Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Evləri dolaşan “mavi ölüm”: Günah kimin boynundadır? – ŞƏRH

Evləri dolaşan “mavi ölüm”: Günah kimin boynundadır? – ŞƏRH

Müvafiq qurumlar dəm qazından zəhərlənmə halları ilə bağlı statistik məlumatlar verməsələr də, mütəmadi olaraq bu cür hadisələr haqqında xəbərlər rəqəmlərin kifayət qədər yüksək olduğunu ehtimal etməyə əsas verir. 

Dəm qazı yüzlərlə insanın həyatına son qoyur, həyatı xilas olunanlar isə bu hadisənin gərginliyini, fəsadlarını yaşamalı olurlar.  Müvafiq qurumlar isə məsuliyyəti öz üzərlərindən atmaqdadır. 

Qeyd edək ki, bəzi ekspertlər “səsiz ölüm”ə bir neçə faktorun səbəb olduğunu bildirirlər.  Qeyd olunur ki, əhaliyə yerin altından çıxan təbii qazla yanaşı, neftçıxarma zamanı istehsal edilən “səmt qazı” verilir. Səmt qazında isə zərərli və insan ölümünə səbəb olacaq maddələr təbii qaza nisbətən daha çoxdur. Məişətdə istifadə olunan qazın yanarkən rənginin qırmızı olması da məhz bununla əlaqələndirilir. Digər tərəfdən isə  tüstu və ventilyasiya bacalarının texniki cəhətdən yoxlanılmaması da zəhərlənmələrə yol açan səbəb olaraq göstərilir. Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qazdan istifadə qaydalarına” görə də, istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri – tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri dövlət standartlarının tələblərinə cavab verməlidir.  Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir. Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Energetika Nazirliyi  və texniki təhlükəsizlik sahəsi üzrə isə Fövqəladə Hallar Nazirliyi həyata keçirir.  2016-cı ildən etibarən yoxlama və profilaktik xidmət göstərilməsi səlahiyyətləri də “Azəriqaz” İstehsalat Birliyindən alınıb, Fövqəladə Hallar Nazirliyinə verilib.

Zəhərlənmələr həm də qaz sobalarından istifadə qaydalarının pozulması ilə əlaqələndirilir.  

Xatırladaq ki, Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov “Cümhuriyət” qəzetinin ötən saylarından birinə açıqlamasında bildirib ki, zəhərlənmələrin əsas səbəbi qazdan istifadə qaydalarının pozulmasıdır. 

Onun sözlərinə görə, İran və Türkiyədə istehsal olunan bəzi sobalar həmin ölkələrdə olan qazın təzyiqinə hesablanıb. Azərbaycanda qazın təzyiqi aşağı olduğuna görə, istifadəçilər sobalara müdaxiə edir və bunun nəticəsində zərərli maddələr yaranır. 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, daha əvvəllər də müxtəlif sobalardan istifadə olunub:

“Bir qədər keçmişə nəzər salsaq, görərik ki, o zaman həm Bakının kəndlərində, həm də rayonlarda xalq arasında “ceyran” adlanan sobalardan, hətta kustar üsulla hazırlanan “peç”lərdən istifadə olunurdu.  Mən Qum Adasında işləmişəm, həmin vaxt biz quyudan çıxan adi qazdan istifadə etmişik. Necə olur ki, həmin “peç”lərdən istifadə olunan zaman zəhərlənmələr olmurdu, indi isə olur. Hazırda Praqadayam, qazı yandıran zaman tər-təmiz mavi qazın yandığını müşahidə edirik, amma Bakıda qazın rəngindən də, yanmasından da, tərkibində problem olduğu görünür.  Zəhərlənmələrin səbəbi qazın emalında axtarılmalıdır. Bütün müəmmalar təbii qazın tərkibindədir. Suallar isə birbaşa təbii qazı əhaliyə verən quruma verilməlidir. Qazı “Azəriqaz” alır və əhaliyə satır. Alınan qazın da, əhaliyə satılan qazın da keyfiyyətinə görə cavabdehliyi “Azəriqaz” daşıyır”. 

Neftçilərin hüquq müdafiəçisi digər ölkələrdə dəm qazı zəhərlənmələrinin ölkəmizdə olduğu qədər aktual olmadığını bildirir: 

“Mən ilin yarısını Praqada yaşayıram, burada belə bir hadisənin baş verməsini hələ ki eşitməmişəm.  Eləcə də qaz təchizatının dayandırılması, partlayış kimi xəbərlər eşitmirəm. İldə 2-3 dəfə cihazları yoxlayırlar. Bu ölkədə dövlət də, qurumlar da, məmurlar da vətəndaş qarşısında məsuliyyət daşıyırlar. Azərbaycanda bu problemə görə əsas məsuliyyət müvafiq dövlət qurumlarının üzərindədir – qazı emal edən, əhaliyə satan qurumlar ciddi yoxlanılmalıdır”.

Mirvari Qəhrəmanlı deyir ki, vətəndaşlar marifləndirilməli, istehsalçı ilə bağlanan müqavilənin şərtləri onlara izah olunmalıdır. Beləliklə, dəm qazından zəhərlənmələr, yüzlərlə insanın həyatlarını itirməsi bütün hallarda dövlət qurumlarının yanaşması ilə əlaqələndirilir. Çünki, qeyd olunduğu kimi qaz cihazlarından istifadə qayalarının pozulması da həmin cihazların Azərbaycan standartları ilə uyğunlaşmaması, verilən qazın təzyiqinin daha aşağı olması ilə əlaqələndirilir. Belə olan halda, sual yaranır – nəyə görə bizdə qazın təzyiqi qonşu ölkələrlə müqayisədə zəifdir. Digər tərəfdən isə əgər həmin cihazlar Azərbaycanda təhlükə mənbəyinə çevrilirsə, niyə onların idxalına icazə verilir? Sualların əsas ünvanı isə “Azəriqaz” İstehsalat Birliyidir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …