən 15 iyulda Türkiyədə baş verən qiyamı nəzərdə tutursunuz. Əlbəttə, bu, ciddi hadisədir. Baş verənlər hər bir ölkəni, eyni zamanda, Azərbaycanı daha diqqətli olmağa vadar edir. Biz gərək daha diqqətli olaq. Əlbəttə, Azərbaycanda qiyam qaldırmaq imkanı olan belə bir daxili qüvvə görmürəm, belə bir qüvvə yoxdur. Belə bir niyyətdə olanlar ola bilər, lakin o niyyəti reallaşdıra biləcək güc demək olar ki, Azərbaycanda yox dərəcəsindədir. Hər halda buna baxmayaraq, biz də Türkiyədə baş verən son hadisədən nəticə çıxarmalıyıq və idarəçilik sistemində harda boşluqlar varsa, heç şübhəsiz ki, aradan qaldırılmalıdır. Ancaq nəzərə alsaq ki, bu, son dərəcədə hüquqi aktdır və bu hüquqi akt 5 günə, bir həftəyə, bir aya hazırlanmır. Mən tamamilə əminəm ki, buna uzun müddətdir hazırlıq gedirdi və bu işlər qurtarandan sonra ölkə prezidenti təşəbbüslə Konstitusiya Məhkəməsinə müraciət etdi. Fikrimcə, Türkiyədə baş verən hadisə ilə Konstitusiya dəyişikliyi qərarı arasındakı zaman yaxınlığı təsadüfi bir hadisədir.
– Təklif olunan maddələrlə bağlı bir sıra şərhlər olub. Deputat həmkarınız Qüdrət Həsənquliyev vitse-prezident olmağa layiqli şəxslərin adlarını çəkib. Siz bu barədə nə deyə bilərsiniz?
– Təbii ki, Qüdrət Həsənquliyevin adını çəkdiyi şəxslərin hər biri çox böyük diqqətə layiqdirlər. Mən xüsusi olaraq Mehriban xanımın haqqında deyə bilərəm ki, onun Azərbaycan dövləti və xalqı qarşısında çox böyük xidmətləri var, bu, şəksizdir. Lakin bütün bunların hamısı ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Mənə elə gəlir ki, biz gümanlardan daha çox, Konstitusiya dəyişikliyinin mahiyyəti və əhəmiyyəti üzərində dayansaq, daha yaxşı olar. Prezident öz komandasına, komandanın yuxarı pillələrinə Azərbaycan dövlətçiliyi, xalqı qarşısında böyük xidmətləri olan insanlardan kimi cəlb edəcək, o idarəçilik sistemində kimə xüsusi status verəcək, bu, artıq cənab prezidentin səlahiyyətindədir. Mən hər zaman olduğu kimi, bu gün də bunun tərəfdarıyam ki, biz bu səlahiyyətlərə qatışmalı və hadisələrin gedişini qabaqlamalı deyilik.
 
– Digər həmkarınız Araz Əlizadə  deputatlıq müddətinin də 7 ilə qaldırılması təşəbbüsü ilə çıxış edib. Razılaşırsınızmı?
 
“Prezidentə daha çox zaman verilir ki, o, qarşıya qoyduğu hədəflərin həyata keçirilməsinə daha ciddi şəkildə nail olsun”
– Vallah, hərə ağzına gələni, ağlına gələni deyir. Məsələ ondadır ki, Azərbaycan prezidentli respublikadır. Prezidentli respublikada da, təbii ki, prezidentin səlahiyyətləri xüsusi önəm kəsb edir, bu, konstitusiyada da təsbit olunub. Görünən budur ki, prezident səlahiyyətlərinin 7 ilədək artırılması, sadəcə olaraq, idarəçilik sisteminin təkmilləşməsi ilə bağlıdır. Prezidentə daha çox zaman verilir ki, o, qarşıya qoyduğu hədəflərin həyata keçirilməsinə daha ciddi şəkildə nail olsun. Prezidentlik müddətinin 7 ilə qaldırılması o demək deyil ki, biz bələdiyyə, yaxud parlament seçkilərinin də vaxtını 5 ildən 7 ilə qaldırmalıyıq. Mən buna ehtiyac görmürəm.
– Bəs, sizin parlamentlə bağlı hansısa təklifiniz varmı?
– Biz parlamentdə deputatların sayını artırmalıyıq. Sayı hardasa 200-ə qədər artırmaq olar. Çünki Azərbaycan əhalisinin sayı indiki saya tam adekvat deyil. Eyni zamanda yaxşı olar ki, qarışıq seçki sisteminə (proporsional-red.) qayıdaq. Düzdür, bu məsələ ölkə prezidentinin təşəbbüsündə özünə yer almadı. Bu olarsa, bir tərəfdən siyasi sistemdə partiyaların yerini və rolunu daha da artıra bilərdi, digər tərəfdən, təbii ki, majoritar seçki sisteminin üstün cəhətlərini də saxlamış olardı. Mən hər zaman bununla bağlı təkliflərlə çıxış etmişəm. Ola bilsin biz gələcəkdə bu məsələyə qayıdacağıq. Çünki bir daha təkrar edirəm, Azərbaycanın demokratik inkişafı da, onun hədəflərə də buna doğru gedir. Ancaq deputatların səlahiyyət müddətinin 7 ilə qaldırılmasına ehtiyac görmürəm.
 
– Baş nazirin müavini Əli Əhmədovun Şah İsmayıl Xətainin 14 yaşından taxt-taca əyləşməsini xatırlatması sosial şəbəkələrdə xeyli müzakirələrə yol açdı. Bu barədə nə deyə bilərsiniz?
– Əli Əhmədovun fikirləri kontekstdən çıxarıldı, düzgün olmayan istiqamətə yönəldilməyə cəhd göstərildi. Yəni Əli Əhmədov, sadəcə olaraq, yaş senzi ilə bağlı konkret faktlar  söylədi ki, tarixdə elə şəxslər olub ki, onlar daha erkən yaşlarında dünya tarixində öz yerini tutublar. Bu, heç də o demək deyil ki, belə nümunələr Azərbaycanda tətbiq olunacaq.
Azərbaycan tamam başqa bir sistemdə olan ölkədir. Sadəcə olaraq, Əli Əhmədovun bu fikirləri yanlış qəbul edildi və məncə, qəsdən, düşünülmüş şəkildə bunun ətrafında əsası olmayan fikirlər səsləndirildi.
 
– Fəzail bəy, şəxsən siz heç olmasa konstitusiya dəyişikliklərindən sonra hakim komandada islahatlara gedilməsini, komandanın gəncləşdirilməsini istərdinizmi?
– Mən bunu hər zaman istəmişəm. Elə sizinlə müsahibələrimdə də hər zaman demişəm ki, bəli, gənclərin irəli çəkilməsi olduqca zəruridir və yaşlı nəsil buna qısqanclıqla yanaşmalı deyil. Lakin mən bunun kampaniya xarakterli olmasının tərəfdarı deyiləm.
Başdan-başa yaşlılar çıxarılsın, onun yerinə gənclər gəlsin, bu da doğru yanaşma deyil. Yaşlı nəslin potensialı tükənməyən nümayəndələri varsa, onların potensialından dövlətçiliyimiz üçün istifadə etmək potensialı varsa, biz bundan imtina etməli deyilik. Onun təcrübəsi, siyasi biliyi, keçmiş olduğu yol və s. də imkan verir. Ancaq yenə deyirəm, həmin şəxsin daxili potensialı dövlətçiliyimizə xidmətə imkan verirsə, əlbəttə, qoy fəaliyyətinə davam etsin. Lakin mən idarəçiliyin başdan-başa nə “qocalar evi”nə, nə də “gənclər klubu”na çevrilməsinin tərəfdarı deyiləm. İdarəçilik çox mürəkkəb bir sistemdir. Burada yaşlı nəsil, orta nəsil və gənc nəslin ortaq-qızıl nöqtəsi tapılaraq vəhdət şəklində onların potensialından maksimum şəkildə yararlanmaq lazımdır.
– Belə yanaşmalar da var ki, prezident islahatlarla bağlı gərəkən addımları atır, sərəncamlar imzalayır, amma komanda bu sürətlə ayaqlaşa bilmədiyi üçün prosesi “mənzilbaşına” çatdırmaq mümkün olmur. Bu yanaşmanı bölüşmək olarmı? 
– Gəlin etiraf edək ki, ölkə prezidentinin dinamikası daha çox üstünlük təşkil edir, daha güclü, daha sürətlidir. Prezident dünyada gedən prosesləri dərhal müəyyənləşdirib ondan əhəmiyyətli nəticələr çıxarıb, onu Azərbaycanda tətbiq etməyə çalışır. Mən deməzdim  ki, Azərbaycanda bütövlükdə bu kadrlar gələcək sistemlə bağlı bir tormozlayıcı rol oynayır. Lakin elə hallar var ki, bəli, tərəddüdlər göstərilir və bir qayda olaraq belə məsələlərdə mühafizəkarlıq özünü göstərir. Ona görə də mənə elə gəlir ki, konstitusiya dəyişikliklərindən sonra artıq hakimiyyətin əsas pillələrində, ciddi postlarında daha böyük və  dinamikanı özündə ifadə edən, daşıyan kadrların irəli çəkilməsi baş verəcək, mən bunu gözləyirəm.
– Yay tətili və dəniz mövsümü olmasını nəzərə alıb sizdən qeyri-siyasi bir məsələyə də münasibət öyrənmək istəyirəm. Deputat Fazil Mustafa bizə demişdi ki, dənizə çıxışımızı hasarlayıb bir pişik yolu qoyublar. Dənizin qumunu və suyunu da ona çox görənlər nə vaxt durdurulacaq?  
 
“Nə qədər ki, Xəzər dənizinin Azərbaycan sahilləri bu hasarlardan xilas olmayıb, bizim Azərbaycanda turizmin böyük sürətlə inkişafı haqda danışmağımız arzudan başqa bir şey olmayacaq”
– Fazil Mustafa tamamilə doğru deyir. Dənizi başdan-başa hasarlayıblar, getməyə yer yoxdur. Bəzi yerlər açıqdırsa, orada da zibil əlindən tərpənmək olmur. Bu məsələyə yenidən baxmalıyıq. Türkiyənin bu baxımdan hansı üstün təcrübəsi var, göz qabağındadır. Dəniz sahillərində başdan-başa ən müasir otellər, istirahət mərkəzləri fəaliyyət göstərir, milyonlarla insan gəlib orda istirahət edir, turizm də inkişafdadır. Nə qədər ki, Xəzər dənizinin Azərbaycan sahilləri bu hasarlardan xilas olmayıb, bizim Azərbaycanda turizmin böyük sürətlə inkişafı haqda danışmağımız arzudan başqa bir şey olmayacaq. Parlament müzakirəsi zamanı bəziləri dedilər ki, qanunun geriyə tətbiqi mümkün deyil. Kökündən yanlışdır. Birinci bilmək lazımdır ki, dəniz sahilindəki obyektlər özəl yerlərdirmi? Əgər özəl yerlər deyilsə, onda ictimai maraqlar üçün, istənilən layihənmi reallaşdırmaq məqsədilə vətəndaşdan – əgər o yer icarədədirsə – tutduğu torpağı ya geri alır, yaxud da onu kompensasiya edib xalqın ixtiyarına verir. Yəni bu, mümkündür, yəqin ki, bu məsələlər də həllini tapacaq, sadəcə zamana ehtiyac duyulur. Yəqin zamanı gələndə bu məsələlərə ciddi əhəmiyyət veriləcək. Çünki bunsuz həm xalqın Xəzər sahillərində istirahəti mümkün deyil. Digər tərəfdən də bəzi məmurların tamahı Azərbaycanda turizm imkanlarına böyük maneçilik törədir.
– Yəqin mövsüm başlayandan siz də dənizə gedibsiniz...
– Yox, gedə bilmirəm, hara gedim? Konkret yer göstər, gedim. Var elə bir yer?..(musavat.com)

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın