“Report” xəbər verir ki, bu barədə jurnalistlərlə görüşdə israilli ekspert, Təl-Əviv Universitetinin prorektoru Eyal Tsisser bildirib.

O, Suriyadakı münaqişənin daha əvvəl görülməyən cəmiyyət arasında radikalizm ilə xarakterizə olunduğunu qeyd edib: “Münaqişə təbii fəlakətdən yaranıb. Orada bir neçə il quraqlıq hökm sürüb. Nəticədə fermerlər mitinqlər keçirməyə başladı. Mitinqlər hökumət əleyhinə etiraz dalğasına çevrildi. Dövlət institutlarının dağılması insanların radikallaşmasına gətirib çıxardı”.

Suriya münaqişəsinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəsindən danışan E.Tsisser hər iki halda dünya ictimaiyyətinin çağırışlara lazımi cavabı verə bilmədiyinin müşahidə edildiyini vurğulayıb. “Suriyada münaqişəni həll etmək üçün dünya aktyorlarının nə istədiyini anlamaq lazımdır. Eyni sözləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da söyləmək olar”.

İsrailli ekspert Suriyadakı vəziyyətin Cənubi Qafqaz regionuna necə təsir edə biləcəyi məsələsinə də toxunub: “Birincisi, Suriyadan qayıdan döyüşçülər özləri ilə radikal fikirlər gətirə bilər. İkincisi, Rusiya və İran bu münaqişədən qalib çıxsalar, gələcəkdə özlərinə yeni hədəflər müəyyənləşdirə bilərlər”.

Suriya münaqişəsində dünya nəhənglərinin roluna toxunan E.Tsisser Rusiyanın rolunu xüsusi qeyd edib: “Obama qoşunlarını Suriyaya göndərmədi. Rusiya da bundan istifadə etdi. Orduda say elə çox olmasa da, bu, Bəşşar Əsədin hakimiyyətdə qalmasını təmin etməyə yetdi. Rusiya öz maraqlarını güdür və ona Dəməşqdə nələrin baş verməsi maraqlıdır”.