Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Ermənistanda çatışmayan 100-200 min nəfər – TƏHLİL

Ermənistanda çatışmayan 100-200 min nəfər – TƏHLİL

Ermənistandakı vəziyyət həmişə bizim yazılı və elektron medianın diqqətindədir. Bunun özü çox yaxşı haldır, çünki biz oralarda nələrin baş verdiyini bilməliyik.

Bu günlərdə maraq bir az da artıb. Tezliklə Ermənistanda parlament seçkisi olacaq, ona görə də ölkə bir az aşağı “temperatur”da olsa da, hər halda, qaynamaqda davam edir – etiraz cəhdləri olur, siyasi bloklar öz rəqiblərini cəmiyyətin gözündə aşağı salmağa, bunun üçün də onları bir növ ifşa etməyə çalışır.

Bəlkə də ən əvvəl biz məhz elə bu detala diqqət yetirməliyik, ona görə ki, son illərdə bizim eçki günləridə adi, qeyri-seçki vaxtlarından qətiyyən fərqlənmir, sanki fasiləsiz sükuta qərq olmuşuq…

Bu o demək deyil ki, mən Ermənistanı demokratik bir ölkə hesab edirəm. Yox, belə deyil. Elə bu ölkədə də seçkilər hakimiyyətə sərf edən qədər “düzgün” keçirilir, elə “demokratiya”nın özü də hakimiyyətə sərf edən bir həddə icazəlidir.
Amma gəl, daha hiyləgər olduqlarından ermənilər “tərtibat” və “təqdimat” məsələsində daha tədbirlidirlər. Məsələn, onlar heç bir vaxt seçkilərdə 95-99 faiz kimi göstəricilər yazmazlar. Buna görə də oradakı seçkilər digər ölkələrdən daha “düzgün və demokratik” hesab edilir.

Bizdə isə adi seçki hesabını da hələ də qəbul edə bilmirlər. Bütün seçkiləri hakim partiyamız “rekord göstəricilər”lə başa vurur. Bu isə onlara qarşı hər yerdə şübhə və inamsızlığın yaranmasına səbəb olur…

Nə isə… Qayıdaq bir daha Ermənistana. Sosioloji sorğular hakim partiyanın öndə olmadığını göstərir. Rusiyada müəyyən narahatlıq var. Lakin ümumi rəy belədir ki, orada da sonda hakim partiya qalib gələcək. Ona görə ki, demokratik olmayan ölkələrdə hakimiyyətlərin “seçkilər”i udması adi bir haldır.

Elə bu səbəbdən də böyük ümidlərə qapılmırıq. Qarabağla bağlı daha realist çıxışları ilə seçilən L.Ter-Petrosyanın təmsil etdiyi blok isə sorğuya görə heç də ön cərgələrdə deyil.

Rusiya mediası müəyyən narahatlıq yaşasa da, vəziyyətin Rusiyanın və hakim partiyanın nəzarətində qalacağını düşünür. Bu ölkənin analitikləri hesab edir ki, Ermənsitanda vəziyyətin kardinal şəkildə dəyişməsi üçün etirazçıların sayının ən azı 100– 200 min nəfər olması lazımdır…

Biz Rusiya təhlilçilərinin arxayınlığını da yaxşı başa düşürük. Bir az əvvəldə dedik ki, Yerevan üçün də demokratiya Qərbə və başqa ölkələrə nümayiş etdirmək üçün bir maketdir. Lazım gələrsə, nəinki seçkiləri saxtalaşdırarlar, hətta bir neçə il bundan öncə olduğu kimiparlamenti gülləbaran edərlər…

Həm də biz bu ölkədəki siyasi palitranı, müxalif qüvvələrin Qarabağ problemini necə təsəvvür etdiyini elə də dəqiq bilmirik. L.Ter-Petrosyan kimi realistlər çox azdır bu ölkədə. Üstəlik, belələri də Rusiya ilə bağlıdır və onun təlimatları ilə siyasət aparırlar.

Məgər Ter-Petrosyan özü də belə siyasət aparmırdımı? Məgər Azərbaycan əraziləri elə onun vaxtında işğal olunmadımı? Səhv etdiyini analayanda və daha realist siyasət yürütmək istəyəndə isə Rusiya onu hakimiyyətdən uzaqlaşdırdı…
Həm də ki, Ermənistanın yalnız və yalnız Rusiyanın diqtəsilə hərəkət etdiyni düşünmək də bir az yanlışlıqdır. Bu ölkənin adamlarının demək olar ki, böyük əksəriyyəti, bəlkə də elə lap hamısı, necə deyərlər, Dağlıq Qarabağ müstəvisində ağlını itiribdir.

Ölkə kasıb və rəzil bir vəziyyətdədir, insanlar onu tərk edir, başqa ölkələrə köçürlər. Amma köçəndən sonra nə edirlər? Yenə də özlərinin səfeh“ideya”larını rəbliğ və təşviq edirlər. Təəssüf ki, reallıq budur…

Burada bir məsələni də qeyd etmək lazımdır ki, Rusiya da iqtisadi yüksəliş olmasa da, hər halda,bir geosiyasi yüksəliş dövrünü yaşayır. Elə bu yaxınlarda A.Merkellə D.Trampın görüşü çox soyuq keçdi. Hətta jurnalistləronları əl verib görüşməyə çağırsa da Tramp buna heç məhəl qoymadı.

Hətta Rusiya mənbələrinin yazdığına görə təyyarədən düşərkən A.Merkelin öz adamlarına ilk sözləri “Mənim salamımı Putinə çatdırın!” olub. Bunları niyə deyirəm? Bu gün ABŞ kimi ölkədə Rusiyanın seçkilərə müdaxiləsi ciddi müzakirə mövzusudursa, digər ölkələr, ən əsası da gənc dövlətlər nə etsin? Bunları görüncə onlar Kremlin ətəyini buraxarlarmı?

Bəli, təəssüf ki, ümumi fon böyük ümidlərə qapılmaq üçün heç əsas vermir. Amma bədbinlikdən də fayda götürmək olmur. Tramp sükutunu pozmayınca bir çox məsələlər məchul qalacaq. Amma Qarabağ problemi başlayandan ABŞ-da beş prezident dəyişib. Onlar problemin həlli üçün nəsə edibmi ki, indi də Trampdan bunu gözləyək?..

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın