Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Ekoloqdan Baş nazirin yeni qərarına sərt etiraz: “Gündə bir qərar verirlər”

Ekoloqdan Baş nazirin yeni qərarına sərt etiraz: “Gündə bir qərar verirlər”

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov baş nazirin bu qərarına kəskin etiraz edib.

O, qeyd edib ki, ağacı qıran adam cərimələnməlidir, məcbur edilməlidir ki, yenidən yaşıllıq zonası yaratsın.

“Nazirlər Kabinetinin 5 hektardan çox olan meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrin həyata keçirilməsi ilə bağlı qərarını düzgün hesab etmirəm. Gündə bir qərar verirlər, bu nə deməkdir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura ilə görüşdə mən bu məsələni qaldırıb sərt çıxış edəcəm.

Mərhum Heydər Əliyev “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” demişdi. Bəs, indi bu verilən qərar nədir?

Daha çox yaşıllıq salmaq əvəzinə belə qərarların verilməsi düzgün hal deyil. Təbiəti, yaşıllığı məhv etmək olmaz. Qərar tətbiq edilsə, sonunadək mən bunu tənqid edib, iradımı bildirəcəm”.

Qeyd edək ki, Azərbaycanda 5 hektardan çox olan meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrin həyata keçirilməsi zamanı dövlət ekoloji ekspertizasının aparılması tələbi qoyulub. Artıq bununla bağlı Nazirlər Kabineti qanunvericilik aktlarına bir sıra dəyişikliklər edib.

“Meşəqırma qaydaları”na edilən yeni əlavəyə əsasən, böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

“Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nda edilən dəyişikliklərə görə, Meşələrin bərpası meşə fondunda baş vermiş dəyişiklikləri nəzərə almaqla meşə quruluşu layihələri əsasında hazırlanmış dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması Meşə Məcəlləsinin 36-cı maddəsinə əsasən aparılır.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …