Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Etibar Məmmədovdan Mütəllibova sərt CAVAB: – “Bu dünyadan üzüsulu getsə, yaxşıdır”

Etibar Məmmədovdan Mütəllibova sərt CAVAB: – “Bu dünyadan üzüsulu getsə, yaxşıdır”

Modern.az saytının ötən gün 20 Yanvar faciəsi ilə bağlı yayımladığı yazı geniş ictimai rezonansa səbəb olub. Qeyd edək ki, sözügedən yazıda demokratik hərəkatın aparıcı fiqurlarından olan Etibar Məmmədovun 1990-cı il yanvar hadisələrindən sonra həbs edilməsinin motivləri ilə bağlı məqamlar yer alıb.

Belə ki, Etibar Məmmədov “Aydınlıq” qəzetinin 1992-ci il, 17 aprel tarixli buraxılışına verdiyi müsahibədə Hikmət Hacızadəni onun həbsinə razılıq verməkdə ittiham edir: “Mənim mətbuat konfransımdan sonra Hikmət Hacızadə Moskvaya zəng edib bildirib ki, Etibar Məmmədovun danışıqlar aparmağa heç bir səlahiyyəti yoxdur, onunla danışıqlar aparılmasın. Çox keçmədən müstəntiqin də etiraf etdiyi kimi, AXC İdarə Heyətinin belə münasibətindən sonra həbs olunmağım qərara alınıbmış.

Beləliklə, mənim həbs edilməyim üçün ilk növbədə AXC İdarə Heyətindən, sonra isə Ayaz Mütəllibovdan razılıq alınıbmış. Bu da bəllidir ki, məni 9 ay yarım həbsdə saxlamaqda məqsəd milli hərəkatı zəiflətmək idi”.

Eks-prezident Ayaz Mütəllibov isə Etibar Məmmədovu bu yanaşmasına görə nanəciblikdə ittiham edib.

Modern.az saytı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun Ayaz Mütəllibovdan dediklərini münasibətini öyrənib.

AMİP lideri bildirib ki, Ayaz Mütəllibov getdikcə başını itirir.

“O, adam başını itirib, olmayan şeylərdən danışır. Mən heç zaman heç kimə azad olunmaq üçün müraciət etməmişəm. Əksinə, Ayaz Mütəllibov və onun kimiləri həbsdə olduğum zaman (Lefortovada-red.) məndən xahiş edirdilər ki, Bakıda sakitliyin yaranması üçün xalqa müraciət edim. Onlar özlərinə şərait yaratmaq üçün dəfələrlə yanıma adam göndərmişdilər”.

Etibar Məmmədovun sözlərinə görə, milli azadlıq hərəkatının üzvlərinin həbsdən azad olunmasında Ayaz Mütəllibovun heç bir rolu olmayıb.

“Ayaz Mütəllibov özünü zəif prezident kimi göstərdi, zəif prezident xalqına heç bir xidməti olmayan şəxs kimi tarixdə qaldı. Ona görə də, onun danışmağa heç bir haqqı yoxdur. Susub yerində otursa və üzüsulu bu dünyadan getsə, daha yaxşı olar”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın