Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Ermənistan və onun havadarları şokda – Bakının diplomatik qələbəsi!

Ermənistan və onun havadarları şokda – Bakının diplomatik qələbəsi!

Lapşin Azərbaycana qandallarda və xüsusi təyyarə ilə gətirildi; Rəsmi Moskvanın təhdid və hədələrinə rəğmən, yəhudi bloggerin ekstradisiyası reallaşdı; məsələ bütünlüklə rəsmi Bakının siyasi iradəsi altına keçir; Azərbaycanın yekun sözü nə olacaq?..

Yazının girişinə zəruri qeyd: Dəyərli oxucu, bu təhlil məqaləsi “Yeni Müsavat” qəzetinin materialıdır, dünən hazırlanıb və Aleksandr Lapşin Bakıya gətirilməzdən öncə çapa göndərilib.
****
Dünən – fevralın 7-də Belarus Ali Məhkəməsi keçən ilin dekabrında Bakının sorğusu əsasında saxlanmış  blogger Aleksandr Lapşinlə bağlı yekun qərarı elan edib. Məhkəmə onun ölkəmizə ekstradisiyası barədə Belarus Baş Prokurorluğunun 18 yanvar tarixli qərarından verilən apelyasiya şikayətini təmin etməyib. Az öncə Minsk Şəhər Məhkəməsi də analoji qərar çıxarmışdı. 
 
Bu, o deməkdir ki, Lapşinin ölkəmizə təhvil verilməsi haqda qərar dərhal qüvvəyə minmiş sayılıb və o, elə dünən qolu qandallı Bakıya gətirilməli idi. Hərçənd TASS məlumat yayıb ki, Lapşinin arvadı Belarus hökumətinə müraciət edərək və ekstradisiyasını ləngitmək məqsədilə son ümid yeri kimi Lapşinin müdafiəsi üçün daha bir imkan tanınmasını xahiş edib. 
Məlumatlara görə, Ali Məhkəmə apelyasiya şikayətinə baxmağa yarım saatdan da az vaxt sərf edib. Bloggerin özü məhkəmədə olmayıb.
*****
Beləliklə, gözlənilən oldu. Rəsmi Minsk üçlü vətəndaşlığa (İsrail, Rusiya, Ukrayna) malik yəhudi bloggerin qeyd-şərtsiz azad edilməsi ilə bağlı ələlxüsus Rusiyanın (xarici işlər naziri Sergey Lavrov, XİN sözçüsü Mariya Zaxarova, ombudsman Tatyaa Moskalkova) təzyiq-təhdidlərinə, məhkəməyə təsir cəhdlərinə baxmayaraq, siyasi iradə göstərdi və sözünü tutdu. Zatən, prezident Aleksandr Lukaşenkonun ötən həftəsonu mətbuat konfransında səsləndirdiyi məlum fikirlərdən də aydın idi ki, Belarus hökuməti məsələdə Moskva qarşısında geri çəkilmək niyyətində deyil. Elə də oldu.
Bu, sözsüz ki, ilk növbədə Azərbaycan-Belarus dostluğunun bir təzahürü sayılmalıdır. İkinci amil kimi prezident A.Lukaşenkonun məsələdə göstərdiyi qətiyyət xüsusi qeyd edilməlidir. Digər bir mühüm faktor qismində əlbəttə ki, rəsmi Bakının təkidi və prinsipiallığı vurğulana bilər. Hər necə olmasa, Azərbaycan geri çəkilsəydi, Belarus Ali Məhkəməsinin yekun qərarı da fərqli olardı. 
 
Image result for Lapşin
İndi məsələ artıq bütünlüklə Bakının siyasi iradəsi altına keçir. Ayrı sözlə, Lapşinin taleyini sırf Azərbaycan, onun prezidenti həll edəcək. Minskin yekun qərarı bilindi, bəs rəsmi Bakının yekun sözü nə olacaq? Lapşin və anasının prezident İlham Əliyevə əfvlə bağlı ünvanladıqları yazılı müraciətləri, İsrail XİN-in xahiş minnətləri, Rusiya rəsmilərinin “göz ağartmaları” ciddiyə alınacaqmı?
*****
Siyasi müşahidəçilərə görə, sualın cavabı bir sıra amillərdən asılı olacaq. Söhbət öncəliklə, İsraillə Azərbaycan arasında ənənəvi strateji tərəfdaşlıq əlaqələrinə xələl gətirilməməsindən gedir. Heç şübhəsiz, bunu rəsmi Təl-Əviv də, Bakı da yaxşı anlayır. Ona da şübhə yox ki, Azərbaycan qanunlarını kobud şəkildə pozan hansısa bloggerə görə tərəflər “çox dərinə” də getməyəcək və “qızıl orta”nı gözləyəcəklər.
Azərbaycan yəqin ki, məsələdə həmçinin Moskvanın istəyini hansısa şəkildə nəzərə alıb “qızıl orta”ı gözləməyə çalışacaq. Ancaq ötən saylarımızda vurğuladığmız kimi, ən əvvəl milli maraqlarımız əsas götürüləcək, Azərbaycan dövlətinin siması hər vəchlə qorunacaq. Milli maraqlar isə tələb edir ki, Lapçin məsələsində pozitiv bir insident yaradılsın ki, bundan sonra işğal altındakı ərazilərimizə qanunsuz səfərlər əngəlləsin. Həmin ərazilərə oğrun yollarla getmək istəyənlər öncə iki dəfə düşünsünlər.
Image result for Minsk məhkəməsi
Bu mənada Bakının ciddi diplomatik qələbəsindən artıq danışmaq olar. Çünki Lapşinin Bakıya gətirilməsinin özü artıq digər “adrenalin həvəskarları” üçün çəkindirici amil rolu oynayacaq. Başqa yandan, Azərbaycana dost-tərəfdaş olan digər ölkələr də bundan sonra analoji qərarlar çıxarmağa tərəddüd etməyəcək. 
Təsadüfi deyil ki, Lapşinin ekstradisiyası ilə bağlı ən çox təlaş keçirən işğalçı Ermənistan, separatçı rejim, beynəlxalq erməni lobbisi idi. Düşmən tərəf həm də ona görə canfəşanlıq edirdi ki, belə bir ekstradisiya qərarı turizmi inkişaf etdirmək adı ilə qanunsuz və separatçı qurumu dünyada reklam və təbliğ etmək planlarına ciddi zərbədir.
*****
Bir daha yada salaq ki, Azərbaycan hüquq-mühafizə orqanları yəhudi bloggeri işğal altındakı Dalıq  Qarabağa qanunsuz səfər etməkdə, ölkənin ərazi bütövlüyünə qarşı açıq çağırışlarda və separatçı rejimi təbliğdə ittiham edir. Azərbaycan qanunları əsasında o, 8 ilədək azadlıqdan məhrum etmə cəzası ala bilər.
Hüquqi prosedurlara görə, Lapşinin əfvi onun haqqında Azərbaycanda çıxarılacaq məhkəmə hökmü qüvvəyə minəndən sonra mümkün ola bilər. Bəzi iddialara görə, blogger mühakimə olunmaq üçün İsrailə də verilə bilər.    
Qəzet çapa hazırlanarkən  belə bir xəbər aldıq ki, Lapşini  Bakıya gətirən təyyarə yaxın saatlarda Binə hava limanına enəcək. Biz qəzeti çap olunmaq üçün nəşriyyata göndərəndə, musavat.com da öz əməkdaşını həmin qiymətli reysi qarşılamağa və Lapşinin ilk görüntülərini çəkməyə göndərmişdi. Yəqin ki, qəzet öz oxucuları ilə görüşəndə, musavat.com A. Lapşinin ekstradisiyası prosesindən reportaj və görüntüləri yayınlamış olacaqdı. 
 
****
 
Musavat.com-dan:  Əməkdaşımız Lapşinin Bakıya ekstradisiya olunması zamanı onu gətirən xüsusi təyyarənin önünə qədər gedə bilib və suçlunun ilk görüntülərini çəkib,  reportaj hazırlayıb. Həmin teportaj bu istinadda:
 
Siyasət şöbəsi 

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın