Cümə , Noyabr 27 2020
Ana səhifə / Sosial / DYP 6 ildir qanunlara məhəl qoymur

DYP 6 ildir qanunlara məhəl qoymur

2012-ci ilin noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman verib.  Belə ki, edilən dəyişikliklərə görə elektron xidmətlər vasitəsilə hər kəs dövlət nömrə nişanı sifariş verə bilər. Artıq bu fərmanın verilməsindən, qanunvericiliyə dəyişiklik edilməsindən 6 il keçir. Lakin bu 6 ildə bir sürücünün bu yolla nömrə sifariş etdiyini görə bilməmişik. Qanunvericilik işlək vəziyyətdə deyil.
Halbuki, hələ 2012-ci ildə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirib ki, bu istiqamətdə müəyyən işlərin görülməsinə başlanılıb:
“Yaradılacaq elektron-xidmət növü yeni avtomobil almış fiziki şəxslərə və ya hüquqi şəxslərə siyahını təqdim edəcək. Siyahıda avtomobil nömrələrinin qiymətləri də yer alacaq. Siyahı vaxtaşırı yenilənəcək”.
“Yol hərəkəti haqqında” qanunda göstərilir ki, satışda olan nömrələr BDYPİ-nin internet səhifəsində və DYP-nin imtahan-qeydiyyat şöbələrində vətəndaşların rahat görə biləcəyi yerdə tablolarda yazılmalıdır. Həm internet səhifəsində, həm də DYP-nin imtahan-qeydiyyat şöbələrində avtomobillərə veriləcək dövlət qeydiyyat nişanları, onların satış qiymətləri qeyd olunmalıdır. Vətəndaş da öz cibinə uyğun nömrəni seçməli, banka ödəniş etməli və qəbzlə birlikdə DYP-yə yaxınlaşıb həmin nömrəni almalıdır. Lakin qanunun bu müəddəası icra edilmir. Yüzlərlə vətəndaş isə hələ də DYP-nin bağlı qapıları arxasında növbə gözləyərək həm pul, həm də saatlarla vaxt itirirlər.
Bəs BŞDYPİ bu qanunun icrasını niyə ləngidir?
“Yol-hərəkəti” məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında qanunun ləngiməsinin səbəblərindən danışıb:
“Təəssüflər olsun ki, qanun parlament tərəfindən qəbul olunsa da, prezident tərəfindən təsdiqini tapsa da, onun icrası ilə bağlı olaraq işlər gecikir. Ötən il parkomatlarla bağlı qanuna dəyişiklik edildi. Onların elektron sistemlə işləyəcəkləri, parkinqdə vaxtından artıq dayanan sürücülərlə bağlı cərimə nəzərdə tutulsa da, qanunun icrası istiqamətində heç bir iş görülməyib. “Yol hərəkəti haqqında” qanunda göstərilir ki, satışda olan nömrələr BDYPİ-nin internet səhifəsində və DYP-nin imtahan-qeydiyyat şöbələrində vətəndaşların rahat görə biləcəyi yerdə tablolarda yazılmalıdır. Lakin təəssüflər olsun ki, biz hələlik heç bir dəyişiklik görə bilmirik. Deyilənə görə, bu istiqamətdə müəyyən işlər görülür. “DYP.GOV.AZ” saytı yenilənməlidir. Maraqlanmışdım, bildirilmişdi ki, yaxın vaxtlarda sayt yenilənmiş formada təqdim ediləcək. Yəqin ki, sayt yeniləndikdən sonra nömrələrin onlayn alışı-satışı da reallaşdırılacaq”.
Ekspert bu məsələ ilə bağlı proseslərin ləngiməsini səbəbini belə izah edib:
“Görünür ki, sistemi qurmaq çətindir. Artıq 6 ildən çox vaxt keçib. Burada texnologiyanı bilən şəxslərin işindən yararlanmaq lazımdır. Ölkəmizdə kifayət qədər proqramist var. Onların əməyindən isitfadə edərək işləri bir az da sürətləndirə bilərik. Proses daha da ləngiyərsə, bununla bağlı olaraq parlament səviyyəsində addım atıla bilər”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvi, millət vəkili Tahir Kərimli isə Sfera.az-a açıqlamasında BŞDYPİ-nin bu mövzuya laqeyd münasibət bəslədiyini deyib
“Təəssüf edirəm ki, BŞDYPİ bu mövzuya laqeyd münasibət bəsləyir. Əslində bu fərman həm də Azərbaycanda innovasiyanın inkişafı, əhalinin rahatlığının təminatına hesablanmş bir addımdır. Qanunun icra olunması üçün aidiyyəti orqanlar müvafiq addım atmalıdır. Təklif edirəm ki, kimlər ki, qanunun tələblərinə əməl etmir, Milli Məclisdə onlara qarşı bir mexanizm hazırlansın. Bu qanunun icra edilməməsi əhalinin rahatlığını pozur. Ümid edirəm ki, Ümid edirəm ki, BŞDYPİ bu məqalə dərc olunduqdan, onlara çatdıqdan sonra qanunun icrası istiqamətində bir addım atacaq”.

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …