Bazar , Fevral 25 2024
Ana səhifə / Sosial / Elektrikli avtobuslara keçid: Qiymət artımına səbəb olacaq?

Elektrikli avtobuslara keçid: Qiymət artımına səbəb olacaq?

Son illər dünyada müasir elektrik mühərrikli avtobusların tətbiqi genişlənməkdədir.

Avropada təmiz, alternativ yanacaqlı avtobusların geniş miqyaslı tətbiqini təşviq etmək üçün Təmiz Avtobus Bəyannaməsini (BUS2025) imzalanıb.

Belə ki, dünya yollarında hərəkət edən avtobusların təqribən yarısı növbəti 5 il ərzində tamamilə elektrik avtobuslara keçidi planlaşdırılır. Ölkəmizdə də son vaxtlar elektrik mühərrikli avtobuslardan istifadə ediləcəyi bildirilir.

Hətta Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, Çinin “Yutong” şirkətinin Azərbaycanda elektriklə çalışan avtobus istehsalı müzakirə olunub:

“Çinin elektrik mühərrikli avtobus istehsal edən aparıcı şirkəti “Yutong”un ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdük. Ölkədaxili mobilliyin artırılması çərçivəsində əməkdaşlığı, həmçinin yerli tərəfdaşlarla birgə Azərbaycanda istehsal müəssisəsinin qurulması məsələsini müzakirə etdik”.

Bildirək ki, ötən 7 ildə paytaxtın avtobus parkının 61 %-i yenilənib. Prezidentin birbaşa tapşırığı ilə 1 044 ədəd orta və iritutumlu müasir sərnişin avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. 

Gündəlik təxminən 650 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edir. Yeni alınan avtobusların 76 %-i “Avro 6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. 

Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarına əsasən, paytaxtda müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobuslar sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz edilməlidir. Bu yanaşma şəhərin ətraf mühitinin qorunması və havanın çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Cari ilin sentyabr ayında isə Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Məlumata görə, elektrik avtobusu 5 saylı marşrut xəttində hərəkət edir. Marşrut xətti “20-ci sahə” – “Nəriman Nərimanov” metrostansiyası istiqamətini əhatə edir. Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. 

Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir. Elektrikli avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə əsasən, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək.

Bugünlərdə isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, gələn ildən Bakıda elektriklə işləyən avtobuslardan istifadənin artırılması nəzərdə tutulur: 

“Növbəti ildən biz yeni elektrik avtobuslarını Bakı küçələrində daha sıx görəcəyik”. 

Onun sözlərinə görə, hazırda Bakıda 400-ə yaxın avtobus müasir tələblərə cavab vermir.

Qeyd edək ki, avtobus parkının davamlı olaraq yenilənməsinə baxmayaraq, hələ də paytaxtda bir çox avtobuslar var ki, müasir tələblərə cavab vermir. Məsələn, “53”, “120”, “31”, “79” saylı marşrut avtobuslarını göstərmək olar. Uzun müddətdir ki, vətəndaşlar belə avtobusların yeniləri ilə əvəz ediləcəyini gözləsələr də heç bir nəticə yoxdur. Ancaq bu sahədə mövcud problemlərin həllində qiymət artımına gedilməsi barədə sürücülərin təklifi tez bir zamanda həllini tapdı. 

İndi isə vətəndaşları digər bir məqam düşündürür ki, paytaxtda elektrik mühərrikli avtobusların tətbiqi genişləndikdə yenidən bahalaşma, hər hansı qiymət dəyişikliyi müşahidə ediləcəkmi?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Cebhe.info”-ya bildirdi ki, marşrut avtobuslarda gediş haqları ilə bağlı hər hansı qiymət təyin onunlanda ümumi strukrura və infrastruktura uyğun olaraq tənzimlənir: 

“Burada qiymətlərin hər hansı bir yanacaq növü ilə də işlədilməsi təsir edən amildir. Çünki onun maya dəyərinə nəzərən hesablanır. Hazırkı vəziyyətə görə elektrikli avtobusların istifadə olunmasının daha çox ümumi iş prinsipinə, iş rejiminə aidiyyəti var.

Düşünmürəm ki, gələcəkdə ölkəyə bu tipli avtobusların gətirilməsi hər hansı ucuzlaşmaya səbəb ola bilər. Çünki onların özünəməxsus xüsusiyyətləri var. Xüsusi ilə sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş elektrikli avtobusların istifadəsi baha başa gəlir.

Belə ki, ehtiyat hissələrinin, akkumulyator-elektrik toplama sisteminin bahalığını hesabladıqda indi tətbiq edilən qiymətlərə yaxın olur. Ona görə də marşrut avtobuslarda qiymətlərin enəcəyinə inanmıram”.

Həmçinin oxuyun

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər …