Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Elşən Mustafayev: “Bu da birinci qədər təhlükəli və Azərbaycanı qane etməyəcək bir plandır”

Elşən Mustafayev: “Bu da birinci qədər təhlükəli və Azərbaycanı qane etməyəcək bir plandır”

“Rusiya istəsəydi, bu problemin həllinə çoxdan nail olmuşdu”

Rusiyanın baş naziri Dmitri Medvedyev növbəti dəfə Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Hökumət başçısı “Rossiya 1” televiziya kanalının “Vesti v subbotu” proqramına müsahibəsində Rusiyanın Dağlıq Qarabağ probleminin nizamlanmasına başladığını bildirib. Onun sözlərinə görə, əsas məsələ atəşi saxlayıb danışıqlar masasına oturmaqdan ibarətdir. Medvedyev deyib ki, Rusiya münaqişənin uzanmamasına çalışır.
“Bütün olanlardan sonra təsir gücünə malik, həm Ermənistan, həm Azərbaycanla tərəfdaşlıq münasibətləri olan bir dövlət kimi, Rusiya münaqişənin uzanmaması üçün ondan asılı olan hər bir şeyi etməli idi. Biz istəyirik ki, konflikt permanent mərhələyə qədəm qoysun.
Ona görə Rusiya prezidenti Putin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənsitan prezidenti Serj Sarkisyana zəng vurdu, mövqeyimizi ifadə etdi”.
Maraqlıdır ki, baş nazir münaqişənin dondurulmuş qalmasının daha yaxşı olduğuna diqqət çəkib: “Münaqişənin dondurulmuş vəziyyətdə saxlanması, başqa sözlə, onun sürətli həllindən imtina etməklə insan həyatını qurban verərək həll edilməsi arasında seçim etməyimlə bağlı məndən soruşsanız, mən birincini seçərdim. İndiki vəziyyətin qalması daha yaxşıdır, nəinki qan tökülməsi”.
Medvedyev Rusiyanın Azərbaycana və Ermənistana silah satmasına da münasibət bildirib. “Rusiya Ermənistan və Azərbaycana silah satışını dayandırarsa, onun yerini başqa ölkələr tutacaq. Təsəvvür edin ki, Rusiya bu roldan imtina etsə, yer boş qalmayacaq. Tərəflər başqa ölkələrdən silah alacaqlar”,-deyə o qeyd edib.
Medvedyevin münaqişənin dondurulmuş vəziyyətdə saxlanması ilə bağlı fikirləri barədə ekspertlər nə düşünür?
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinin təmas xəttində 2 aprel 2016-cı ildə erməni hərbi birləşmələri tərəfindən atəşkəsin pozulması nəticəsində yaranmış hərbi əməliyyatların ilk günlərindən Rusiyanın mövqeyi onların KİV-ləri və TV-lərinin fəaliyyətindən məlum oldu:

” Həmin proqramlarda politoloqlar problemin azı 50 illik dondurulmasını, onun həllini düşmənçilik hissləri olmayan gələcək nəsillərə saxlamağı təklif edirdilər. Eyni təklifi dəqiqliklə Medvedyev səsləndirdi. Bundan bir gün öncə Lavrov da 5+2 təklifini yenidən ortaya atmaqla, digər bir variant irəli sürdü. Əslində isə bu da yenilənmiş Madrid prinsiplərində olan təkliflərə yaxın bir təkliflərdir. Hesab edirəm ki, hər iki variant bir mərkəzdə hazırlanıb və bunu şərti olaraq A və B variantı kimi adlandırardım. Hər iki variant, nəticə etbarilə, Azərbaycanın maraqlarına xidmət etməyəcək. “Lavrov planı” kimi təqdim olanan Putin planının məğzi odur ki, 5 rayonun qaytarılmasından sonra Dağlıq Qarabağın status müzakirələri başlansın, eyni zamanda, Laçın və Kəlbəcərlə bağlı məsələlər də müzakirə olunsun. Azərbaycan buna razılıq verəcəyi halda Ermənistan dərhal deyəcək ki, bufer zonanı qaytardığımız üçün Qarabağ ermənilərinin danışıqlar prosesi boyunca təhlükəsizliyi təhdid altında olacaq. Bu zaman da araya müvəqqəti sülhməramlıların yerləşdirilməsini Rusiya təklif edəcək, bununla da Abxaziya və Cənubi Osetiyada olduğu hal yaranacaq və danışıqların müddətinin nə qədər olacağı da məlum olmayacaq. Bundan sonra, Azərbaycan istəsə belə, hər hansı hərbi əməliyyatın keçirilməsi mümkünsüz olacaq. Çünki bu halda gərək sülhməramlıların üzərindən keçəsən. Medvedyevin təklif etdiyi problemin uzun müddətə dondurulması planı isə “Lavrov planı” baş tutmayacağı halda dövriyyəyə buraxılacaq ikinci plandır. Bu da birinci qədər təhlükəli və Azərbaycanı qane etməyəcək bir plandır. 40-50 il sonra işğal altında olan ərazilərdə doğulacaq ermənilərin artıq 3-4-cü nəsli yetişəcək. Onlar ən azından oranı inanaraq öz vətəni hesab edəcək. Bu gün ermənilər həmin torpaqların onlara aid olmadığını bilirsə və yaxud bu gün Ermənistanda insanlar onlara aid olmayan torpaqlarda övladlarının əsgərliyə getməsinə etiraz edirsə, 40-50 il sonra bu cür düşünməyəcəklər.
Problemin dondurulması səbəbilə Azərbaycanın gələcək nəsilləri ən azından bugünkü gənclər kimi Qarabağ məsələsində nə dərəcədə barışmaz olacaq, o da məlum deyil. Hesab edirəm ki, Rusiya istəsəydi, bu problemin həllinə çoxdan nail olmuşdu. Amma, görünür, ya bu problemin uzanması, ya da ermənilərin istəyinə zidd olmayan şəkildə həll olunması onun əsas məqsədidir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın