Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / Ermənistan siyasətçiləri Naxçıvanda ordunun gücləndirilməsindən ciddi narahat olmağa başlayıblar

Ermənistan siyasətçiləri Naxçıvanda ordunun gücləndirilməsindən ciddi narahat olmağa başlayıblar

“Naxçıvanın müdafiəsi elə təşkil olunub ki, narahatlığa əsas yoxdur”

Samir Adıgözəlli: “Muxtar Respublikada elə bir peşəkar ordu formalaşıb ki, onun gücü Ermənistanı sarsıtmağa qadirdir”

Son günlər erməni siyasətçilər Naxçıvanda ordunun gücləndirilməsindən böyük narahatlıq ifadə edirlər. Narahatlıq hislərini gizlətmək üçün müvafiq cavab tədbirləri görüldüyünü iddia etsələr də, hər şey aydın görünür. Hətta bu narahatlıqları ört-basdır etmək üçün ərazi iddiaları qabardılır, iddia edilir ki, Naxçıvan tarixi erməni torpağıdır, istənilən vaxt Ermənistanın nəzarətinə keçə bilər. Bu narahatlıq nə ilə izah edilə bilər?
Ekspert Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hissələrində keçirilən hərbi təlimləri tez-tez izləyir: “Bu baxımdan da ermənilərin narahatlığını əbəs saymaq olmaz. Azərbaycanla Türkiyə hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq, Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər də keçirilib.

Azərbaycan Ordusu Naxçıvanda Türkiyə ilə birlikdə hərbi təlimlər keçirdi. Amma nəzərə almaq lazımdır ki, bu hərbi təlimlər də 2017-ci il üçün plan əsasında nəzərdə tutulan təlimlərdən biri idi. Naxçıvan işğalçı Ermənistanla sərhəddə yerləşsə də, bu gün ora ilə bağlı təhlükə görmürəm. O mənada ki, Naxçıvan bu gün Azərbaycanın ən mükəmməl şəkildə silahlandırılmış qoşun birləşməsinə malikdir. Ən müasir silahlar Naxçıvandadır. Muxtar Respublikada düşmənin bildiyi və bilmədiyi elə silahlarımız var ki, Ermənistan heç vaxt cürət edib Naxçıvanla bağlı hansısa təhlükəli addım ata bilməz. Bu, Ermənistanın özü üçün fəlakətə gətirib çıxarar. Naxçıvanın güvənliyi həm də ondan ibarətdir ki, bu bölgəmizin təhlükəsizliyinə həm də Türkiyə cavabdehdir. Naxçıvanın müdafiəsi elə təşkil olunub ki, narahatlığa əsas yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanda ard-arda keçirilən hərbi təlimlər hansısa qorxudan, təhlükədən irəli gələn təlimlər deyil. Sonuncu hərbi təlim başa çatanda diqqət etdinizsə, müdafiə naziri Zakir Həsənov orada bildirdi ki, Muxtar Respublikada elə bir peşəkar ordu formalaşıb ki, onun gücü Ermənistanı sarsıtmaq gücündədir. Ermənilər də bunu bilməmiş deyillər. Odur ki, Naxçıvanla bağlı belə narahatlıqları dilə gətirirlər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi …

Bir cavab yazın