Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Elçibəy də Ərdoğan kimi xalqı meydana çağırsaydı…

Elçibəy də Ərdoğan kimi xalqı meydana çağırsaydı…

Türkiyədə 15 iyuldakı qiyama cəhd Azərbaycanda və dünyada bir çox məsələləri gündəmə gətirib. Qiyamdan sonra keçmişdə yaşanan bu tipli hadisələrə yeni baxış yaranıb. Belə ki, Azərbaycan tarixində də buna bənzər hadisələr olub.

Təkcə 1993-cü ilin 4 iyun qiyamını xatırlamaq kifayət edər. Məhz o zamankı AXC hakimiyyətinin qətiyyətsizliyi ucbatından Sürət Hüseynovun Gəncədən başlatdığı qiyam Bakıda qələbə ilə başa çatmışdı. Türkiyədəki 15 iyul və dünyada bu tipli hərbi çevriliş cəhdləri olub ki, həmin ölkələrin rəhbərləri ilk olaraq, xalqın gücünə arxalanıblar və xalqı meydanlara çağırmaqla qiyamı yatırıblar. Necə ki, 15 iyulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə etdi. 1994-cü ilin oktyabrı və 1995-ci ilin martında da belə hadisələr ölkəmizdə yaşanıb və o zaman Azərbaycan prezidenti olan Heydər Əliyev xalqı meydanlara çağıraraq, siyasi hakimiyyət üçün yaranan təhlükənin qarşısını almışdı.

Bütün bunların fonunda 1992-93-cü illərdə Azərbaycanda hakimiyyətdə olan Əbülfəz Elçibəy hökumətinin 4 iyun qiyamında bu şansdan istifadə etməməsi daim suallar doğurur. İndinin özündə də Türkiyədəki qiyamın ardından ölkəmizdə ən çox müzakirə olunan məsələ budur.

Elçibəy hökumətində milli təhlükəsizlik nazirinin müavini işləmiş, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər AXC hakimiyyətinin bu tarixi fürsətdən nə üçün yararlanmamasına bu cür aydınlıq gətirdi: “Türkiyədəki hadisə çox ibrətamizdir. Türk xalqı keyfiyyətcə yeni bir mərhələyə qalxdığını bütün dünyaya göstərdi. Xalq demokratiyanın gücünə inandı və ona sahibləndi. Türkiyə artıq inkişafda olan demokratiyanın başlanğıcındadır. İstər xarici, istərsə də, daxili güclərdən heç kəs xalqın iradəsi ilə formalaşmış hakimiyyəti devirməyə cəhd etməyəcək. Əks halda qarşısında xalqı görəcək. Azərbaycan hakimiyyəti bundan ciddi nəticə çıxarmalıdır. İlk növbədə, iqtidar illərdir, dediyim “Beşinci kalon”u zərərsizləşdirməlidir. Bunu etməyəcəyi halda günün birində bu qüvvələr baş qaldıracaq və hakimiyyət, xalq, dövlət üçün təhlükəli vəziyyət yaranacaq. Elçibəyin bu şansdan istifadə etməməsi ilə bağlı bir söz deyə bilmərəm. Çünki həmin dövrdə siyasi hakimiyyətdə olmamışam və siyasi qərarların qəbulunda iştirak etməmişəm. Hansı müzakirələrin olduğu barədə məlumatım yoxdur. Amma xalq, müxalifət və media üçün bir mesajdır ki, öz qanuni hakimiyyəti qoruya bilmədiklərinə görə 23 ildir, bu qiyamın acı meyvələrini yeməklə məşğuldurlar. Əgər zamanında xalq ayağa qalxıb hakimiyyətinə sahib çıxsaydı, belə vəziyyət yaranmazdı. 1993-cü ildə də çox təəssüf ki, eyni səhvlər edildi. Həmin dövrdə “Beşinci kalon” barədə Elçibəy hökuməti əvvəlcədən xəbərdar edilmişdi. Təəssüflər olsun ki, siyasi rəhbərlik zamanında tədbirlər görmədi və özünün devrilməsi ilə nəticələndi. Buradan iki nəticə çıxır. Birincisi, hakimiyyət gözlənilən təhlükəni təmizləməli, əks halda “Beşinci kalon”un hədəfi olacaqdır. İkincisi, zamanında bu tədbirlər görülməsə, 4 iyun qiyamında olduğu kimi gec olacaqdır. Nəzərə alaq ki, zamanında xalqımız və müxalifət səhvlər etməsəydi, bu gün tamam başqa Azərbaycana şahidlik edəcəkdik. 23 ilimiz də hədər getməzdi”.

Sabiq MTN-çi zamanında hərbi qiyam barədə Elçibəy hökumətinə xəbər verildiyini bildirdi: “Həmin dövrdə hakimiyyətə gələr-gəlməz hökumət daxilində “Beşinci kalon”un olması, rəhbərlikdə vəzifə tutmuş yüksək rütbəli şəxslər barədə siyasi hakimiyyətə öz vəzifəm gərəyində müraciət etmişəm. Hətta aylarda tədbirlər görülməsi barədə xəbərdarlıqlar etmişəm. Çox təəssüf ki, siyasi qərarlar verilmədi, həmin şəxslər rəhbərlikdə vəzifələr tutmaqda davam etdilər. Sonunda da qiyamda iştirak etdilər. Nəzərə almaq lazımdır ki, belə situasiyalar yarananda demokratik yolla hakimiyyətə gələnlər xalqa müraciət edirlər. Çünki demokratik hakimiyyətin əsas dayağı xalqdır. Xalqın meydanlara çıxdığı, öz hakimiyyətinə sahib durduğu vaxta təhlükələrin qarşısı alınır. Bunu Türkiyədə gördük. Hətta qiyam tərəfi belə, tərəddüd edir. Türkiyədə hamımız bunu gördük ki, xalqın tankları, zirehli texnikaları necə tərksilah etdiyinin şahidi olduq. Əsgərin öz xalqına atəş açması asan məsələ deyil. Dərin psixoloji tərəfləri var. Bu baxımdan xalqın gücündən belə hallarda istifadə olunur”.

Partiya sədri 1993-cü ildəki Azərbaycan müxalifətinin fəaliyyətini Türkiyədəki son qiyamda müxalifətin fəaliyyəti ilə müqayisə edilməsinin vacibliyini də vurğuladı: “15 iyul qiyamında müxalifət hakimiyyətin yanında oldu. Bunun da nəticəsini gördük. Halbuki 4 iyun qiyamında bunun əksi idi. Azərbaycan müxalifəti hərbi qiyamçılarla birləşmişdi. O zaman müxalif media hərbi qiyamı böyük sevinclə qarşılayırdı. Xalqımızın bir hissəsinin qiyamı dəstəkləməsinin, əksəriyyətinin isə susqun qalmasının böyük təsiri oldu. Edilən bu səhvlərin bu gün nəticələrini yaşayırıq. Bunu hər kəs anlamalıdır ki, hərbi qiyam qalib gəlirsə, bu, bütün millətə və dövlətə ziyandır. Heç kəs buna sevinməməlidir. İstəyirəm ki, xalqımız qardaş ölkədə son baş verən hadisələrdən ciddi ibarət dərsi çıxarsın. Önümüzdə də ölkəmizi çətin sınaqlar gözləyir. Heç olmasa, bu dəfə səhvlərə yol verilməsin”.

Musavat.com

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın