Ana səhifə / Sosial / Əhmədin “davamçıları”: Övladlar niyə valideynlərinə qənim kəsilir?

Əhmədin “davamçıları”: Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə “Əhməd sendromu” hökm sürür. 

Bu dəfə  2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib. 

Bəs görəsən, gənclərin bu cür aqressiv olmasına səbəb nədir? Bu mövzuda günahkar valideyn özüdür, yoxsa cəmiyyət və ya sosial şəbəkələr?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan həkim-psixoterapevt Azad İsazadə bildirib ki, hazırda hər kəs aqressiv və dözümsüzdür, bu kimi halların artmasının səbəbi də məhz budur: 

“Ümumiyyətlə, bütün dünya hazırda aqressiv bir dövrə keçid edib. Demək olar ki, hər gün aqressiya, ölümlə bağlı haradansa məlumatlar oxuyuruq. Bu isə istər-istəməz insanlara şüuraltı təsir edir. 

O ki qaldı, yeniyetmələrə, gərək valideynlər bu məsələdə diqqətli olsunlar. Yeniyetməlik yaşında insan maksimalist olur, onlar üçün bütün rənglər ya ağ, ya da qara olur. Yeniyetmə həmin dövrdə kimisə “qaralayıbsa”, artıq həmin şəxs onun üçün düşməndir. 

Yeniyetməlikdə empatiya hissi zəif olur. Həmin dövrdə yaxınlarına acı çəkdirmək uşaq üçün o qədər də böyük problem sayılmır. Bəzən onlar heç hərəkətlərini dərk etmirlər, nəticələrini düşünmürlər. 

Təkcə yeniyetmələr deyil, bu gün hamımız aqressiv olmuşuq, ətrafımızdakılara qarşı dözümsüzük. Havadakı aqressiya hamımıza təsir edir, o cümlədən də “Əhmədlərə”. 

Psixoloq Samirə Bağırova isə bu tip qətllərin sayının artmasının şüuraltı ilə əlaqəli olduğunu bildirib: 

“Bu və bir çox hadisələrə səbəbkar birbaşa sosial xəbər saytlarıdır ki, bu kimi xəbərləri reytinq naminə durmadan  paylaşırlar və təbii ki, neqativ və həyəcan yaradan xəbər başlıqları daha çox baxış sayı yığır. 

Ümumiyyətlə, düşünürəm ki, xəbər saytlarına xəbərdarlıq olunmalı və cərimə yaxud cəza tədbiri görülməlidir, çünki bu tip xəbərlər kütləyə mənfi təsir göstərə bilir. 

“Pis oğlanlar” həmişə diqqət mərkəzində olub və natamam, yaxud sağlam ailədə yetişməyən yeniyetmə və gənclərin marağına səbəb olduğundan, bu kimi xəbərlər də onların şüuraltısından yan keçmir. Bununla bağlı düşünürəm ki, xəbər saytlarına ciddi xəbərdarlıqlar olunmalıdır. Bu gün bir fərdin formalaşmasında sosial şəbəkə ön sırada yer tutur. Və özümüz özümüzə düşmən kəsilib sonra özümüz özümüzdən şikayət edirik”. 

Həmçinin oxuyun

Pensiya və müavinətlər nə qədər artacaq?

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr …