Ana səhifə / Sosial / Ermənistan mətbuatının özündə erməni vəhşiliklərinin ifşası başlayıb

Ermənistan mətbuatının özündə erməni vəhşiliklərinin ifşası başlayıb

Ramiz Tağıyev: «Həmin yazıdakı faktlardan bizim mətbuat, QHT-lər mötəbər dəlil kimi ermənilərin əsl simasını dünyaya nümayiş etdirmək üçün istifadə etməlidir»

«Ortaya çıxan erməni vandallığına, vəhşiliyinə diqqət yetirin»

Ermənistanın «Epress» saytı 27 il qabaq Ermənistanın Quqark rayonunda azərbaycanlıların kütləvi qətl edilməsi barədə material dərc edib. Jurnalist Mane Papyanın 1988-ci ildə rayonda baş vermiş hadisələrə yenidən qayıtması bir sıra erməni KİV-ini şoka salıb.
«Bakı-Xəbər» ans.press-ə istinadən xəbər verir ki, ermənilər adətən bu hadisələr barədə susmağa çalışır. Halbuki, Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general Usik Arutunyan bildirib ki, 1988-1989-cu illərdə Ermənistanda 25 azərbaycanlının milli münaqişə zəminində ermənilər tərəfindən öldürüldüyü təsdiq edilib və onlardan 11-i birbaşa Quqark rayonunda həlak olub.
Mane Papyan faciəli hadisələrin baş verdiyi kəndlərə gedib və hadisə şahidləri ilə söhbət edib. Şahidlər azərbaycanlılara qarşı edilən haqsızlıqları xatırlayıblar. Məsələn, həmin vaxtlar Kirovakanda (Vanadzor) prokuror işləmiş Qriqori Şahverdiyanın arxivində olan sənədlərə görə, 1988-ci ilin mart ayından noyabr ayına kimi Quqark rayonunda 624 azərbaycanlı əsassız olaraq işdən çıxarılıb.
«Qarabağ» komitəsinin keçmiş üzvü Artur Sakuns da etiraf edib ki, azərbaycanlıları gecələr kəndlərindən zorla köçürən zaman yolda erməni dəstələrinin hücumuna məruz qalırmışlar. Şahverdiyanın sənədlərində isə azərbaycanlıların yalnız öz evlərində deyil, iş yerlərində də həmkarları tərəfindən döyülməsi üzrə 42 hal qeydə alınıb. Bazarda azərbaycanlıları döyərək mallarını əllərindən alıblar. Qriqori Şahverdiyanın sözlərinə görə, həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətlini qeydə alıblar. Amma onların içərisində ən məşhuru Telman Hüseynovun öldürülməsi olub.»Onu İrina adlı sevgilisinin evində balta ilə vurmuşdular. Qətl açılmışdı və iki yeniyetmə – Usik Marutyan və Tiqran Evinyan həbs edilmişdi» – deyə prokuror xatırlayır. Evlərinə hücum edilən azərbaycanlıları xilas etməyə tələsdiyini söyləyən Şahverdiyan həmin günlərdə əlisilahlı ermənilərdən qorxmadığını indi təəccüblə xatırlayır: «Hamının əlində silah vardı, millətlərarası zorakılıq artmışdı. Ən dəhşətli hadisə Şaumyan kəndində baş verdi. Mənə dedilər ki, kəndin sakinləri hansısa azərbaycanlını (Qasım K.) qayadan atmaq istəyirlər. Hadisə yerinə çataraq biz bu adamı müdafiə etməyə çalışdıq. Milis, milli təhlükəsizlik də orada idi. Adamlar bizə hücum etdilər. Mənə deyirlər ki, mən orada huşumu itirmişəm və məni oradan çıxarıblar».
Şaumyan kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarkisyan məktəbin bir azərbaycanlı şagirdinin ermənilər tərəfindən qayadan atıldığını söyləyir.
Həmin günlərdə Kirovakandan əlisilahlı gənclər kəndə doluşaraq azərbaycanlılara atəş açırmışlar. Azərbaycanlılar isə kəndi tərk edərək dağlara qalxıbmışlar. Kəndin Samvel adlı sakini həmin azərbaycanlı oğlanı tutaraq qayadan atıb. Samvel sonradan Qarabağa gedərək orada da dinc azərbaycanlıları qətlə yetirib.
«Epress»in əməkdaşı ilə söhbət edən Samvel kəndi tərk edib qalmış azərbaycanlıları dağlarda qırdıqlarını etiraf edib. Moskvadan gəlmiş istintaq qrupu Samveli həbs edib. Sonra isə azad edib.
Şaumyan sakini Stepan Ayvazyan isə kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb yandırıldığını deyir: «Vanadzordan gələn qruplar Edik Martirosyanın rəhbərliyi altına Şaumyana gəlirdilər. Meyitləri yandırırdılar ki, onları tanıyan olmasın».
Direktor müavini Rima Sarkisyan xatırlayır ki, azərbaycanlılardan biri qaçıb məktəbə giribmiş, ermənilər onu tutaraq yandırıblar.
Tanınmış siyasətçi Ramiz Tağıyev  açıqlamasında bildirdi ki, əslində Azərbaycanda hər kəsin ermənilərin törətdiyi vəhşiliklər barədə məlumatı var: «Belə faktları biz nə qədər təqdim etsək də, onlar tərəfindən təkzib olunur. Hətta ermənilərin həyasızlığı o dərəcəyə çatıb ki, onlar Xocalı ilə bağlı təqdim edilən dəlilləri də inkar etməyə cəhd edirlər. Erməni saytlarında yayılan bu məlumat bizim üçün olduqca dəyərlidir.
Ortada konkret jurnalist araşdırması var. Araşdırmada adlar çəkilir, canlı şahidlərdən müsahibə götürülür. Nəticədə ortaya çıxan erməni vandallığına, vəhşiliyinə diqqət yetirin. Bunu onların özü etiraf edir. Hesab edirəm ki, həmin yazıdakı faktlardan bizim mətbuat, QHT-lər mötəbər dəlil kimi ermənilərin əsl simasını dünyaya nümayiş etdirmək üçün istifadə etməlidir».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın