Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Evləri yanan məcburi köçkünlər: “Qaçqınkom” bizi küçələrə saldı” -REPORTAJ, VİDEO, FOTOLAR

Evləri yanan məcburi köçkünlər: “Qaçqınkom” bizi küçələrə saldı” -REPORTAJ, VİDEO, FOTOLAR

Bu ilin aprel ayında elektrik qısaqapanmas; nəticəsində Nizami rayonu, Elşən Musayev küçəsi 51 ünvanında yanğın hadisəsi baş verib. Qeyd edək ki, adıçəkilən ünvanda taxtadan quraşdırılan həyət evlərində 70-ə yaxın məcburi köçkün ailəsi məskunlaşıb.

Yanğın zamanı 4 ailənin yaşadığı taxta evlər yaşanmaz hala gəlib. Sakinlərin dediyinə görə? hadisə zamanı mənzil sahiblərindən iki nəfər yüngül yanğın xəsarəti də alıb.

Sakinlər bildirir ki, yanğının qarşısının zamanında alınması,onlarla ailəni bədbəxt hadisədən xilas edib: “Buradakı acınacaqlı vəziyyətlə bağlı aidiyyatı qurumlar xəbərdar idi. Bu ilk yanğın deyil. Elektrik naqilləri evlərə tor kimi sarınıb. O qədər qarışıqlıqdır ki, öz xətlərimizi belə ayıra bilmirik. Ən çox küləkli havalarda bu cür hadisələr baş verir. Normal elektrik dirəkləri yoxdur. Biri naqilləri yerlə gətirir, biri də ağac budaqlarına dolayır. Dəfələrlə bədbəxt hadisələrlə üzləşmişik. Evlər ağac və taxtadan tikildiyindən yüngül qısaqapanma belə yanğınla nəticələnir”.

Ağdam rayonundan məcburi köçkün olan Rübabə Məmmədova yanğın hadisəsindən sonra zərərçəkənlərə maddi yardım edilmədiyini bildirdi: “O vaxt əraziyə “Qaçqınkom”dan, Nizami Rayon İcra Hakimiyyətindən gəldilər. Ümumlikdə ailələrə dəyən zərər 12 min manat miqdarında hesablandı. Əslində bizə dəyən zərərin kompensasiyası bu qədər olmamalıdır. Neçə gün evimizə yığışa bilmədik. Neçə aydır ki, işlər tamamlanmayıb. Bir sözlə, “Qaçqınkom” bizi küçələrə saldı”.

Nizami rayon icra başçısının göstərişi ilə təsərrüfat şöbəsinin müdiri Taryel müəllim evlərin tavanını, qapılarını və pəncərlərini yenilədi. Yağışlı günlərdə bizə yardımçı oldu, təşəkkürümüzü bildiririk. Ancaq “Qaçınqkom” evlərin təmirini yarımçıq qoydu. Bizə dedilər ki, “usta gətirin, pulunu verəcəyik”. Usta işini görüb, qalan ödənişi edilməyib. Hər dəfə usta pulunu məndən tələb edir. Evin tikinti materiallarını isə öz vəsaitim hesabına aldım. Bəs yanan əşyalarımı kim alacaq? Qalmışıq ortalıqda…. “Qaçqınkom” bizi Ağdam Rayon İcra Hakimiyyətinə göndərir ki, problemimizə baxacaq. İcra Hakimiyyətindən isə maliyyə vəsaitlərinin olmadığını deyirlər”.

Zərərçəkənlər bildirdi ki, hökümətin onlar üçün ayırdığı vəsaiti Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi vermir: “Hadisədən sonra “Qaçqınkom”a getdik. Bizi qəbul edib, zərərçəkənlərə pul ayrıldığını bildirdiər. Evi yanan 3 ailəyə 3000 manat, bir ailəyə isə 2500 manat pul verəcəklərini dedilər. Sonradan bizə dəyən zərərin kompensasiyasını vermədilər. Artıq beş aydır ki, bizimlə maraqanan yoxdur”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxladıq.
E.Qədimov bildirdi ki, evləri yanan ailələrə komitə tərəfindən müvafiq yardımlar edilib: “Baş vermiş yanğın hadisəsi ilə əlaqədar 4 ailə zərər çəkib. Bununla bağlı tərəfimizdən həmin ailələrə evlərinin bərpası üçün tikinti materialları verilib. Nizami Rayon İcra Hakimiyyəti tərəfindən də yanan evlərin tikintisi üçün köməklik edilib. Bundan əlavə, Xocalı və Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq maddi yardım göstərilib. Kompensasiya məsələsinə gəlincə isə dəymiş ziyanla bağlı komitə tərəfindən aidiyyatı üzrə müraciət edilib”.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.

 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …