Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Elçibəyin silahdaşı ilə Etibar Məmmədovun adamı arasında toqquşma – kim haqlıdır?

Elçibəyin silahdaşı ilə Etibar Məmmədovun adamı arasında toqquşma – kim haqlıdır?

Vaxtilə AXC-nin üzdə olan funksionerlərindən biri və keçmiş prezident Əbülfəz Elçibəyin silahdaşlarından olmuş Ülvi Həkimov 4 iyun qiyamıyla bağlı AMİP lideri Etibar Məmmədovun mətbuata verdiyi açıqlamalara etiraz bildirərək sosial şəbəkədə status paylaşıb.

O, bildirib ki, Etibar Məmmədov həmin dövrdə cinayətkar dəstələrə dəstək verərək AXC iqtidarının müttəfiqlik təklifini rədd edib.

Hadisələrin gərgin olduğu zaman prezident Əbülfəz Elçibəyin nümayəndəsi olaraq AMİP-in qərargahına getdiyini və Etibar Məmmədovla görüşdüyün bildirən Ü.Həkimov AMİP liderinin və yaxın ətrafının həmin vaxt Elçibəyə hörmətsizlik etdiyini və faktiki olaraq hərbi qiyamçıların tərəfində olduğunu ortaya qoyduğunu qeyd edib. Etibar Məmmədov isə öz növbəsində moderator.az-a açıqlamasında bildirib ki, Ülvi Həkimovun dedikləri yalandır: “Mən nə onun dediklərini oxumuşam, nə də belə bir adamla görüşmüşəm. Deyilənlər həqiqəti əks etdirmir. Bu haqda hər il danışılır, müzakirələr gedir. Mən bu haqda çoxlu açıqlamalarım olub və yenidən bu mövzulara qayıtmaq istəmirəm.”

E.Məmmədova AMİP katibi Əli Orucovdan dəstək verilib. Artıq bir neçə gündür Ülvi Həkimovla Əli Orucov arasında kəskin söz atışması gedir. Ə.Orucov facebook səhifəsində Ü.Həkimov sərt cavab yazıb. O qeyd edib ki, 4 iyun hadisələri ərəfəsində həmişə olduğu kimi yenə də öyrədilmiş adamlar ortaya çıxardılaraq ətrafa şər-şəbədə və böhtan yağdırmaqdadır: “Kimlərsə sanki içindəki kini-küdurəti tökmək üçün girəvə, fürsət axtarır. Bu mövzunun bizə nə aidiyyatı var, nə də aktuallığı. Bu bizə heç lazım da deyil. Hakimiyyəti tank üzərində, silah-sursatla ələ keçirən AXC, eyni üsulla da bir il çəkmədən yıxıldı. Əllərindəki hakimiyyəti qoruya bilməyən fərsizlər, öz günahlarını etiraf edib, dizi üstə düşüb yalvararaq xalqdan əfv istəmək əvəzinə, neçə illərdi ki, günahkar axtarışına çıxıblar. Hər dəfə də AMİP-in adını hallandırırlar. Guya ki, milli hökuməti biz yıxmışıq. Əvvəla, bu epiteti AXC hökumətinə kim və hansı əlamətinə görə verib bu bəlli deyil. İkincisi də, bu insanlar hələ də qanmaq istəmirlər ki, hökumətə müxalif olan AMİP-in borcu və öhdəliyi deyildi ki, hərtərəfli etimadını itirmiş hakimiyyəti qoruyub saxlasın. Birisi vəzifəsini dondurur, birisi acıq-gizli hakimiyyətdə ola-ola Naxçıvanı su yoluna döndərir və s. Belə hakimiyyəti necə qorumaq olardı?! Özlərini milli və demokratik hökumət adlandıranlar gedib kommunistlərlə iş birliyi yapdılar. Azərbaycanın mənafeləri qaldı bir qıraqda hakimiyyət daxilində maraqlar, vəzifələr və səlahiyyətlər uğrunda mübarizə qızışdı. Ülvi Həkimov adlı birisi Rusiya tərəfindən işğal olunmuş Krımdan status paylaşıb. Paylaşdığı həmin statusda öz ölçüsü boyda tərbiyəsizlik edib. Bu adam özünü elə göstərməyə çalışıb ki, guya həmin dönəmdə böyük zad olub. Axı ay Ülvi, sən kim idin, hansı səlahiyyət və vəzifə sahibi idin ki, səni mərhum prezident Elçibəy danışıqlara göndərirdi?! Həmin vaxtlar hər iki lider demək olar hər gün görüşüb, müzakirələr apardıqları halda, arada vasitəçiyə ehtiyac yox idi. Haçansa AMİP-in həyətindəki çayxanada kiminləsə nə danışmısan bu elə sənin daşıdığın statusta və səlahiyyətdə olub. İndi durub ağlına gələn yalanlar uydurub, tərbiyəni sərgiləyirsən”.

Ülvi Həkimov isə Etibar Məmmədova və Əli Orucova cavab verib. O, E.Məmmədovu həqiqəti etiraf etməkdə suçlayıb, Ə.Orucovu isə “heç kim, qiyamçılara çay daşıyan” adlandırıb: “AMİP funksioneri və Etibar Məmmədovdan xəbər var. Etibar bəy deyir ki, o adamla görüşməmişəm. Guya məni tanımır və dediklərim yalandır. Xeyr, Etibar bəy, tam həqiqətdir. 7 iyun 1993-cü ildə mən və AXC İcraiyyə Komitəsinin üzvü Rövşən Ağayev AMİP qərargahında 2-ci mərtəbədə sizin kabinetdə və 10-larla şahidlərin gözü önündə o vaxtki kurmaylarınızın iştirakı ilə görüşmüşük və Elçibəyin sizinlə təkbətək görüşmək istəyini də çatdırmışıq. Yalan danışmaq və qeybət etmək mənim təbiətimdə yoxdur və siz məni yaxından tanıdığınız üçün də buna bələdsiniz.

Mətbuatda tərbiyəsizlik edən Əli Orucova isə çatdırmaq istəyirəm ki, mən 1990-cı ildən AXC sədri Elçibəyin köməkçisi, 1992-1993-cü illər AXC İcraiyyə Komitəsinin üzvü və AXC sədrinin təşkilat məsələləri üzrə müavini olmuşam. Etibar bəylə görüşə AXC hakimiyyətinin və AXC sədri, prezident Elçibəyin nümayəndəsi kimi getmişəm. Sən onda kim olmusan, bilmirəm? Əlbət AMİP-in çayxanasında Şadmana, Babəkə, İlqara, Mübarizə, Vaqifə və s. dövlət çevrilişində iştirak edən qiyamçılara çay daşımısan. AMİP-də yaxından tanıdığım və hörmət etdiyim onlarla insan və dostlarım var. Onların milli azadlıq hərəkatındakı xidmətlərinə, qiyama dəstək vermədiklərinə, dürüst olduqlarına qəti şübhəm yoxdur. Təəssüf edirəm ki, onlar o zaman AMİP rəhbərliyində yox idilər… İndi Əli Orucov, sən kimsən? Sənin AMİP və onun tarixinə nə aidiyyətin var? Get sualları AMİP lideri Etibar bəyə ver və o sənə mənim kim olduğumu deyəcək”.

Qarşı duran tərəflərdən kimin haqlı olub-olmadığı sualı ilə ADP sədri Sərdar Cəlaloğluna müraciət etdik. S.Cəlaloğlu bildirdi ki, 4 iyun qiyamı ilə bağlı mövqelərdə həqiqət üzə çıxarmaq mümkün deyil: “Bu elm deyil ki, həqiqəti üzə çıxara biləsən. 4 iyun hadisələri ilə bağlı polemikalarda hər kəs özünün doğru olduğunu qəbul etdirmək istəyir. Etibar Məmmədov cəbhəsi ilə Elçibəy tərəfdarları arasında kəskinləşən polemikalarda əslinə baxanda, hər iki tərəf haqlıdır. Etibar Məmmədov və tərəfdarları deyir ki, onlar müxalifət olaraq hakimiyyətə gəlmək istəyirdilər və hakimiyyət müdafiə eləməyə borclu deyildilər. Müxalifət hakimiyyətə gəlmək istəyirsə, əlbəttə, iş başında olan iqtidarın getməsini istəyir və buna çalışır. Elçibəy tərəfdarı olaraq çıxış edənlər də o mənada haqlıdırlar ki, ölkədə qanuni hakimiyyətə qarşı hərbi qiyam qalxmışdı və siyasi müxalifətin də mövqeyi hakimiyyətin yıxılmasında rol oynayırdı. Bu diskussiyalar həmişə olacaq və heç vaxt da tərəflərdən biri geri çəkilib “mən haqsızam” deməyəcək”.

Müstəqil siyasi ekspert Elxan Şahinoğlu isə bildirib ki, 4 iyunla bağlı sosial şəbəkədə və mediadakı qarşılıqlı ittihamlarla zəngin fikirlər boldur və heç kəs özünün hansısa səhvinin olduğunu dilə gətirmir: “Mən demişdim…” kimi “uzaqgörənlik” də edirlər, ancaq heç birində bircə ifadə yoxdur – “mən səhv etdim, gərək fərqli qərar verərdim”. Etiraf olmadığından da siyasətdə hamısı məğlub durumdadır, zaman onları qocaltdı”. Musavat.com

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın