Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “Evinin sahəsi az olan köçmək istəmir” – GİLEY

“Evinin sahəsi az olan köçmək istəmir” – GİLEY

Bakının “Sovetski” kimi tanınan məhəlləsində 2014-cü ildən etibarən başlanan köçürmə işlərinin artıq ikinci mərhələsi başlanır. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə Komissiyasının sədri Səməd İslamov APA-ya açıqlamasında bildirib ki, 2018-ci ilin yanvarından Bakının “Sovetski” kimi tanınan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək.

Onun bildirməsinə görə, yeni mərhələdə köçürmə işləri ilə bağlı sənədləşdirmə işləri aparılır. Daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək.

“Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Bildirilib ki, bəzi ailələr verilən kompensasiyanın məbləğinə etiraz edərək dirəniş göstəriblər. Həmin ərazidə hər kvadratmetrə 1500 manat ödənildiyi də icra hakimiyyəti tərəfindən söylənilib.

“Yeni Müsavat”ın əməkdaşı olaraq “Sovetski” ərazisində olub, aparılan işlərlə maraqlandıq. Müşahidə etdik ki, hazırda ərazidə çoxsaylı ustalar, texnikalar çalışır, qızğın iş gedir. Lakin söylənildiyi kimi, söküntü deyil, tikinti işləri aparılır. Belə ki, ötən il boşaldılan 26 hektarlıq park və yaşıllıq salınması üçün nəzərdə tutulan ərazinin ətrafına dəmir hasar çəkilib, tikinti ilə bağlı bütün təhlükəsizlik tədbirləri nəzərə alınıb. Ərazidə texnikalar işləyir, kanalizasiya sistemi çəkilir və digər bu kimi müvafiq tikinti işləri görülür. Orada çalışan ustalar bildirdilər ki, ilin sonuna qədər tikintilərin tam başa çatacağı gözlənilir. Plana görə ümumilikdə 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılmalıdır. Həmin küçələrə Balababa Məcidov, Abdulla Şaiq, Mirzağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələri daxildir. Hazırda isə bu küçələrin əksəriyyətində piyadaların hərəkəti üçün səki belə mövcud deyil. Mirzağa Əliyev küçəsində isə ümumiyyətlə, iki avtomobil yan-yana hərəkət edə bilmir. Belə bir şəraitdən sakinlər də narazıdırlar və köçürüləcəkləri günü gözləyirlər. Söhbət etdiyimiz Mirzağa Əliyev küçəsinin sakinləri bildirdilər ki, onların mənzillərini iki-üç il bundan öncə ölçüblər: “Doğrusu, bizə 2015-ci ilin sentyabr ayında deyirdilər ki, qışa kimi bu ərazilər söküləcək. Əvvəl deyirdilər ki, bu əraziləri ərəblər alıblar və hansısa obyektlər tikəcəklər. Camaat da sevinirdi ki, ərəblər alıbsa, yəqin kompensasiya da yaxşı olacaq. Həmin ərəfələrdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib, mənzilləri ölçdülər. Bildirdilər ki, kvadrata 1500 manat kompensasiya ödəyəcəklər. 2016-cı ildə də deyirdilər ki, payızda buralar söküləcək. 2017-ci il başlayanda dedilər ki, yazda burada bir dənə də ev qalmayacaq. Kirayə qalanların da hamısı başqa evlərə köçdülər ki, ərazi sökülür. İndi də 2018-ci ildir və deyilənə görə, bu ayın axırına qədər bizə konkret söz deyəcəklər”.

Sakinlərlə söhbətimiz zamanı onlar kompensasiyanın azlığından da şikayətləndilər. Söylədilər ki, tikinti materialları bazarında qiymətlər 2014-cü ildəki kimi deyil, bahalaşıb. Ona görə də ən azı 2 min manat kompensasiyanın verilməsi arzusundadırlar.

Plana görə, ikinci mərhələdə Nərimanov prospektindən yuxarı, İsmayıl Qutqaşınlı küçəsinə qədər olan hissə köçürüləcək. Üçüncü mərhələ isə köçürülmə Murtuza Muxtarov və Nərimanov prospektini, Süleyman Tağızadə küçələrinədək olan ərazini əhatə edəcək.

Hazırda “Sovetski”nin söküntü aparılmayan hissələrində yaşam normal qaydada davam edir. İşlərin aparıldığı əraziyə yaxın yerləşən Çingiz Mustafayev küçəsinin bir hissəsində söküntü aparılsa da, digər hissələrdə sakinlər gözləmə mövqeyindədirlər. Bildirdilər ki, yaxınlıqda tikinti başlanan zamanlarda kommunal xətlərində ciddi problemlər olurdu. Hazırda isə bu barədə problem yoxdur. Küçənin 74 yaşlı sakini Əzizağa Qəmbərov bildirdi ki, onlara konkret söz deyən yoxdur: “Axşam məhəllədə elə bu barədə söhbət edirdik. Hələ camaat bilmir ki, hansı küçəni sökəcəklər. Süleyman Rəhimov küçəsinin camaatı deyir ki, bizim küçəni sökəcəklər, bizimkilər də hesab edir ki, söküntü onlar tərəfdən başlayacaq. Ona görə də biz ikinci mərhələnin başlanmasından, işlərin necə gedəcəyindən məlumatsızıq. Ancaq eşitmişik ki, bu ayın axırına qədər nə isə deyiləcək. Başçını da çıxarıblar, daha əvvəlki kimi buralara gedib-gələn də yoxdur. İbrahim Mehdiyev başçı olanda, tez-tez gəlirdi söküntü aparılan yerlərə. Kim evindən çıxmaq istəmirdisə, kompensasiya ilə razılaşmırdısa, onu qışqırda-qışqırda evindən çıxarırdılar, evini də sökürdülər. Bizi də yəqin ki, elə günlər gözləyir. Evinin sahəsi az olan köçmək istəmir. Ev balaca olsa da şəhərin mərkəzindədir. Aşağı düşürük, istədiyimiz idarəyə 10 dəqiqəyə çatırıq. Sizə deyim ki, bu dəqiqə Qobunun əksəriyyəti ”Sovetski” camaatıdır. Evini söküblər, kvadratı az olduğu üçün kompensasiyanı da az alıb, məcbur qalıb Qobuda ev tikib. Sahəsi böyük evdə yaşayanlar üçün fərqi yoxdur. Bir qisim də evini kirayə verənlərdir burada. Onlar da söküntü işləri ilə maraqlanmırlar”.

Onu da qeyd edək ki, Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyev prezidentin sərəncamı ilə 1 iyul 2017-ci ildə vəzifəsindən azad edilib. Yasamal rayonu artıq 6 aydır ki, icra başçısız qalıb. İbrahim Mehdiyev yuxarıda qeyd etdiyimiz Çingiz Mustafayev küçəsində yerləşən “Hacı Cavad” məscidinin sökülməsini “özbaşına həyata keçirdiyinə görə” vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …