Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / Elmira Axundova: “1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 olsun”

Elmira Axundova: “1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 olsun”

“Əhali ilə işləyən, pensiya, müavinətlər və sair ödənişlərə nəzarət edən insanların vəzifə maaşları daha yüksək olmalıdır, çünki hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xüsusən də rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-300 manat civarındadır. Bu da istər-istəməz neqativ hallara, yəni rüşvətxorluq, korrupsiya və sairə gətirə bilən bir amildir. Ona görə bu çətin sahələrdə işləyən insanların vəzifə maaşlarının əhəmiyyətli dərəcədə yüksəldilməsini istərdim ki, həmin sahəyə bilikli, kreativ, sağlam cavanların axını güclənsin”.

Deputat Elmira Axundova bu fikirləri “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanunun müzakirəsi zamanı dedi.

Şəhid ailələrinə ayrılan vəsaitlə bağlı məsələyə toxunan deputat bildirdi ki, ədalət prinsipini saxlayaraq bütün şəhid ailələrinə prezidentin bu yardımı edilməlidir: “Lakin bəzi vərəsələrin əvvəlki illərdə müəyyən məbləğdə sığorta pulları aldıqları halda, bu pullar hesablanmalı və inflyasiya nəzərə alınaraq 11 min manat məbləğindən çıxılmalıdır. Məsələn, kimsə 10 il qabaq 100 dollar ya da 50 min manat (5 şirvan) pul alıbsa, hazırda bu məbləğ təkrar hesablansın və ümumi məbləğdən çıxarılsın. Qalan vəsait vərəsəyə verilməlidir. Qoy bu proses uzadılsın, kimsə bu pulları nisbətən gec alsın, lakin sosial ədalət prinsipi saxlanılaraq, ictimai narazılıq aradan qaldırılacaq”.

E.Axundova uşaqlara verilən müavinətlərin artırılmasının vaciblyini də qeyd etdi: “Gördüyümüz kimi, bu müavinət 2018-ci ilin səviyyəsindədir, bu, bizi qətiyyən razı sala bilməz, çünki real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur. Mən təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s. olsun. Çünki, statistikaya görə, respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır”.

Əlillərlə bağlı problemə toxunan deputat bildirdi ki, birinci qrup əlilə ailə üzvlərindən biləvasitə qulluq edən insanlara həm əmək stajı hesablansın, həm də onlar müəyyən məbləğdə heç olmasa, yaşayış minimumu həddində məvacib ala bilsinlər: “Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur. Xahiş edirəm, təkliflərimi nəzərdən keçirərək bu məsələlərə diqqətlə yanaşasınız, ümumiyyətlə 2019-cu ilə planlaşdırılan sosial büdcə ciddi düşünülmüş bir sənəddir və onları deputatların müəyyən dəyərli fikirləri nəzərə alınmaqla 1-ci oxunuşda qəbul etmək olar”.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …