Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Elmar Məmmədyarovun başı dərddə

Elmar Məmmədyarovun başı dərddə

Bir sıra səfirliklərin bağlanması sabiq səfir tərəfindən dəstəkləndi
Xarici İşlər Nazirliyi xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və ticarət ofislərini bağlayacaq. Məlumatlara görə, XİN artıq müvafiq siyahı hazırlayıb və tezliklə bir neçə ölkədə konsulluqlar, ticarət nümayəndəlikləri bağlanacaq. Bunların arasında Azərbaycanın Uruqvay, Kolumbiya və Kubadakı səfirlikləri, ticarət nümayəndəlikləri, Genuya, Livan, Bratislava, Xarkovdakı fəxri konsulluqlar, habelə Amerikanın Santa-Fe şəhərindəki fəxri konsulluq yer alacaq. Azərbaycan hökuməti hər il bu nümayəndəliklərin saxlanılmasına milyonlarla dollar xərcləyirdi.

Bundan əlavə, məlum olub ki, Azərbaycanın Tailand, Oman, İraq və Əfqanıstandakı səfirliklərinin açılması “daha yaxşı zamanlara” təxirə salınıb. Azərbaycanın bu ölkələrə təyin olunmuş səfirləri var, ancaq onlar qonşu ölkələrdə mənzilləniblər.

Bəs qeyd olunan ölkə və şəhərlərdə diplomatik nümayəndəliklərin bağlanması Azərbaycanın xarici siyasət sahəsində hansısa problemlərlə üzləşməsinə gətirib çıxara bilərmi?

Keçmiş səfir Hikmət Hacızadə hesab edir ki, bir sıra diplomatik nümayəndəliklərimiz və konsulluqlarımız ixtisara salınacaqsa, bu addım düzgün addım olacaq: “Həqiqətən, bəzi diplomatik nümayəndəliklər və konsulluqlar ixtisara düşməlidir. Çünki mənasız yerə çoxlu sayda nümayəndəliklər, konsulluqlar açılıb. Onların saxlanması ölkəyə mənasız maliyyə itkisindən başqa bir şey deyil. Latın Amerikasına aid bir sıra ölkə və şəhərlərdə, Afrikanın bir sıra yerlərində diplomatik nümayəndəlik bizim nəyimizə lazımdır axı? Onların ixtisara salınması Azərbaycanın xarici siyasətdə geriləməsinə gətirib çıxarası və bizə zərər vurası deyil. Mənasız ştatlardan başqa şey deyillər və ona görə də ixtisar olunmalıdır. Bu ağır maliyyə böhranı dövründə Azərbaycana əhəmiyyətsiz nümayəndəliklər lazım deyil. Onlar büdcəyə əlavə yükdürlər. Xarici İşlər Nazirliyində böhran yarandığı ilə bağlı isə mənim məlumatım yoxdur. Mən ancaq mediadan eşidirəm ki, filan səfir istefaya getdi, filan səfirliyin işçisi qaçdı, filan səfir bəyanat verdi”.

Qeyd edək ki, 2015-ci ilin mayından Xarici İşlər Nazirliyi, nazir Elmar Məmmədyarovla bağlı ziddiyyətli proseslər müşahidə edilir. May ayında səfir Arif Məmmədovun nazirliyi və hakimiyyəti sərt tənqid etməsindən sonra başlanan proses “diplomat qiyamı” kimi qiymətləndirilirdi. Xeyli vaxtdır başlanan proses artıq 10-a yaxın diplomatın vəzifədən getməsi və Elmar Məmmədyarova qarşı çıxması ilə nəticələnib. Son olaraq bir neçə gün öncə keçmiş xarici işlər naziri, sabiq səfir Tofiq Zülfüqarov Xarici İşlər Nazirliyində böhran yaşandığını bəyan edib və Elmar Məmmədyarovu suçlayıb.

Elmar Məmmədyarovun fəaliyyətindən Prezident Administrasiyasında da narazılığın olduğu bildirilir. “MTN işi”nin bir çox dövlət qurumları ilə yanaşı, diplomatik korpusa da sıçradığı bildirilir. Oktyabrın 17-də Eldar Mahmudov nazir vəzifəsindən çıxarılandan sonra aydın oldu ki, əksər dövlət qurumlarında onunla bu və ya digər formada ilişkiləri olan vəzifəlilər var. E.Mahmudov tutduğu postdan qovulandan sonra onun Xarici İşlər Nazirliyində də geniş “kadr bazası” olduğu haqda məlumatlar yayılmışdı.

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov da bu məlumatları dolayısı ilə təsdiqləyən açıqlama vermişdi. Bildirmişdi ki, Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra səfirliklərdə çalışan MTN əməkdaşlarının bir qismi vətənə dönməyəcək. “Yeni Müsavat”a daxil olan son məlumata görə, bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə geri çağırılan səfirlər sırasında da E.Mahmudovla ilişkilərə malik diplomatlar olub.

Bir sözlə, proseslərin gedişi Elmar Məmmədyarovun başının üstündə qara buludların sıxlaşdığını göstərir. Onun yaxın zamanlarda sabiq nazir statusuna keçəcəyi ehtimalı kifayət qədər yüksəkdir.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın