Ana səhifə / Sosial / Ərzaq məhsulları və meyvələrin qiyməti bahalaşıb

Ərzaq məhsulları və meyvələrin qiyməti bahalaşıb

Deputat: “Bu artımların real əsaslarının olub-olmamasının araşdırılmasına ehtiyac var”

Bu il Azərbaycanda düyü, qoyun əti, toyuq, balıq, süd, yumurta, zeytun yağının qiyməti bahalaşıb.

Meyvələrdən isə naringi, limon, banan, alma, nar, tərəvəzlərdən xiyar, pomidor, balqabaq, sarımsaq, soğan, kartof, yerkökünün qiymətində bahalaşma qeydə alınıb.

Qiyməti qalxan məhsullar içində şəkər, konfet, meyvə şirəsi, spirtli içkilər və tütün məmulatları da var.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Bildirilir ki, 2024-cü ilin yanvarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz olub.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təşkil edib.

DSK bildirir ki, manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində isə ucuzlaşma qeydə alınıb.

İqtisadı, deputat Vüqar Bayramov deyir ki, inflyasiya meyillərinin səngiməsi daha çox idxal olunan məhsullarda inflyasiya dərəcəsinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, inflyasiyanın strukturunda idxal olunan məhsulların qiyməti xüsusi çəkiyə malik olduğundan regional bazardakı dəyişikliklər qiymət indeksinə təsirsiz ötüşmür. Bütövlükdə, inkişaf etmiş dövlətlərdə və eləcə də əksər region ölkələrində inflyasiya meyillərinin səngiməsi müşahidə olunur.

Vüqar Bayramov

Ötən ay üzrə inflyasiyanın strukturunda diqqəti çəkən əsas məqam xidmətlərin qiymətindəki artımın ümumi istehlak qiymətləri indeksini təxminən 2 dəfə bənd üstələməsidir. Rəsmi inflyasiya səviyyəsi 1.7 faiz olduğu halda, xidmətlərdə qiymətlər 3.2 faiz yüksəlib. Bunun əsas səbəbi bir sıra xidmətlər üzrə yanvardan reallaşan artımlar olsa da, ödənişli xidmətlərin qiymətinin monitorinq edilməsi olduqca vacibdir. Çünki ötən ay xidmətlərin qiyməti hətta qida məhsullarının xərcindən də sürətlə artıb. Buna görə də, bu artımların real əsaslarının olub-olmamasının araşdırılmasına ehtiyac var”.

Son zamanlar az qala hər ay artan qiymətlər əhalinin ərzaq məhsullarına xərclədikləri vəsaitin artmasında da özünü göstərib.

Məsələn, 2023-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının payına düşüb. Xərcləmələrin cəmi 16,6 faizi digər qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Daha dəqiq desək, ötən il pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 484,2 manatlıq, o cümlədən 270,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 213,3 manatlıq qeyri-ərzaq malları alıb.

Həmçinin oxuyun

Bakıda bu yaşayış massivindəki binalar əyilib? – AÇIQLAMA

Sosial şəbəkələrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə olduğu və ərazidə …