Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Eldar Mahmudovun parlamentdəki deputatları…

Eldar Mahmudovun parlamentdəki deputatları…

Ekspertlər bildirirlər ki, bütün siyahıdakıları Çingiz Əsədullayevin aqibəti gözləyir…

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra növbə onun deputat siyahısına da çatdı. Nazirin siyahısından deputat olduğu iddia edilən qudası Çingiz Əsədullayev deputat mandatından məhrum edildi.

90 saylı Ağdaş seçki dairəsinin nəticələri ləğv olundu. Mərkəzi Seçki Komissiyası noyabrın 17-də keçirilən iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb və şok qərar qəbul edib. 90 saylı dairədən namizəd olmuş iki şəxsin müraciəti dərhal araşdırılıb və MSK dairədə səsvermənin nəticəsini ləğv edib.

Ç.Əsədullayev isə bundan mətbuat vasitəsilə xəbər tutub. “Siz məni təəccübləndirdiniz. Mən qalib gəldiyim dairədə seçkilərin nəticələrinin ləğv edilməsindən indi xəbər tuturam”,- deyə, o, virtualaz.org saytına açıqlama verib. Onun sözlərinə görə, ona nə MSK-dan, nə də DSK-dan seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı heç bir xəbərdarlıq olunmayıb.
Qeyd edək ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası olan Ç.Əsədullayevin mandat alması real görünmürdü. Amma adı deputat seçilənlərin siyahısına düşmüşdü. Ehtimallara görə, o, mandatını itirməklə yanaşı, Müşahidə Şurasının sədri olduğu “Azəriqazbank”dan uzaqlaşdırılacaq, hətta istintaqa da cəlb olunacaq.

MTN sefi vurularkən, onun deputat siyahısının olduğu və həmin siyahıdan heç kimin parlamentə düşə bilməyəcəyi kimi fikirlər də bildirilirdi. E.Mahmudovun “adamı” olduğu deyilən, ona yaxın deputatlığa namizədin olması kimi ehtimallar da siyasi çevrələrdə səslənirdi. İndi isə bildirilir ki, sabiq nazirin siyahısından parlamentə bir neçə nəfər düşə bilib və onlar təmizlənəcək. Qeyd edək ki, Milli Məclisə seçilmiş deputatların təsdiqlənməsinə bir neçə gün qalıb. Ekspertlər MSK-nın Ç.Əsədullayevlə bağlı qərarının siyasi motivli olduğunu bildirirlər. Bildirilir ki, artıq sabiq nazirin hakimiyyətdaxili qruplaşması zərərsizləşdirilir.
Ç.Əsədullayev qeyd edib ki, hökumətin və prezidentin istənilən qərarını dəstəkləyir: “Əgər hökumət, MSK bu dairədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu düzgün hesab edirlərsə, deməli, belə də olmalıdır. Mən bu qərarı heç bir halda şübhə altına almaram”.
Artıq mətbuatda Eldar Mahmudova yaxın deputatların adları açıqlanır.

Ehtimallara görə, bunlardan biri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, 23 saylı Nəsimi-Səbayel seçki dairəsindən lider namizəd Ziyad Səmədzadədir. Bəzi iddialara görə, Z.Səmədzadənin E.Mahmodovla yaxın əlaqəsi olub. Musavat.com-un yazdığına görə, deputat Z.Səmədzadə E.Mahmudovun atası akademik Əhməd Mahmudov haqqında geniş məqalələr, monoqrafiyalar yazıb və filmlərin çəkilməsində iştirak edib. Musavat.com-un əldə etdiyi məlumata görə, Ziyad Səmədzadənin də mandatının ləğv ediləcəyi gözlənilir. Bu barədə qərarın ya bu gün Mərkəzi Seçki Komissiyasının keçiriləcək iclasında, ya da Konstitusiya Məhkəməsində seçkinin nəticələri təsdiq edilərkən veriləcəyi gözlənilir.

Arqument.az-a daxil olan məlumata görə isə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin də nəticələrinin ləğv edilməsi müzakirə predimentinə çevrilib. Mənbə bildirir ki, bu dairədən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən Naqif Həmzəyevin adının müxtəlif qalmaqallarda, “MTN işi” və nurçularla yaxınlıqda hallanması dairənin nəticələrinə yenidən baxılmasını aktuallaşdırıb.

İddia olunur ki, prosesin gedişi Naqif Həmzəyevin də mandatdan məhrum edilməsi ilə nəticələnə bilər. Hazırda onunla bağlı araşdırmaların aparıldığını deyən mənbə iddia edir ki, artıq bununla bağlı Gəncənin icra başçısı Elmar Vəliyevə də məlumat sızdırılıb. Son günlər Həmzəyevin MTN-ə yaxınlığı ilə bağlı yayılan xəbərlər isə onun özünü də çətin vəziyyətdə qoyub.

Görünür, hakimiyyət gələcəkdə ciddi problemə çevriləbiləcək şəxsləri indidən “təmizləməyə” qərar verib. Bu da bir çox dairələrdə YAP-çı və müstəqil namizədlərin mandatdan məhrum edilməsi ilə nəticələnəcək.

Ekspertlər isə bildirirlər ki, E.Mahmudovun deputat siyahısından parlamentə düşə bilmiş digər şəxsləri də bu aqibət gözləyir. Ekspert Azər Rəşidoğlu məsələ ilə bağlı musavat.com-a bildirib ki, sabiq nazirin neçə deputatının parlamentə düşə bildiyini söyləmək çətindir: “Bu suala cavab vermək asan deyil. Eldar Mahmudova şəxsi yaxınlığı ilə seçilən simaları aşkarlamaq mümkündür. Lakin hər hansı formada MTN-lə bağlı olan millət vəkilləri, siyasətçi və jurnalistləri de-şifrə etmək olduqca qəlizdir. MTN, həbs edilən Akif Çovdarov və İlqar Əliyevin, şəxsən Eldar Mahmudovun təsir dairəsində olan simalar kifayət qədər çoxdur, onların hamısını aşkarlamaq imkansızdır. Sadəcə, əl dəyişə bilər və həmin agentura şəbəkəsi yeni sahibinə xidmət etməyə başlaya bilər. Burada Eldar Mahmudovdan söhbət getmir, MTN agenturası müzakirə predmetidir. Onların sayını müəyyən etmək isə mümkün deyil”.

Ekspert Natiq Miri isə qeyd edib ki, sabiq nazirin deputat siyahısı ictimaiyyət üçün dəqiq olmadığından, bu barədə konkret informasiyalar yoxdur: “Bu barədə konkret informasiyalar yoxdur, müəyyən ehtimallar var. Bu şəbəkəyə bağlı bütün insanlar, istər deputat, istər mühüm vəzifələrdə olanlar, hamısı hakimiyyətin qollarından uzaqlaşdırılacaqlar. Son etapda, deputatlığı nəticə elan olunandan 16 gün sonra ləğv olunan Çingiz Əsədullayevin məsələsi göstərdi ki, məsələ ciddi şəkildə nəzarətə alınıb. Hər bir halda, nəzərə almaq lazımdır ki, Milli Təhlükəsizlik Nazirliyi dövlətin dayağı sayılır və bütün dövlət strukturlarına və rayon icra hakimiyyətlərinə təsir imkanları böyükdür. Düşünürəm ki, bu orqanın vasitəsilə parlamentə deputatların seçilməsi prosesi zamanında böyük çətinlik yaratmayıb. Bu, araşdırılsa, hansısa yollarla həll olunacaq və onlar parlamentdən uzaqlaşdırılacaqlar”.

 

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın