Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Sosial / Fərdi yaşayış evi necə sənədləşdirilməlidir? – ŞƏRH

Fərdi yaşayış evi necə sənədləşdirilməlidir? – ŞƏRH

Prezident İlham Əliyev sənədsiz evlərin rəsmiləşdirilməsi üçün müvafiq tapşırıq verib.

Bununla bağlı mətbuata açıqlama verən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, bu məsələ həm Bakıda, həm bütün respublika ərazisində öz həllini tapacaq.

Fərdi yaşayış evini sənədləşdirmək üçün vətəndaşlar hara müraciət etməli və aldadılmadan öz mülklərinin sahibi olmaq üçün nələrə diqqət etməlidir? İnsider.az- a açıqlamasında əmlak eksperti Vüqar Oruc deyib ki, problemin həlli mümkündür: “Qanunsuz tikililərin rəsmiləşdirilməsi, onların yenidən qeydiyyatı, eləcə də sökülməsi məsələləri yerli icra orqanlarının birbaşa səlahiyyətindədir. Hər hansı şəxs, hər hansı bir vətəndaş özünə ev tikir, mülk əldə edirsə, bu zaman müvafiq ərazi nümayəndəliyi, icra qurumu ilə bu məsələləri tənzimlənməlidir. Əvvəlki qanuna görə öncədən icazə alınması mütləq idi. Vətəndaş müvafiq icra orqanının arxitektura-memarlıq qurumu ilə razılaşdırmalı idi. Tikintini başlamaq üçün bir çox sənədlər tələb olunurdu. Bu tələblər də bürokratik əngəllərin yaradılmasına səbəb olur və nəticədə vətəndaş bu əngəllərlə üzləşməsin deyə, məcburən “başqa variantlara” əl atırdı. Hal-hazırda ölkədə çoxlu sayda qeydiyyatdan keçməyən tikililər var. Bu tikililərin içərisində hamısını qanunsuz saymaq olmaz. Elə buna görə də ölkə rəhbərliyi bununla bağlı müvafiq sərəncamlar verdi. Bürokratik əngəllərin aradan qaldırılması, vətəndaşların ev tikmək üçün konstitusiya hüquqlarının bərpası, problemsiz, şəffaf qaydada həyata keçirilməsi üçün müvafiq qaydada addımlar atılıb. Bu addımlardan biri ev tikmək üçün müraciət qaydalarının yenidən təkmilləşdirilməsidir. Son dəyişikliklərə görə nəzarət edən qurumdan ayrılmış 10 gün müddətində müraciətə cavab verilməlidir. Həmin müraciətə cavab verilərkən, əgər həmin ərazidə tikinti aparılması üçün uyğundursa, yüksək gərginlik olan sahəyə düşmürsə və ya dövlət əhəmiyyətli ərazidə deyilsə, qonşular üçün hər hansısa bir maneə yaratmırsa, məsələn, kiminsə həyətinin qarşısını kəsmirsə, kiminsə həyətdən çıxışının qarşısını almırsa, yola müdaxilə etmirsə, nəqliyyat vasitələrinin hərəkəti üçün problem yaratmırsa, hətta müvafiq icra qurumu 10 gün ərzində qaydalara uyğun şəkildə etiraz etməsə belə vətəndaşın öz evini tikmək, özünə mülkiyyət əldə etmək məqsədi ilə tikinti işləri aparmaq hüququ var”.

Ekspert həmçinin bildirib ki, ölkə vətəndaşları maarifləndirilmədiyi üçün hələ də köhnə qaydalarla fəaliyyət prinsipləri həyata keçirilir: “Məsələn, bir çox vətəndaşlarımız ev tikərkən yenə də icra qurumuna müraciət edir. Müxtəlif variantlar, ödənişlər təklif edirlər. Yeni qanuna görə qaydalara riayət edərək hər bir vətəndaşın azad ev tikmək hüququ var”. Vüqar Oruc tikilmiş evin tikinti üçün əlverişli olmayan ərazidə olması səbəbindən sənədləşdirilməsi mümkün olmadığı halda vətəndaşın çəkdiyi xərcə görə kompensasiya ödənilməsi məsələsinə də münasibət bildirib: “Kompensasiya məsələsinə gəldikdə isə əgər tikili artıq hazırdırsa, qeyri-qanuni hər hansı proseslərin nəticəsində bu tikintiyə göz yumulubsa, bunların araşdırılması asan olmadığı üçün vətəndaşın zərərinin qarşılanması məsələsi həll olunmalıdır. Çünki bütün variantlarda vətəndaş mövcud tikilinin başa gəlməsinə xərc çəkibdir. Ona görə də bununla bağlı mütləq kompensasiya ödənilməlidir. Eyni tikilinin başqa bir ərazidə başqa şərtlər altında qanuni şəkildə tikilməsi üçün onlara imkan yaradılmalıdır. Qanunsuz tikili olaraq həmin tikilinin sökülməsinin kompensasiyasız qalması dövlətimizin elan elədiyi sosial dövlət prinsiplərinə uyğun deyil. Həm dövlət rəhbərliyi, həm Azərbaycan dövlət strukturları vətəndaşların belə sosial-iqtisadi problemlərlə üzləşməsinə imkan verməz. Qanunvericiliyə uyğun şəkildə həll olunmasına şərait yaradılır”.

Həmçinin oxuyun

Pirşağıda dənizi hasarlayıb, pulsuz çimərliyə buraxmırlar – Video

Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisinə düşən çimərlik hissəsi kasıb əhalinin üzünə bağlanıb. “Yeni Sabah”ın redaksiyasına …