Ana səhifə / Sosial / Fərhad Əhmədov azərbaycanlılarla erməniləri sülhə çağırdı

Fərhad Əhmədov azərbaycanlılarla erməniləri sülhə çağırdı

Azərbaycan əsilli nüfuzlu rusiyalı biznesmen, 2004-2009-cu illərdə  Rusiya Federasiya Şurasının üzvü olmuş milyarder Fərhad Əhmədov virtualaz.org saytı vasitəsilə azərbaycan və erməni xalqlarına müraciət edərək onları sülhə çağırıb. Biznesmenin müraciətini oxuculara çatdırırıq:

Hörmətli azərbaycanlılar və ermənilər! Hərdən olduqca mürəkkəb vəziyyətlərə dair ən sadə sözləri axtarıb tapmaq asan olmur. Bizim aramızdakı münaqişə də məhz belə hallardan biridir. Ancaq buna baxmayaraq mən hər halda riskə gedərək sizlərə, soydaşlarıma və qonşularımıza birbaşa müraciət etməyə qərar verdim.

Bizim münasibətlərimizdəki qanlı-qadalı dəhşətlər dörddə bir əsrdən çoxdur davam edir. Bu qırğınların, təlatümlərin başladığı ildə doğulan uşaqlar artıq böyüyüblər, bir çoxları özləri valideyin olublar. Qarşılıqlı düşmənçilik və nifrət atmosferində bütöv nəsillər böyüyüb, onlar heç ağıllarına da gətirməyiblər ki, bir-birlərinə başqa cür yanaşmaq və yaşamaq mümkün ola bilər.

İşğal, xarabalıqlar, minlərlə insanın ölümü, yüz minlərlə insanın doğma yerlərini tərk etmək məcburiyyətində qalması hər iki xalqın kollektiv şüurunda silinməz izlər buraxıb. Dördə bir əsrdir ki, azərbaycanlılar və ermənilər bir-birlərinə silahların nişangahlarından baxırlar, bir-birlərini canlı insan kimi yox, hədəf kimi görürlər. Cəbhə xətti təkcə döyüş meydanından, konfrans-zallardan, diplomatik kuluarlardan, qəzet səhifələrindən, televiziya ekranlarından deyil, həm də ayrıca götürülmüş hər bir azərbaycanlının və ya erməninin qəlbindən keçir. Müharibə bizim məişətimizə hopub, adi gündəlik normaya çevrilib.

Müharibə-insan münasibətlərinin ekstremal vəziyyətidir. Bir halda ki, başlayır, artıq öz məntiqi ilə inkişaf edir və insan naturasının ən qaranlıq səhifələrini oyadıb üzə çıxarır, ürəklərdə və beyinlərdə yenidən dövr edir. Lakin tarix insanlığı buna da öyrədib: istənilən müharibə sülhlə nəticələnir, hər düşmənçilik dövrünün, lap ən uzun olsa belə, ardınca ayılıb baş verənləri dərk etmə, bunun ardınca isə barışıq mərhələsi gəlir. Bu dövrilik ilin fəsillərinin dəyişməsi kimi qaçılmazdır.

Biz azərbaycanlılar və ermənilər əsrlər boyu yanaşı yaşamışıq. Yaddaşlardan bu birgə yaşayışı, adət-ənənələrin oxşarlığını, milli mətbəxin ümumiliyini, birgə nigahları, məktəb və hərbi xidmət dövrünün dostluğunu silib atmaq mümkün deyil. Mənim uşaqlıq və gənclik xatirələrimdə azərbaycanlılarla ermənilər arasında səmimi insani münasibətlərə və qarşılıqlı yardıma, bir-birləri ilə axırıncı tikələrini bölüşdürməsinə, həyatın çətinliklərini və sevinclərini birgə paylaşmasına dair onlarla misallar yaşayır. Belə münasibətlərə dair misalları bizim insanlarımızın bir-biri ilə müharibə deyil, sülh şəraitində qarşılaşdıqları yerlərdə elə indi də görmək olar.

Dağlıq Qarabağda sonuncu dəfə  döyüş əməliyyatlarının alovlanması və cəmi dörd günə bir neçə yüz insan həyatına son qoyması müasir müharibələrin ölümcül potensialını bir daha  nümayiş etdirir. 2016-cı ilin apreli bizi nəhayət ayıltmalıdır: münaqişənin növbəti aktiv fazası, Allah eləməmiş başlasa, bütün əvvəlkilərdən daha qanlı və daha irimiqyaslı olacaq. O zaman dayanmaq vaxtı deyilmi?!

Silahlı qarşıdurma yoluyla getmək bizə qurbanlardan, qəbiristanlıqların və hospitalların dolub-daşmasından, yaxınlarını itirənlərin acısından, dağıntılardan, üzücü xərclərdən , artan sosial-iqtisadi gərginlikdən və daxili qeyri-stabillikdən başqa heç nə verməyəcək. Real qalib isə xalqlar yox, “müharibə partiyası” olacaq. Münaqişənin hərbi həlli yoxdur, bunu nəhayət aydın və dəqiq şəkildə dərk etməyin vaxtıdır. Mən sual edirəm: yalançı şöhrət, özünəvurğunluq və qisas yanğısı, hətta pulu bir kənara qoysaq, qiymət biçilməsi mümkün olmayan insan həyatı ilə müqayisə oluna bilərmi?

Bununla bərabər bizim kritik şəkildə qarşılıqlı asılı olan dünyamız getdikcə artan mürəkkəb turbulentlik dövrünə qədəm qoyur. 21-ci əsrin əsas çağırışları-texnologiyanın dəyişməsi, aqressiv ideologiyaların yayılması, azalan resurslara artan demoqrafik təzyiq, informasiya mühitinin pressinqi, dünya elitasının keyfiyyətinin aşağı düşməsidir. Bu amillərin dəyişməkdə olan mövcud dünya düzəninə nə dərəcədə fəlakətli təsir göstərmək imkanlarını qiymətləndirmək üçün Qafqazdan cənubda, cəmi bir neçə yüz kilometr məsafədə baş verənlərə nəzər salmaq kifayətdir.

Ağlasığmaz dərəcədə dəyişən qlobal mühitidən irəli gələn bu çağırışlarla üzbəüz qaldığımız bir vaxtda iki qonşu xalq arasında müharibə vəziyyətinin saxlanılması bizim indiki və gələcək nəsillər qarşısında heyrətamiz məsuliyyətsizliyimizi ortaya qoyur. Gücümüzü əsrin reallıqları qarşısında bizi qarşılıqlı olaraq zəiflədən bu düşmənçiliyə sərf etməli deyilik!

Mənim münaqişənin həllinə dair fikirlərim yəqin ki, hər iki tərəfdən çoxlu etirazlara səbəb olacaq. Bu fikirlər artıq çoxdan başlanmalı olan diskussiyalarda dönüş nöqtələrindən ancaq biridir. Qısaca desək variant belədir-Dağlıq Qarabağın möhkəm beynəlxalq qarantiyalar altında Azərbaycan Respublikasının tərkibində ən yüksək mədəni və inzibati muxtariyyət statusu ilə qalması, müharibəsonrası bərpa işləri üçün sosial-iqtisadi üstünlüklər əldə etməsi.

Bu variantın çoxlu qeyri-müəyyənliklər və nüansları özündə birləşdirdiyini başa düşürəm. Yəqin ki, bu variant özünü zamanla, indiki müharibə nəslinin sülh nəsli ilə əvəzlənməsi ilə göstərəcək. Regionun yekun statusunun bütün mürəkkəbliyini və həssaslığını dərk edirəm. Lakin qarşılıqlı etimad mühitini elə indidən, təxirə salmadan yaratmağa başlamaq lazımdır! Məxsusi olaraq mənim indiki müraciətim də məhz buradan irəli gəlir. Əgər bu müraciət bizim aramızdakı buzları heç olmasa bir az əridə   bilsə mən indiki mərhələdə özümü məqsədimə çatmış saya bilərəm.

Bizim aramızdakı düşmənçiliyin səbəbi və bəhanəsi Qarabağdır. Səbəb və bəhanə məlum olanda artıq problemi dərk etmək, bu səbəb və bəhanəni aradan qaldırmaq naminə necə hərəkət etmək barədə ümumi anlayışa gəlmək mümkündür. Qarabağın kimə məxsusluğu barədə məsələyə gəldikdə mənim anlayışıma görə cavab belədir-hər iki xalqa. Yəni bizi dünən və bu gün ayıran məsələ əslində birləşdirməlidir. Biz bu münbit diyarı birlikdə bərpa etməli, yaşamalı və onun  barından birlikdə bəhrələnməliyik. Regionun bizim bir çox nəsillər boyu çiçəklənməyimizi təmin etməyə imkan verən potensialı sülhün tezliklə əldə olunmasını zəruri edir. Bir sıra strateji layihələri həyata keçirən uğurlu biznesmen kimi deyirəm: bizə sülh lazımdır, müharibə yox!

İki xalq öz tarixi taleyi ilə yanaşı yaşamağa məhkumdur. Onlar əbədi düşmənçilik edə və müharibə apara bilməzlər. Tərəflərdən heç birinin total qələbəsi mümkün deyil. Kompromis zəruridir. Kompromis isə qarşılıqlı güzəştlər deməkdir, tərəflərdən hər biri mövcud stereotiplər yığınını, mifləri, siyasi ximerləri, illüziyaları, kompleksləri bir kənara atmalıdır. Bu, nəinki asan deyil, eyni zamanda əzablı yoldur. Lakin başqa yol yoxdur və olmayacaq. Bunun alternativi müharibədir, dağıntıdır, ölümdür və hər iki tərəfin məğlubiyyətidir. Bəli, söhbət yaxşı ilə pis arasında seçimdən getmir, pis və ən pis arasında seçimdən gedir. Lakin yekun nəticə sülhdür və bu, hər şeyə dəyər!

Mən bizim qədim xalqlarımızın malik olduğu tarixi müdrikliyə və ağıla üz tutmq istəyirəm. Torpaq uğrunda müharibə, nifrət və qisas-bunlar keçmişin qalıqlarıdır, qloballaşma əsrində, texnoloji inqilab, süni intellekt və sivilizasiyanın, inkişafın digər nailiyyətləri dövründə yaşayan insana layiq deyil.

Biz nifrət boşluğu üzərindən bir-birimizə doğru körpü qurmalıyıq! Və buna ola bilsin ki, qarşılıqlı etiraflarla və üzrxahlıqlarla başlamaq olar. Bu mərd addımı atmağa zəiflər deyil, ancaq güclü, özünə inamlı, ləyaqətli insanlar  qadirdir. Bizim xalqlar məhz belədir və bu, onların bütün tarixi boyu sübut olunub. Böyük Albert Eynşteynin sözlərini sitat gətirmək istəyirəm: “zəiflər qisas alır, güclülər bağışlayır”. Ümid edirəm ki, mənim çağırışım xüsusən anaların qəlbində əks-səda doğuracaq. Siz bu torpaqlar uğrunda o qədər böyük qurbanlara hazırsınızmı ki, orada sizin oğullarınız dəfn olunsun, qızlarınız isə dul qalsın?

Vaxt gözləmir, hərəkətə gəlmək lazımdır. Bizim başımız üzərində Domokl qılıncı asılıb və bir dəfə əldən buraxılan şans yenidən yaranmaya bilər. İrəvandakı indiki qızmar yay qələbəyə qədər əbədi müharibəyə çağıran “qırğıların” nə dərəcədə uzağa getməyə hazır olduqlarını göstərir. İki xalq nə qədər ki, gec deyil, məhz özləri bir-birlərinə doğru mümkün qədər tez addım atmalıdır. Beynəlxalq vasitəçilik müsbət amildir, ancaq o vaxt işə yarayar ki, biz özümüz mərdlik göstərib ilk addımı ataq. Nə qədər xoş məramı olsa da, onlarsız keçinməyin qeyri-mümkünlüyünü nəzərə alsaq da  üçüncü tərəfin hər halda öz maraqları, prioritetləri, məqsədləri və qarşılıqlı rəqabət çizgiləri mövcuddur.

Məsələnin sülh yolu ilə nizamlanması planında milli elitaların sözün əsl mənasında sağlam düşüncəli hissəsi böyük rol oynaya bilər, bir şərtlə ki, onlar öz xalqları qarşısında tarixi məsuliyyətlərini dərk etsinlər. Tarix düşmənlərinə zeytun budağı uzadan liderlərin müdrikliyinin, ağlının və qətiyyətinin sanki heç vaxt başa çatmayacaq kimi görünən müharibələri soyuq da olsa, hər halda sülhə çevirməsinə dair çoxlu nümunələr bilir.

Hər bir ayrılıqda götürülmüş azərbaycanlı və erməni isə özündən, ən çətin birinci addımdan başlamalıdır-qəlbindən müharibə demonlarını qovmağa, bağışlamağa cəhd etməyə çalışmalıdır.

Və nəhayət. Mənim sizlərə müraciətim şəxsi maraqlarımdan və ya ambisiyalarımdan deyil, qəlbimin və ruhumun səmimi harayından irəli gəlir. Keçmişimə nəzər salaraq məmuniyyətlə öz-özümə deyə bilərəm ki, səylərimlə çox şeyə nail olmuşam: dünya biznes-elitasına daxil olmuşam, siyasətçi, senator olmuşam və indi də dünyanın güclüləri ilə iş qururam. Bütün həyat təcrübəm boyu əmin oldum ki, hətta ən çıxılmaz görünən situasiyadan da həmişə çıxış yolu var!

İndi mənim tək bir arzum qalıb və həyatımda onun da həyata keçirilməsini görmək istərdim-bu, bizim xalqlarımız arasında sülhdür. Mən yenidən uzaq uşaqlıq illərindəki kimi xəyal edirəm,  Qarabağ çinarının kölgəsində qabağında çay stəkanı, tələsmədən nərd arxasında söhbət edən azərbaycanlını və ermənini xəyallarımda canlandırıram. Və inanıram ki, xəyallarım gerçəkləşəcək!

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın