Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Elçibəyin qəbuluna gedən “parik”li şəxs kim olub?

Elçibəyin qəbuluna gedən “parik”li şəxs kim olub?

Sabiq prezident Əbülfəz Elçibəyin 23 il öncə Bakını tərk edərək Kələkiyə getməsi ilə bağlı müxtəlif ziddiyyətli fikirlər səslənməkdə davam edir. 23 ildən sonra ilk dəfə Elşad Musayev bu mövzu ilə bağlı sensasion sayıla biləcək açıqlama verib.
E.Musayevin bildirdiyinə görə, Elçibəyin Bakını tərk etməzdən əvvəl sonuncu qəbul etdiyi şəxs barədə onda maraqlı informasiya var. Onun sözlərinə görə, Elçibəyin prezident statusunda sonuncu qəbul etdiyi şəxs parik geyinən bir nəfər olub. Pariklə prezidentin qəbuluna gələn həmin şəxs Elçibəylə görüşüb və prezidentin Kələkiyə getməsi təklifini irəli sürüb. Elşad Musayev daha sonra deyib ki, cəbhəçilər, müsavatçılar və yurdçular bu şəxsin kimliyini açıqlamalıdır. Onun fikrincə, parik geyinərək prezidentin qəbuluna gedən şəxsin kimliyini onlar bilməmiş deyillər.
Sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi vəzifəsində çalışmış Oqtay Qasımov bildirib ki, parik geyinərək prezidentin qəbuluna gələn şəxsin kimliyi haqqında məlumatlı deyil: “Mən bu haqda ilk dəfədir Elşad Musayevdən eşidirəm. Lakin bir məqamı dəqiq ifadə edə bilərəm. Parikli və ya pariksiz şəxs kim olusa və əgər belə bir fakt olubsa da, artıq buna qədər Kələkiyə getmək qərarı verilmişdi. Elşad Musayevin bu fikirləri mənim üçün də maraqlı oldu. Ancaq bilirəm ki, həmin şəxs kim olsa belə Kələki qərarı ona qədər verilmişdi. Əgər belə bir adam olubsa və prezidentin qəbuluna giribsə, Əbülfəz Elçibəy onunla yalnız öz fikrini bölüşə bilərdi. Ancaq Kələkiyə getmək qərarı əvvəlcədən olub və bu, Elçibəyin qərarı idi”.
Oqtay Qasımov qeyd edib ki, Elşad Musayevin parikli şəxslə bağlı informasiyasının nə dərəcədə əsaslı və mötəbər olması barədə bir söz deyə bilməz: “Məncə, bunu Elşad Musayevin özü açıqlasa, yaxşı olar. Əgər belə bir parikli adam haqqında danışıbsa, deməli Elşad bəy onun kimliyini də bilir. Yəni həmin şəxsin kimliyindən, hansı cəbhədə olmasından asılı olmayaraq, konkret adı açıqlamaq lazımdır. Şəxsən mən bu haqda oxuyanda belə təəssürat yarandı ki, parikli şəxsin prezidentin qəbuluna girməsi barədə məlumatı Elşad Musayevə Türkiyədə olan hərbçilər deyib. Ancaq iş ondadır ki, həmin dövrdə Prezident Administrasiyasında türk hərbçilər əyləşmirdi. Elçibəyin hərbi məsələlər üzrə müşaviri general-leytenant Yaşar Dəmirbulaq olub. Bu şəxs azərbaycanlı əsillidir və işi hərbi quruculuq istiqamətində olub. Yəni Yaşar Dəmirbulaqda belə informasiya ola bilməzdi. Odur ki, Elşad Musayev ad açıqlasa, bizim üçün də maraqlı olardı”.
Oqtay Qasımov bildirib ki, özü prezident Əbülfəz Elçibəyin köməkçisi vəzifəsində çalışsa da, qəbul işlərinə baxmayıb: “Mənin konkret öz sahəm var idi. Mən mətbuat, daxil olan məktublar, məxfi sənədlərin hazırlanması vəqəbulu işi ilə məşğul olurdum. Həmçinin Dövlət Müdafiə Komitəsinin toplantılarının katibliyini edirdim. Yəni, qəbul məsələsinə mən baxmırdım. Qəbula prezidentin digər köməkçisi, rəhmətlik Gülşad Zərbəliyev baxırdı. Ancaq bir daha qeyd edirəm ki, Elşad Musayev cəmiyyət üçün maraq doğuracaq bir informasiya açıqlayıb, amma bunu konkretləşdirsəydi, cəmiyyət və bizim üçün bu adamın kimliyi, onun nə dərəcədə prezidentə təsir etmə gücündə olması ortaya çıxardı. Həm də informasiyanın mötəbərliyinə şübhə qalmazdı. Çünki Elşad Musayevin dediyindən belə çıxır ki, prezidentin Naxçıvana getməsi haqda qərar həmin parikli şəxslə birlikdə alınıb. Lakin mən bildiyim qədər belə deyil. Həmin adam hər kim olubsa, onunla müzakirə edilə bilərdi. Amma mən bilirəm ki, ona qədər artıq müəyyən daxili qərarlar verilmişdi. Çünki artıq Bakıda qalmaq çətinləşmişdi. Əlbəttə, qalmaq mümkün idi. Ancaq bu vəziyyəti bir qədər də mürəkkəbləşdirəcəkdi. Başqa sözlə, prezidentə sadiq qalan qüvvələrlə qarşı tərəf arasında qarşıdurma dərinləşdirəcəkdi ki, bu da Bakı şəhərində vəziyyətin tam nəzarətdən çıxması ilə nəticələnəcəkdi. Buna yol vermək olmazdı. Başqa sözlə, hakimiyyət verilib, ölkə qurtarılıb. Bizim gözümüzün qarşısında Tacikistanda və Gürcüstanda vətəndaş müharibəsi yaşanmışdı və bunu müşahidə etmişdik”./teleqraf.com

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın